Polis rəisi qalmaqallı gecə klubuna görə nazirliyə çağırıldı

22-04-2014, 13:51   
Polis rəisi qalmaqallı gecə klubuna görə nazirliyə çağırıldı
Nəsimi Rayon Polis İdarəsinin rəisi. “Buqatti” gecə klubunun sahibi olduğu deyilən Musa Musayev təcili Daxili İşlər Nazirliyinə çağırılıb.
anaxeber.info-a Nəsimi polisindəki mənbədən daxil olan məlumata görə, gecə klubu ətrafında yaranan söz-söhbətdən sonra bir müddət işə çıxmadığı bildirilən M.Musayev artıq iş başındadır. Onun nazirliyə hansı məqsədlə dəvət edildiyi haqda məlumat verilmir.

Nəsimi rayon Polis İdarəsinin növbətçisi “Axar.az”a bildirdi ki, polis rəisi Musa Musayev Kollegiya iclasında iştirak etmək üçün nazirliyə dəvət olunub. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə nazirlikdə kollegiya iclasının keçirilmədiyini bildirdi və iclas keçirilməsi ilə bağlı verilən xəbəri təkziblədi.

Xatırladaq ki, bir müddət öncə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevə aid olduğu iddiaları səslənən qalmaqallı “Buqatti” gecə klubu mətbuatda gedən yazılardan sonra iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər.

Ancaq "Buqatti”nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirildi və “Mamunia” adı ilə fəaliyyətini hazırda davam etdirir.

Qeyd edək ki, Musa Musayev adının “Buqatti” (“Mamunia”) gecə klubunun sahibi kimi hallandırılmasına bu vaxta qədər heç bir reaksiya verməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.