Azərbaycan hökumətinin və onun başçısı İlham Əliyevin 2016-cı ildən başladığı xüsusi islahatlar proqramının ana bəndlərindən biri də ciddi kadr dəyişiklikləri idi.
İctimaiyyət inanmırdı ki, iri fiqurlar, kök salmış nazirlər, onların himayəsindəki məmurlar, icra başçıları vəzifələrini itirə bilər.
İ.Əliyev komandasında refreş düyməsinə basdıqdan sonra Fazil Məmmədov, Səlim Müslümov, Heydər Əsədov, Ziya Məmmədov, Eldar Mahmudov və neçə-neçə nazirlərin yola salınması ciddi bir reaksiya doğurdu.
Bu reformalar İcra Hakimiyyəti strukturlarında da aparıldı və kadr dəyişiklikləri davam edir. Cəmiyyətin gözləntiləri vardı ki, yerlərdə idarəetmə ilə bağlı müsbət bir tendensiya müşahidə olunacaq.
Reportyor.info-nun növbəti araşdırması isə sübut edir ki, kadr islahatları rüzgarı bir sıra əyalətlərdə öz nəticəsini verməyib.
Onlardan biri Tovuzdur ki, problemlər başdan aşır və yerli idarəetmə orqanı olan İH rəhbərliyində dəyişiklik rayonda irəliləyişə gətirib çıxarmayıb.
Dövlət başçısı bu regionda əsaslı kadr siyasəti həyata keçirib: Ağstafada Məhərrəm Quliyevin yerinə Nizaməddin Quliyev, Gəncədə Elmar Vəliyevin əvəzinə Niyazi Bayramov, Gədəbəydə Ramiz Yedyarovun yerinə İrahim Mustafayev, Tovuzda Tofiq Zeynalovun postuna isə Məmməd Məmmədov təyin edilib.
Araşdırma qrupumuz sual edir ki, sonuncu təyinatla Tovuzda inkişafa dair hansı nümunə var. İ.Əliyevin kadr islahatlarının mahiyyəti ondan ibarətdir ki, yerlərdəki idarəçilik optimallaşsın, bürokratik əngəllər aradan qalxın, sosial şərait düzəlsin, sahibkarların və əhalinin narazılıqları həllini tapsın, bölgələr abadlaşsın.
Lakin M.Məmmədovun təyinatı Tovuz bölgəsində sosial-iqtisadi, mədəni-təhsil, infrastruktur, nəqliyyat, aqrar sektorlarda bir qarış irəliləyişlə nəticələnməyib.
Prezident Administrasiyasındakı təhlil şöbəsi də yerlərdə vəziyyətlə bağlı vaxtaşırı araşdırma aparır, müqayisələr edir, kadr islahatlarının hansı effekt verdiyini analiz edirlər.
Sonra qovluq şəklində prezidentin masasına qoyulur və məruzəyə istinadən nəticələr çıxarılır, qərarlar verilir.
Bu zona ilə bağlı müşahidələr, araşdırmalar, şikayətlər göstərir ki, Tovuz Gəncə, Şəmkir, Gədəbəy və s. qonşu rayonlarla müqayisədə çox geri qalıb, rayon və onun kəndləri bərbad vəziyyətdədir, acınacaqlı şərait hökm sürür.
Prezidentin etimadını doğrultmayan M.Məmmədovun gördüyü işə, fəaliyyətinə ilin sonunda qiymət veriləcək.
2020-yə Azərbaycan yeni siyasi-iqtisadi kursla keçid edəcək və dövlətin proqramında əyalətlərlə əlaqədar siyasətə də xüsusi diqqət ayrılacaq.
Bu mənada prezident yerlərdə edilən kadr dəyişikliklərinin hansı müsbət və mənfi təsirlərinin olduğunu təhlil etməklə 2020 qərarını açıqlayacaq.
Heç şübhəsiz ki, Tovuz rayonunun kuratorunun məruzəsi, mövqei bu məsələdə böyük əhəmiyyətə malik olacaq. İndi isə gəlin, Tovzudakı fövqəladə sosial vəziyyətlə tanış olaq:
Reportyor.info xəbər verir ki, rayonda iş adamlarının fəaliyyətinə şərait yaradılması, sahibkarların problemlərinin həll olunması, dəstək göstərilməsi, fermerlərə yardım olunması istiqamətində Tovuz İH-nin və başçısı M.Məmmədovun heç bir təsiri olmayıb.
Apardığımız sorğular biznesmenlərin və fermerlərin problemlər girdabında boğulduğunu, kredit və borc içində əziyyət çəkdiyini deməyə əsas verir. İcra başçısı tərəfindən onlara bir dəstək yoxdur.
Tovuzun mərkəzinin, hətta İH-nin ətrafının baxımsız, abadsız olduğunu da yaxşı bilirsiniz. Ötən reportajda ətraflı yazmışıq, faktlar göstərmişik. RİH-nin qabağındakı fontanı belə natəmiz saxladıqlarını işıqlandırmışıq.
Hər gün burdan keçib işə gedən M.Məmmədov isə maraqlanmır ki, niyə bu cür antisanitariyadır, rayon toz-tozanaq, bərbad haldadır.
