NİDA-çıların məhkəməsində gərginlik

23-04-2014, 12:25   
NİDA-çıların məhkəməsində gərginlik
Yollar bağlandı, nəzarət gücləndirildi, iki nəfər saxlandı...
Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin növbəti məhkəmə iclası keçirildi.

Amma budəfəki məhkəmə iclası öncəkilərdən fərqlənirdi. Fərqlərdən biri binanın yerləşdiyi küçənin hər iki tərəfdən polis mühasirəsinə alınması, maşınların ora giriş-çıxışına qadağa qoyulması, polis nəzarətinin gücləndirilməsi idi. Məhkəmə binasının əsas giriş qapısı ilə üzbəüz, içində polis əməkdaşları olan xeyli sayda avtobus da saxlanmışdı. Bu, onu göstərirdi ki, polislər məhkəmə binası qarşısında mitinq olacağından ehtiyatlanırlar.


Ötən həftə prokurorun NİDA üzvlərinə ağır cəzalar istəməsinin ardından gənclərin aclıq aksiyasına başlaması da günün hadisələrindən sayılırdı və gənclərin tərəfdarları, ictimai sektorun fəalları həm də bu səbəbdən məhkəmə binasına axın etmişdi. Daha öncəki proseslərdən fərqli olaraq, bu dəfə məhkəmə zalına keçmək də xeyli çətin oldu. Ancaq jurnalistlər və məhbus NİDA üzvlərinin yaxınları yoxlamalardan sonra zala daxil oldular. Zala keçmək istəyən AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və gənc fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanaraq ərazidən uzaqlaşdırılıb.

İclas saat 10.30-a təyin edilsə də, vəkillərdən bəzilərinin gecikməsi ucbatından proses 11.30-da başlandı. NİDA üzvləri məhkəməyə gətiriləndə vəziyyətlərinin pis olması, zəiflədikləri açıq-aşkar görünürdü. Aclığın 6-cı günündə olan gənclər proses başlamadan öncə jurnalistlərin suallarını qısa şəkildə cavablandırdılar. Zaur Qurbanlı analarının aclıq aksiyası keçirməsinə münasibət bildirərək dedi ki, anası Səkinə Qurbanlının aksiya keçirməsini istəmir: “Anamın aclığı dayandırmasını istəyirəm”.

Rəşad Həsənov isə üzünü jurnalistlərə və təşkilat fəallarına tutaraq dedi ki, kimdənsə onun aksiyanı dayandırdığını eşitsələr inanmasınlar: “Eşitsəz də inanmayın. Öldü var, döndü yoxdu”.

Bəxtiyar Quliyev onları müayinə edən həkimlərin “lazımsız işlərlə məşğul olmayın” tipli açıqlamalar verdiyini yada saldı. Ötən şənbə günü vəziyyətinin ağırlaşdığını yada salan B.Quliyev əsməcə tutduğunu, əl-qolunun titrədiyini dedi: “Kamera yoldaşlarım həkim çağırdılar, amma gələn olmadı”.

Rəşadət Axundov bildirdi ki, ötən həftənin cümə günü türmə rəisi onu yanına çağırıb və “maraqlı” söhbət edib: “Rəis soruşdu ki, sən iş almısan? Dedim, hələ yox. Qayıtdı ki, get, yeməyini ye”.

