Türkiyə hökuməti həmkarlar ittifaqlarına İstanbulun Taksim meydanında “1 may – Əmək günü” bayramının qeyd edilməsi ilə bağlı aksiya keçirilməsinə icazə verməyəcək. anaxeber.info-ın məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Bülən Arınç açıqlama verib.
“Taksim mitinq və nümayişlərin keçirilməsi üçün meydan deyil. Meydanda həmkarlar ittifaqlarına mətbuat üçün bəyanat səsləndirməyə icazə veriləcək, lakin aksiyaların keçirilməsinin qarşısı alınacaq. Aksiyaların keçirilməsinə cəhdlər olsa, polis güc tətbiq edəcək”.
Onun sözlərinə görə, Taksimdə aksiyaçılar polislərin tələblərinə əməl etməsələr bu İstanbulda toqquşmalara səbəb ola bilər. "Biz isə bunu istəmirik".
Qeyd edək ki, Türkiyədə həmkarlar ittifaqları hüquq və azadlıqlarını həmişə Taksim meydanında tələb ediblər. 1978-ci ildən 2010-cu ilə qədər meydanda 1977-ci ildə baş verən “qanlı 1 may” hadisələri ilə bağlı mitinqlərin keçirilməsi qadağan edilmişdi. Həmin gün Taksimdə 500 minə yaxın işçi toplaşmışdı. Naməlum silahlıların atəş açması nəticəsində 36 nəfər həlak olmuşdu.