Bu dəfəki araşdırmalarımız təkcə Tovuzun özündə deyil, kəndlərində də fəlakətli bir mənzərə olduğunu üzə çıxarıb. Məlum olur ki, kəndlər kommunikasiyadan uzaq, sosial problemlər məngənəsində can verir.
Əhali qaz, işıq üzünə həsrətdir, infrastruktur yararsızdır, qaz boruları satılıb, kəndlərdə evlər donur, qışa tədarük üçün meşələr talanır, elektrik xətləri sıradan çıxıb, köhnəlib, elə bu səbəbdən tez-tez işıqlar sönür, yollar darmadağındır, telefon xətləri yoxdur.
Bir sözlə, sanki Tovuz kəndlərində həyat dayanıb, dünyanın axırıdır, bütün aləmdən təcrid olunublar. Amma bu problemlərin heç biri rayon icra başçısını maraqlandırmayıb.
Məsələn, Sarıtala sovetliyi 1986-da qazla təmin olunmuşdu. Sonra qaz təchizatı kəsilib. İki il qabaq isə çəkilən qaz xəttini söküb satıblar. Bayramlı kəndinin yüksək gərginlikli xətləri isə Qovlardan gəlir.
Bu xətlərin dirəkləri yox səviyyəsindədir. Sakinlər bildirirlər ki, yüngül külək olan kimi işıqlar kəsilir. Çünki 70 illik xətlər sıradan çıxıb.
Növbəti fakt: Tovuzun Aşağı Quşçu kəndi də Qovlardan gələn elektrikin ümidinə qalıb. Sakinlər deyirlər ki, tez-tez gün ərzində işıqlar söndürülür. Rayonun Sofular kəndində vəziyyət daha acınacaqlıdır. Kənddə nə qaz, nə telefon xətti, nə işıq var.
Camaat məcburiyyətdən meşələri məhv edir, bu da bulaqların quruması, susuzluq yaranmasına səbəb olur.
Kənd camaatı bir evin qızdırılmasına il ərzində 8 maşın odun alır. Bu da ildə 600-800 manat ziyana düşmək, meşələrin isə məhvi deməkdir.
Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tovuz RİH məsələ qaldırmır ki, meşələrin qırılmasının qarşısını almağın yolu qaz təminatıdır.
Dağ kəndlərində qaz, telefon xətləri yox, yollar bərbad, kanalizasiya sistemi qurulmayıb, hətta kəndlərdə mobil telefonların şəbəkəsi tutmur, əlaqə saxlamaq mümkün olmur.
Araşdırmalarımız zamanı o da ortaya çıxır ki, Tovuzun Çeşməli kimi böyük kəndində də qaz yoxdur, su dərdi də bir başqa işgəncədir. Belə şəraitdə turistlər gələndə qalmağa otellər tapmırlar.
Ümumilikdə Tovuzun Sofulu ,Qalaboyun, Xatıncan, Saladınlı ,Baqqalı ,Abbasqulular ,Papaqçılar ,Güvəndik, Məşədivəllər, Həsənli ,Qandalar,Çatax, Göyəbaxan, Ağacaqala ve.s kəndlərində illərdi qaz xətti çəkilməyib.
M.Məmmədov isə təyinatından sonra müsahibəsində Tovuzda islahatlar olacağının anonsunu vermişdi.
Sitat: “Cənab prezident bizim qarşımızda böyük tələblər qoyub. Bu tələblərdən biri xalqın maddi rifahının yaxşılaşdırılmasıdır.
Rayonda yollar çəkilib, təsərrüfatlar qurulub. Bu işlər bizi qane eləmir. Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib. Mən də hər zaman bu tapşırığı icra etməyə çalışacam.
Kəndlərdə olan əhalinin məşğulluğunu artıracağıq. Müəssisələr və obyektlər yaradacağıq, sahibkarlara yeni imkanlar yaradılacaq.
Sahibkarlara aktiv fəaliyyət üçün kömək edəcəyik. Onların daha çox gəlir əldə etməsinə imkanlar yaradacağıq.
Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam. Yəqin ona görə mənə “Zəhər Məmməd” deyiblər. Deyirlərsə də, elin ağzını yummaq olmaz”.
Hörmətli başçının açıqlamasında ilk məqamı nəzərə çatdıraq: heç də yollar çəkilməyib, rayonun küçələri bərbad gündədir, asfalt yoxdur.
İkincisi, sahibkarlara şərait yaradılacağına dair verdiyi vəddən başqa heç bir real əməl yoxdur. “Kəndlərdə olan əhalinin məşğulluğunu artıracağıq, müəssisələr və obyektlər yaradacağıq” vədi də havada qalıb. M.Məmmədov kəndlərə baş çəksə, gerçəkliklərin şahidi olacaq.
Amma buna qədər hökumət rəsmiləri, ölkə rəhbərliyi və kuratorun da Tovuza gəlməsinə, Hesablama Palatası və Maliyyə Nazirliyinin təftiş aparmasına ciddi ehtiyac var. Çünki bu ləqəbi qəbul edən başçı – “Zəhər Mamed” tovuzluların həyatını zəhərə döndərib…
REPORTYOR.info
Gülay