Bərdədə əlbir olub məhkəmə sədri biznesmen ilə... - Mehriban Əliyevaya əlilə qarşı amansızlıq dosyesi

27-08-2019, 10:21   
 
Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində başladığı geniş islahatlar deyəsən Bərdə rayonuna çatmayıb. Ədliyyə nazirinin və dövlət başçısının cəzalandırdığı hakimlər də bəzilərinə “gözü çıxmış qardaş” nümunəsi olmayıblar.
Femidanı ayaqlar altına alan, onu məsum bir qadın kimi zorlayan, qanunların aliliyini əlilliyə çevirən, şikəst edən bəzi məhkəmə hakimlərinin, sədrlərinin acgözlüyü, tamahı aman vermir ki, hətta bu ölkədə Çernobıl əlilləri öz haqlarına sahiblənsinlər.
Məhkəmələrdə qanunsuzluğun, Xudayar bəyliyin, qolçomaqlığın əndazəsi o həddi aşıb ki, artıq bəzi hakimlər üçün Çernobıl əlilinin taleyi də maraqlı deyil.
Çünki hakim mantiyası geyinən bəzi “şahın qanunçuları” üçün heç vaxt qanun şah olmayıb. Elə buna görədir ki, Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev, Allah qoymasa əlbir olub bir iş adamı ilə Çernobıl əlilinin torpağını yağmalayır. Buna XXI əsrdə, qloballaşan dünyada nə ad vermək olar? - biz söz tapmadıq...
Anaxeber.info yazır ki, II qrup Çernobıl əlili olan Əhmədov Şahin Əli oğlu üzləşdiyi bu haqsızlıqla əlaqədar ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etməyə məcbur qalıb. Ona görə ki Çernobıl əlili ali tribuna olan məhkəmədə öz hüquqlarını müdafiə edə, haqqını bərpa eləyə bilmir.
Onun sözlərinə görə, Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev Allahını, imanını itirərək onun halal torpaq sahəsini əlindən alıb iş adamı, rayonda biznes kəhkəşanı olan İkram Ziyadov adlı şəxsə peşkəş eləyir. Məhkəmənin sədri qanunları da, soyadının mənasını da kənara qoyaraq, öz maraqlarını güdür.
Çernobıl əlili Mehriban xanım Əliyevaya müraciətində qeyd edir ki, onun Bərdənin Babək və Bakı küçələrinin kəşişməsində 77.5 kvadratmetrlik torpaq sahəsi var.
Bir müddət qabaq Bərdədə xeyli obyektlərə sahib olan iş adamı İkram Ziyadov torpaq sahəsini ələ keçirmək üçün fəaliyyətə başlayıb.
“Yaşımın bu vaxtında mən Bərdə rayonunda kirayədə yaşayıram. Bu torpaq sahəsini də satıb ailəmə xudmani bir mənzil almaq istəyirdim. Fikirləşirdim ki, həyatımın yerdə qalan hissəsini heç olmasa kirayələrdə sürünməyim. Axı mənim də haqqımdır ki, bu ölkədə şəxsi mənzilim olsun.
İkram Ziyadovun evlərinin, əmlaklarının sayı-hesabı yoxdur, gəlib 77 kvadratlıq yerimə göz dikib. Məhkəmənin sədri də ona qahmar çıxır.
Axı mən Çernobıl əliliyəm, yaşlı adamam, heç olmasa bunu nəzərə alın. Bu boyda Bərdədə sizə yer qəhətdir ki, gəlib o torpağıma girirsiniz?
Məhkəmə sədri qanunları tapdalayaraq, heç bir əsası olmadan İkram Ziyadovun xeyrinə qərarlar çıxarır. Bu adam mənimlə razılaşmayıb Bərdə Rayon Məhkəməsini ələ alıb.
Məhkəmənin sədri Məhərrəm Allahverdiyevlə “anlaşan” bu iş adamı həmin torpağın mənə aid olması haqqında dövlət sənədinin ləğv edilməsinə nail oldu, sədr də “qərar” çıxardı.  
Görün nə dərəcədə gözlərini hər şey tutub ki, əlilin torpağını əlindən alırlar. Bu, qanuna tüpürməkdir, dövləti saymamaqdır, vətəndaşı hakimiyyətindən narazı salmaqdır.
Prezidentin köçkünə, şəhid ailəsinə, əlillərə, qazilərə qayğısı var, dövlət onların ehtiyaclarını qarşılamağa çalışır. Amma İkram Ziyadovla məhkəmə sədri Məhərrəm Allahverdiyev prezident İlham Əliyevin siyasi kursunun əleyhinə gedərək insanları narazı salan qanunsuzluğa yol verirlər”,-deyə Çernobıl əlili Şahin Əhmədov I vitse-prezident M.Əliyevaya müraciətində vurğulayır.
Onun sözlərinə görə, İkram Ziyadovun Bərdə rayonunda iki yanacaqdoldurma məntəqəsi, pendir sexi, hektarlarla torpaq sahələri, bir neçə obyekti var:
“Amma belə görünür ki, bütün bunlar İkram Ziyadovu qane etmir və II qrup Çernobıl əlilinin xırda torpaq sahəsinə də göz dikib. Hörmətli Mehriban xanım!
İndiki durumda ailəmizin son ümid yeri Sizsiniz. Bu məsələnin haqq- ədalətlə həll olunması üçün Sizdən kömək istəyirik.
Çünki haqqımı hüquqi müstəvidə bərpa edə bilmirəm, məhkəmə sədri əlili yox, biznesmeni müdafiə edir, ona arxa-dayaq olur, qanunlara istinad etmir. Bu halda yeganə pənah yerim Sizsiniz.
Əminəm ki, müraciətimə həssaslıq göstərəcək, müvafiq qaydada tapşırıq verəcəksiniz, daha bir özbaşınalıqla üzləşən vətəndaşa sahib çıxacaqsınız. Haqq nazildir, üzülər, amma qırılmaz!”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.