Prosesdə öncə R.Həsənovun vəkili Əsabəli Mustafayev müdafiə nitqi ilə çıxış etdi. Vəkil bildirdi ki, məhkəmə istintaqı Rəşad Həsənovun ona qarşı irəli sürülən ittihamları törətmədiyini sübut edib. Onun sözlərinə görə, istintaq R.Həsənovu mütəşəkkil dəstənin üzvü kimi ittiham etsə də, məhkəmə boyunca bunu sübut edən heç bir dəlil ortaya qoyulmayıb: “İttiham tərəfi belə bir dəstənin mövcud olmasını ümumi sözlərlə ifadə edir, həmin dəstənin doğurdan da mövcud olmasını təsdiq edən heç bir sübut göstərmir. Nəzərə almaq lazımdır ki, İlkin Rüstəmzadə istisna olmaqla, təqsirləndirilən şəxslərin hamısı bir qeyri-hökumət təşkilatının üzvləridir. Düzdür, bu təşkilat dövlət qeydiyyatına alınmayıb. Lakin mövcud qanunvericilik hüquqi şəxs statusu almadan da QHT-yə öz nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərmək imkanını verir. Bu şəxslər də bir təşkilatın rəhbərləri və üzvləri qismində toplaşmaq, müəyyən məsələləri müzakirə etmək, qanunvericiliyə zidd olmayan digər fəaliyyəti həyata keçirmək hüquqlarını reallaşdırıblar. Bu toplantıları və tədbirləri həyata keçirən qrupu mütəşəkkil dəstə kimi qiymətləndirmək üçün bu hərəkətlərdə qanunvericilikdə müəyyən olunmuş əlamətlərin mövcud olması tələb edilir”.

Yalçın İmanov: “Sizdən təvəqqe edirəm, hökmü oxuyanda zaldakıların üzünə baxın”


Ə.Mustafayev həmçinin MTN əməkdaşlarının 7 mart 2013-cü il tarixdə Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov yaşadıqları mənzillərdə baxış əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qəbul etdiyi qərara da toxunub. Onun bildirdiyinə görə, həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etmiş əməliyyatçılar, hal şahidləri, ev sahibləri və təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrdən bəlli olur ki, MTN əməliyyatçıları hər 3 halda səlahiyyət hədlərini aşaraq evlərdə əməliyyat-axtarış tədbiri deyil, axtarış və götürmə istintaq hərəkəti aparmışdılar: “Hətta ehtimal olunsa ki, bu butulkalar doğrudan da Bəxtiyar Quliyev və Şahin Novruzlunun evindən tapılıb, bu fakt onların və digər təqsirləndirilən şəxslərın AR CM-in 228-ci maddəsi ilə ittiham olunmasına əsas vermir.

Yalnız partlayıcı qurğuların hazırlanması, əldə olunması, saxlanılması cinayət əməli hesab olunur və bu maddə ilə tövsif oluna bilər. Alışdırıcı qurğu olan ”Molotov kokteyl"ləri bu maddənin təsiri altına düşmürlər. İşin faktiki halları, cinayət işindəki sənədlər yetərincə təsdiq edir ki, istintaq dövrünün ortalarına qədər bu butulkaların üzərində onların partlayıcı qurğu hesab olunması üçün heç bir əlamət olmamışdır. Yalnız müdafiə tərəfinin bu məsələ ilə bağlı çoxsaylı çıxışlarından sonra istintaq öz səhvini başa düşmüş və saxtakarlıq yolu ilə yandırıcı maddənin partlayıcı qurğuya çevrilməsinə cəhd göstərib. Bundan ötrü 22 butulkadan ikisinin üstünə içərisində barıt olan şpris yapışdırılıb. Sonradan ekspertiza tərəfindən 20 butulka alışdırıcı, 2 butulka isə partlayıcı qurğu qismində tanınıb".

