Yazıma bu qədər banal başlıq qoymaq istəməzdim. Amma bu dəfə başlıq yazıdan əvvəl yarandı. Siyasi jurnalistikanın ən tanınmış simalarından olan Rauf Mirqədirovun həbsi təəccüblü olmadı. Raufu 30 ilə yaxındır tanıyıram. Milli-azadlıq hərəkatı dövründə hansı fədakarlıqları etdiyini də bilirəm. Sonralar “Monitor” jurnalında, “Bu gün”, “Demokratik Azərbaycan”, “Millət” və uzun illərdir çalışdığı “Zerkalo” qəzetlərində işləyərkən onun bütün yazılarını həvəslə oxumuşam.
Rusiya və Qərb mətbuatındakı məqalələrini də izləmək imkanım olub. Onun fikirləri ilə razılaşmadığım, onunla saatlarla müzakirə etdiyim, debatlarda opponentlik etdiyim vaxtlar da çox olub. Lakin həmişə bir həqiqəti anlamışam - Raufun fikrini qəbul etməmək olar, lakin onu qərəzdə ittiham etmək imkansızdır. Azərbaycan jurnalistikasının gənc nəsli üçün Rauf Mirqədirov bir örnək ola bilər - “dəqiq, qərəzsiz, ədalətli” deyiminə əməlində sadiq olan bir veteran yazar kimi.
Həbs olunan siyasi və vicdan məhbuslarını ardıcıl müdafiə etməsi onu bu sahənin bilicisinə çevirmişdi. Dünyəvi həyat tərzi keçirən R. Mirqədirov “hicab məhbusları”nı hamıdan çox müdafiə edirdi. Onun üçün bir yazar olaraq ədalət prinsipi əsas idi, bir peşəkar kimi şəxsi rəğbətinin yaradıcılığına dəxli yox idi. Elə buna görə də Ruslan Bəşirlidən tutmuş, Fərhad Əliyevə qədər, kimin həbsində qanunsuzluqlar müşahidə edilirdisə, R. Mirqədirov onun pozulmuş hüquqlarının müdafiəçisinə çevrilirdi. Azərbaycanda bircə nəfər də siyasi məhbus yoxdur ki, R. Mirqədirov onu ardıcıl şəkildə müdafiə etməsin. Bir dəfə zarafatla ona söylədim ki, “mən tutulsam, bilirəm ki, sən peşəkarcasına müdafiəmə qalxacaqsan, sən tutulsan kim ustalıqla bunu yazacaq?”
Əslində hamı bilirdi ki, son dərəcə məntiqi və sərt yazıları ilə R. Mirqədirov öz həbsini yaxınlaşdırır.
Rus dilində yazmaq hakim elitaya xüsusi diskomfort yaradırdı və Rauf kimi ipə-sapa yatmaz bir şəxsi susdurmağın başqa yolu da qalmırdı. Odur ki, hamı onun həbsini gözləyirdi. Bu həbs narkotik bəhanəsi ilə gerçəkləşdirilə bilməzdi. Ranq böyük idi. Odur ki, ona son dərəcə ağır maddənin yapışdırılacağı gözlənilən idi. Bura Azərbaycandır. Başqa cür ola da bilməzdi.
Lakin R. Mirqədirov yalnız hakimiyyəti tənqid edən yazar kimi tanınmırdı. O, Rusiyanın imperiya ambisiyalarına qarşı sistemli mübarizə aparan bir jurnalist idi. Azərbaycanda isə bunun nə demək olduğunu geniş şərh etməyə ehtiyac yoxdur.
Bir qədər əvvəl seçki eksperti Anar Məmmədlinin öncə bəzi dairələrin “iqtidara satılıb” kimi “qara piarı” ilə gözdən salınması və daha sonra ağlasığmaz həbsi bir ehtimalı irəli sürməyə əsas verirdi - Qərbə rəğbəti olan ictimai fəallar cəzalandırılır. İlqar Məmmədovun həbsi də bu silsilədən idi. Odur ki, Rauf Mirqədirovun Türkiyədən deportasiya olunacağı və Vətənə döndüyü zaman anındaca həbs olunacağı barədə dostları açıq şəkildə danışırdılar.
