“Milli Məclisdə bir deputatın səsə qoyulan məsələ ilə bağlı digər həmkarının yerinə səs verməsi normaldır”. Bunu Modern.az saytına Milli Məclisin İntizam Komissiyasının sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.
“Ola bilər ki, deputat müsahibə vermək üçün, yaxud hansısa məktubun göndərilməsi ilə əlaqədar iclas zalını tərk edir. Həmin qanuna razılığın bildirirsə və deputat həmkarlarına onun yerinə səs verməsini xahiş edirsə, burda qəbahət yoxdur. Qanun layihələrindən narazıdırsa, onun əleyhinə də səs verməyi xahiş edir”.
YAP-çı deputat onu da qeyd edib ki, bu cür hallar normaldır və dünyanın hər yerində müşahidə olunur:
“ABŞ Konqresində məruzəçi olanda orda cəmi dörd-beş nəfər iştirak edir. Digərləri isə hərəsi öz otağında ayrı-ayrı nümayəndə heyətlərini qəbul edir. Onlar otaqlarındakı televiziya vasitəsi ilə prosesi müşahidə edirlər. Kim çıxış etmək istəyirsə, dərhal zala gəlib söz götürüb fikir bildirir. Çıxış etmirsə, yekunda gəlib öz səsini verir”.
Qeyd edək ki, Azərbaycan Milli Məclisin iclaslarında bir deputatın digər həmkarlarının yerinə səs verməsi halları tez-tez müşahidə olunur. Bu azmış kimi hətta bəzən parlamentin deputat olmayan bəzi işçiləri də millət vəkilinin yerinə səs verirlər.
Xatırladaq ki, parlamentin aprelin 18-də keçirlmiş son iclası bu baxımdan xüsusilə yadda qalıb. Bəzi qanun layihələrinin səsverməsi zamanı zalda yetərsayı yetərli etmək üçün Milil Məclisin operatoru Akif bəzi deputatların yerinə səs verib. Bu isə mediada geniş müzakirələrə yol açıb.
[media=http://www.youtube.com/watch?v=wX3IPEN68Yk]