Vəkil bildirdi ki, istintaq R.Həsənova qarşı ittihamı əsaslandırmaq üçün iş üzrə digər təqsirləndirilən şəxslərdən - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizovdan ifadə alıb. Onun bildirdiyinə görə, hər 3 şəxsin tutulması, onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi, onların dindirilməsi, Rəşad Həsənov ilə üzləşdirilməsi zamanı bir sıra prosessual normaların ciddi pozuntularına yol verilib: “Məsələn, onlar tutularkən hüquqları izah edilməmiş, yaxınları ilə əlaqə saxlamağa imkan verilməmiş, tutulduqdan sonra onların harada saxlanılmaqları gizlədilmişdir. Ən əsası isə bu 3 gənc istintaqda dindirilərkən onlara öz istədikləri vəkilin xidmətindən istifadə etmək imkanı verilməmişdir. İstintaq bu ciddi qanun pozuntusunu ört-basdır etmək məqsədilə qərarla onların hər üçünə vəkil təyin etmişdir. Beləliklə, Bəxtiyar Quliyevin, Şahin Novruzlunun və Məmməd Əzizovun ilkin dindirilməsində onların istədikləri vəkillər deyil, istintaqın təyin etdiyi vəkillər iştirak ediblər. İstintaq onların hüquqi cəhətdən köməksiz vəziyyətindən sui-istifadə edərək və onlara fiziki zor tətbiq edərək onları özlərinə, Rəşad Həsənova və digərlərinə qarşı ifşaedici ifadə verməyə məcbur etmiş və buna nail olmuşdur. Bir qədər sonra artıq öz vəkillərinin iştirakı ilə dindirilən Bəxtiyar Quliyev və Məmməd Əzizov istintaqın ilk günlərində, müdafiə və azadlıq hüquqlarının pozuntusu, işgəncə şəraitində verdikləri ifadələrdən imtina ediblər”.

Ə.Mustafayev sonda R.Həsənovun barəsində bəraət hökmünün çıxarılmasını tələb etdi.
Vəkil Yalçın İmanov isə çıxışını unikal bir cümlə ilə başladı: “Bəzən vəkil kimi müdafiə etdiyim şəxsin nədə ittiham olunduğunu bilmirəm”. Vəkil daha sonra qədim Roma hüququndan sitat gətirdi: “Orada belə bir ifadə var: ”Hər şey o qədər aydındır ki, müdafiəyə ehtiyac yoxdur". Gənc NİDA üzvlərinin işi də bunun kimidir. Məhkəmə istintaqı sübut etdi ki, bu gənclərin mütəşəkkil cinayətkar dəstə adlandırılması absurddur. Adi bir misal: Üzeyir Məmmədli deyir ki, Şahini ancaq burda tanıyıb. Bu necə mütəşəkkil cinayətkar dəstədir ki, üzvləri bir-birini tanımır? Həmin məntiqlə Bakı Ağır Cinayətlər Məhkəməsini də, Vəkillər Kollegiyasını da mütəşəkkil cinayətkar dəstə adlandırmaq olar".
Y.İmanov məhkəmədən bir gözləntisi olduğunu bildirdi: “Heç olmasa hökmü oxuyanda zalda oturanların üzünə baxıb oxuyun. Bunu sizdən təvəqqe edirəm. Bu vaxta qədər neçə dəfə hakimlər hökmü oxuyan kimi zaldan çıxıblar, insanların gözünün içinə baxa bilməyiblər”.

Hakim Cavid Hüseynov isə vəkilin sözünü kəsərək “siz müdafiənizi edin və məhkəməni ittiham etməyin” dedi. Hakimə “bilirəm ki, xahişim heç nəyi həll etməyəcək” - deyə cavab verən Y.İmanov istintaqın saxta, qondarma əsaslarla cinayət fitnəkarlığı obrazı yaratdığını vurğuladı: “Hüquqlarını müdafiə etdiyim Üzeyir Məmmədlinin hərəkətlərində cinayət tərkibi yoxdur. Siyavuş Novruzov demişkən, onlarda molotov kotleti olmayıb. Onu sonradan özləri işə əlavə ediblər”.