Ukraynadakı son proseslər fonunda R. Mirqədirov Azərbaycan hakimiyyətində Rusiyaya doğru reverans etmək istəyənləri “vətən xaini” adlandırdı.
Bu yazısından sonra ehtimal etmək olardı ki, Raufun özünə “vətən xaini” damğası vuracaqlar...
R.Mirqədirovun həbsində bir məqam diqqəti çəkir.
Bu gurultulu, heç şübhəsiz Azərbaycan hakimiyyətinə “baş ağrısı” yaradacaq həbs,
Rusiyanın Azərbaycandakı “beşinci kolonu”nun fəal mübarizəyə başladığı zamanda gerçəkləşdi. Bu isə təsadüfi hesab oluna bilməz. Azərbaycanı ələ keçirtmək istəyən Kreml bu ölkədəki vassallarının vasitəsilə anti-Rusiya mövqeyində dayananları məhv etməkdə qərarlı görünür. İlk atəşə R. Mirqədirov tuş gəldi. Lakin bu hələ son dayanacaq deyil. Ehtimal edə bilərik ki, həbslər davam edəcək. Milli, vətənpərvər insanlar cəzalandırılacaq.
R.Mirqədirovun həbsində “erməni izi” axtarmaq nə qədər gülüncdürsə, prosesin daha dərinə gedəcəyi də şəksizdir. Prinsip etibarilə, R. Mirqədirovun son yazılarında da Rusiyanın “erməni ssenarisi”ni vurulurdu. Jurnalist açıq şəkildə yazırdı ki, rəsmi Bakının Qarabağ savaşına təhrik edilməsinin arxasında elə Kreml özü durur. Yəni yazar mümkün ssenarini təsvir edirdi - rəsmi Bakı Qarabağın ətrafında hərbi əməliyyatlara başlamağa sövq edilir, savaş başlayır, Rusiya Ermənistana dəstək verir və Azərbaycanın yeni əraziləri işğal olunur, nəticədə, Bakının Gömrük İttifaqına daxil olmaqdan başqa yolu qalmır. Heç təsadüfi deyil ki, son günlər “Qarabağın azadlığı Gömrük İttifaqına üzvlükdən keçir” şüarı ictimai rəyə təlqin edilir.
Bunu edənlər özlərini Qərbyönümlü kimi təbliğ edən siyasətçilərdir. Beləliklə, Rusiyanın və onun vassallarının ssenarisini ardıcıl şəkildə vuran bir jurnalistin həbs edilməsi anlaşılır.
Göründüyü kimi, Rusiyanın ölkəmizdəki “beşinci kolonu” açıq hücuma keçib. Hətta “savaş ssenarisi”də istisna edilmir və R. Mirqədirova sırınan “erməni izi” fonunda qaldırılacağı gözlənilən yalançı “vətənşivənlik” fonunda bunu eləmək elə də çətin görünmür.
Lakin İrəvanda seminarlara qatılan R. Mirqədirovun çıxışlarını izləmək kifayət edir ki, “erməni izi” darmadağın olsun. Erməni ekspertlərini R. Mirqədirov qədər narahat edən digər bir jurnalistimiz demək olar ki, mövcud deyildi. Onun Qarabağ problemi ilə bağlı dedikləri qarşısında məğlub olan ermənilər çalışırdılar ki, beynəlxalq konfranslarda R. Mirqədirov kimi yüksək savadlı bir Azərbaycan eksperti ilə üzbəüz qalmasınlar. Normal ölkələrdə R. Mirqədirova Xarici İşlər Nazirliyində yüksək post verərdilər, onu həbs etməzdilər.
Bura isə Azərbaycandır.
Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Azərbaycan siyasi müstəvisini qərbyönümlülərdən təmizləmək istiqamətində real addımlar atan Kreml Bakının Qərblə münasibətlərini pozmaq mərhələsini artıq arxada qoyub. İndi Rusiyaya qarşı olanları tam susdurmaq planı işə düşüb. Bir sözlə, Azərbaycan Rusiyanın real işğalı ərəfəsində olan kimi görünür.
R.Mirqədirovun həbsi daha gurultulu proseslərin başlanğıcının xəbərçisi də hesab oluna bilər. Qarşıda bizi daha qaynar proseslər gözləyir...