Saatlı sakini: Həkim deyir, mən sənin xəstənə cibimdən dərman alası deyiləm

22-07-2019, 09:57   

 


''Səhərədək dəhlizdə stulların üstündə qovrula-qovrula qaldım''
“10 günə yaxındır ki, gəlinim xəstəxanalardadır. Bətnindəki körpəsini qeysəriyyə yolu ilə götürməlidilər. Pulumuz yoxdur deyə, xəstəxanalar bir-birinə ötürə-ötürə qalıb”.
Saatlının Azadkənd kənd sakini Qismət Səmədov Meydan TV-yə danışır ki, gəlini Esmira Səmədovanın bətnindəki körpə qeysəriyyə yolu ilə götürülməlidir. Ancaq ailə imkansız olduğundan xəstəxanalar əməliyyatı həyata keçirmir. Qismət Səmədovun sözlərinə görə, bir neçə gün əvvəl Esmira Səmədovanın halı pisləşib. Onu Saatlı rayonundakı doğum evinə götürüblər. Ancaq xəstəxanada ailəyə bildirilib ki, hamilə qadının durumu ağırdır, onun müalicəsi bu xəstəxanalıq deyil. Məsləhət görülüb ki, ailə üzvləri Esmira Səmədovanı Sabirabad rayonundakı doğum evinə götürsünlər. Ailə üzvləri belə də ediblər. Esmira Səmədova bu doğum evində təxminən 5 gün qaldıqdan sonra durumu daha da ağırlaşdığından onu təcili yardım maşını ilə Bakıya – Respublika Kliniki Xəstəxanasına göndəriblər.
“Dedim, öldürmək istəyirsizsə, öldürün”
Qismət Səmədov sözünə davam edir:
“İyulun 16-dan ordadır. Doğum şöbəsindən Sevinc həkimlə əlaqə saxlamışam, bildirmişəm ki, çox imkansızıq, gəlinin əri də ağır xəstədir, bu aralar sizə “hörmət” edə bilməyəcəyik, siz xəstəmizi sağ-salamat əməliyyatdan çıxarın, körpəsini sağ-salamat bizə verin, sizə söz verirəm ki, əlimizə imkan düşən kimi gəlib sizi görəcəyik. Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin. Dedim, vallah, billah, imkanımız yoxdur. Həkim üstümə acıqlandı ki, mən bunun iynə-dərmanını öz cibimdən alası deyiləm, nə vaxt alıb verərsiz, müalicəyə başlayarıq. Mən də dedim, a qızım, pulumuz yoxdur deyə, uşaq ananın qarnında qalmalıdı? Öldürmək istəyirsizsə, öldürün, dincəlin”.
“Deyirlər, ailən gəlməyincə, əməliyyat olmayacaq”
Qismət Səmədovun sözlərinə görə, gəlini Esmira Səmədova da bir neçə dəfə ailə ilə telefon əlaqəsi saxlayıb:

“Gəlinim də hər gün zəng vurub deyir ki, məni əməliyyatdan əvvəl 3-4 gün müəlicə etməlidilər, ancaq müalicəmə başlamırlar, deyirlər, zəng vur, ailənə de, gəlsinlər, reseptləri götürüb dərmanları alsınlar. Əməliyyat da etmirlər ki, ailən gəlsin, danışaq, sonra əməliyyata götürək”.
Meydan TV müxbiri məsələyə aydınlıq gətirmək üçün Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, Esmira Səmədova iyunun 16-dan 17-nə keçən gecə xəstəxanaya qəbul olunub, əməliyyatqabağı tədbirlər görülüb və əməliyyata götürüləcək. Xəstəxana Esmira Səmədovanın ailə üzvlərinin Meydan TV-yə dediklərini təkzib edib və bildirilib ki, bütün tədbirlər xəstəxana hesabına görülür.
“Səhərədək dəhlizdə stulların üstündə ağrı çəkə-çəkə qaldım”
Meydan TV müxbirinin xəstəxanayla yaratdığı əlaqədən sonra Esmira Səmədovanın ailə üzvləri zəng vuraraq bildiriblər ki, onu əməliyyata götürüblər. Meydan TV müxbiri əməliyyatdan sonra Esmira Səmədovayla da danışıb. Qadın bildirib ki, xəstəxanaya daxil olan gecəni ağrıları çox olub və o, bu vəziyyətdə qəbul şöbəsində stulların üstündə yatıb: “Əvvəl dedilər, hələ 8 aylıqdır, niyə gəlmisən? Dedim, özüm gəlməmişəm, xəstəxananın təcili tibbi yardım maşını gətirib. Bu uşaq 3 gün də bətnimdə qalsa, boğulacaq, təcili götürmək lazımdır. Məni palataya götürmədilər, dedilər ki, yer yoxdur, səhərə kimi dəhlizdə otur, görək, neynirik. Ancaq yaxşı anlayırdım ki, pul vermədiyimiz üçün məni də, bətnimdəki balamı da incidirlər. Səhərədək dəhlizdə stulların üstündə qovrula-qovrula qaldım. Səhər gəlib palataya çıxardılar, dedilər, adamların gəlsin, həkimi görsün, dərmanları alsın, əməliyyatı danışsın. Mən ailəmlə bir neçə dəfə danışdım, yoldaşım da ağır xəstədir, çox kasıb ailədənəm. Heç gözləmədiyim halda bu gün məni əməliyyata götürdülər. Düşünürdüm ki, yəqin məni əməliyyat etməyəcəklər, bir bəhanəylə burdan da yola salacaqlar”.
Esmira Səmədova bundan əvvəl də iki dəfə qeysəriyyə əməliyyatı olunub. Birinci dəfə körpəsi bətnindən ölü vəziyyətdə götürülüb. İkinci əməliyyatdan isə bir qızı var və 7 yaşındadır.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.