Y.İmanov sonda gənclərə bəraət istədi: “Bəraət hökmü çıxarmayan məhkəməyə mən məhkəmə demirəm, hakimlərə də hakim. Özləri bilərlər özlərini nə adlandırarlar”.
Nemət Kərimli: “Bu yazışmalar 17 yaşlı yeniyetmənin fantaziyalarıdır”
Şahin Novruzlunun vəkili Nemət Kərimli də istintaq zamanı ciddi pozuntulara yol verildiyini dedi. O, istintaqın daha çox Ş.Novruzlunun facebook yazışmalarını “sübut” kimi götürdüyünü dedi: “18 fevralda artıq Şahinə Məmməd Əzizovun istifadə etdiyi ”çoknutıy professor" profilindən “çalış nəzəriyyə - zad oxu, əlinə nə keçsə, başqa şeyləri də, liberalizm də, sosializmi də, sonra baxarsan” tipli yazılar gəlib, bununla da sosial şəbəkədə “Molotov kokteyli”, qeyri-dinc mübarizə metodları ilə bağlı müzakirələr dayanmışdı. Göründüyü kimi, ilk növbədə həmin yazışmalar 17 yaşlı yeniyetmənin özünün dediyi kimi, fantaziyalarıdır. Fantaziya olmasa belə, danışığından məlum olur ki, “Molotov kokteyli”nin partlayıcı yox, məhz yandırıcı maddənin hazırlanmasının öyrənilməsinə cəhd olub, hazır olarsa istifadə yolları müzakirə edilib və üstünlüyü sadalanır. Lakin 18 fevralda NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü M.Əzizov ona nəzəriyyə oxumağı məsləhət görür, hərəkatın dinc xarakterli olduğu bildirilir və bununla söhbətlərə son qoyulur. Məhkəmədə tədqiq olunmuş yazışmalardan aydın görünür ki, yalnız maddəni hazırlamaq cəhdindən söhbət gedir, cinayət hazırlıq mərhələsi isə cinayəti törətmək üçün vasitə və ya aləti hazırladıqdan sonra bitir. Deməli, cinayət hazırlığın obyektiv cəhətinin əlaməti kimi “hazırlanma” yoxdur, baş verməyib, ona görə də ümumi hissənin bu maddəsi tətbiq edilə bilməz. CM-də cinayətə hazırlığa hazırlıq maddəsi, cinayət hüquq elmində kriminal niyyətin belə bir mərhələsi yoxdur, baxmayaraq, ittiham tərəfi belə bir elmi nəzəriyyə ilə çıxış edir. Digər tərəfdən, ittiham tərəfinin hazırlıq hesab etdiyi bu halın nə üçün kütləvi iğtişaşla bağlı olduğu bilinmir. Eyni dərəcədə bu hal müharibə etmək, silahlı birləşmə yaratma, terror, terrorçuluq, adam öldürməyə və sair cinayətlərlə hazırlıq kimi də qiymətləndirilə bilər, sadəcə, hakimiyyət seçkilər ərəfəsində gənclərin fəallığını sarsıtmaq üçün praktikada dəb olan kütləvi iğtişaş görüntüsü yaratmaq istəmişlər".

N.Kərimli bildirdi ki, Ş.Novruzlunun yaşadığı mənzildə əməliyyat-axtarış tədbirləri zamanı ciddi qanunvericilik pozuntuları baş verib: “Şahin Novruzlunun evində axtarış aparılmasını əks etdirən videoda şüşə butulkaların üzərində və içində şpris olmadığı aydın görünür, məhkəmə iclasında hal şahidi Qasımov Rafael bildirdi ki, butulkanın üzərində heç nə yox idi, lakin məhkəmə ekspertizasının 4503/04 saylı rəyindəki şəkildə onların üzərində şpris olduğu görünür. Bütün prosessual hərəkətlər - axtarışın aparılması, butulkaların və narkotikin tapılması, ekspertiza, ilkin dindirilmələr prosessual pozuntularla həyata keçirildiyindən sübutların mümkünlüyü şərtinə (maddə 125, CPM) cavab vermir və qəbuledilməzdir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Ona görə də qeyd edilən hallar ziddiyyətli, mötəbər olmadığından qəbul edilə bilməz”.
Vəkillərin çıxışından sonra proses yekunlaşdı. Növbəti məhkəmə iclası aprelin 24-nə təyin edildi.



[media=http://www.youtube.com/watch?v=NGysXj1_FCA]
[media=http://www.youtube.com/watch?v=6OfTO0LWFhE]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.