Cəmilə Ramazanova "yumurtadan da yun qırxır”
Artıq məktəblərdə dərslər başlayıb və respublikamızın hər yerində, xüsusilə paytaxtımız Bakı şəhərində sanki xüsusi canlanma baş verib. Bu aktivlik həm şəhərin küçələrindəki tıxaclarda, həm də sakinlərin əhval-ruhiyyələrində özünü biruzə verir. Təəssüflər olsun ki, şagirdlərin şən quşlar kimi cəh-cəh vurduqları hazırki mərhələdə orta məktəb müəllimlərinin "mısmırıqları yerlə gedir”.(Iravan-press.com- Red)
Sayt iddia edir ki, redaksiyaya bir çox məktəblərin müəllimləri tərəfindən tez-tez şikayətlər daxil olur və araşdırmalarımızın nəticəsində məlum olur ki, direktorlar dərs ili qabağı müəllimləri əməlli-başlı silkələyir. Elə bu yaxında daxil olan Xətai rayonunun ərazisində yerləşən 27 saylı orta məktəblə bağlı şikayət xarakterli müraciətdə də direktorun özbaşınalığında bəhs olunur. Mənbə bildirir ki, sözü gedən məktəbə rəhbərlik edən Cəmilə Ramazanova müəllimlərin dərs bölgüsünü əsl pul tələsinə çevirib. Belə ki, çoxlu dərs saatı almaq istəyən hər bir müəllim Cəmilə xanımın "qəribsəmiş ciblərini təsəlli etməlidir”. Əks halda normal cədvəl və bir akladdan çox dərs saatları istəyən müəllim bunların yerinə "qulaqlarının dalını görər”. Hər halda mənbələrin bildirdiyinə görə, bu ifadə də Cəmilə xanımın sevimli deyimlərindən birinə çevrilib və ağzından düşmür. Digər mənbənin verdiyi məlumata görə, direktor bu yaxınlarda hay-küy salan müəllimlərdən birinə açıq şəkildə bildirib ki, təhsil idarəsindən onun qarşısına öhdəlik qoyulub və tələb olunan məbləği qısa müddətdə yığaraq ora çatdırmalıdır. Mənbənin bildirdiyinə görə, Cəmilə Ramazanova yuxarı siniflərin rəhbərləri vəzifələrini də satışa çıxarıb. Direktor tərəfindən bu cür "qırxılan” müəllimlərin bütün il boyu şagirdləri necə "yolacaqlarını” təsəvvür etmək bir o qədər çətin deyildir. Bu "qırxım-yolum”-un nəticəsində zərbə yenə də Azərbaycan təhsilinə və maddi vəziyyətləri onsuzda çətin olan valideynlərin büdcələrinə dəyir. Mövzunu davam etdirmək üçün sözü gedən məktəbin direktoru hörmətli Cəmilə Ramazanova ilə telefon əlaqəsi saxladıq və o, bildirdi ki, halhazırda məşğuldur tezliklə bizimlə əlaqə saxlayıb suallarımız cabalandıracaq. Bir qədər sonra redaksiyamızın telefonuna özünü AZ.tv-nin əməkdaşı kimi təqdim edən "ağzı hörrəli” birisi zəng etdi və hətərən-pətərən danışaraq bildirdi ki, " gedin nə yazırsınız yazın... sonra sizə pis olacaq...”. Biz yenidən direktora zəng etsək də, yəqin ki, "qoçusunun” məsləhətinə əməl edən məktəb rəhbəri zəngimizə cavab vermədi. Redaksiyamız adından Təhsil Nazirliyinə və Bakı şəhər Baş Təhsil İdarəsinə müraciət edirik və 27 saylı orta məktəbdə yer alan və geniş yayılmış qanun pozuntularını ifşa etmək və aradan qaldırmaq üçün araşdırma aparılmasını xahiş edirik. Ümidvarıq ki, mövzuya növbəti dəfə qayıdanda rəsmi araşdırmanın da nəticələrini açıqlayacağıq.
Yazı ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.