“Taksi fəaliyyəti üçün tələb olunan lisenziyanın alınması üçün ödənilməli 18 manat dövlət rüsumunun əvəzinə taksi sürücülərindən 57 manat alınır”. Bu sözləri 20 yanvar metrosu yaxınlığında taksi fəaliyyəti məşğul olan sürücülər “Axar.az”a bildiriblər. Məsələni yerində araşdırmaq üçün əməkdaşımız 20 Yanvar metrosu yaxınlığındakı taksi dayancağına yollanıb. Hər 39 manat taksidən ... Sürücülər deyir ki, lisenziyanın aylıq pulunun ödənilməsi ilə bağlı qəbzin üzərində 18 manat yazılsa da, onlardan 57 manat tələb edilir. Bu azmış kimi, heç bir sürücünün tələbinə məhəl qoymadan onlardan istədikləri məbləği alırlar və etiraz edənlər nəqliyyat qoçuları ilə üzləşməli olur: “Qardaş, şəhərdə bu qədər taksi var. Onların hamısından 57 manat alınır. Bizə verdikləri kağızın üzərində gördüyünüz kimi, 18 manat yazılır, ancaq göz görə-görə 39 manat artıq pul veririk. Demək olar ki, hamı öyrəşib bu vəziyyətə. Artıq belə çıxır ki, qanuni dövlət rüsumu elə 57 manatdır. Mümkün deyil ki, kimsə səsini çıxarsın. Nəqliyyat müfəttişləri həmin adamı tapıb başına oyun açırlar”. Qoçuluq edən müfəttiş Məmmədov kimdir? Taki sürücülərindən biri isə nəqliyyat müfəttişlərinin onun maşınını əlindən aldığını və 400 manat verdikdən sonra geri qaytardığını deyir. Sürücü bildirir ki, bu işlərin hamısına Nəqliyyat müfəttişlərinin “böyüyü” olan Rövşən Məmmədov nəzarət edir: “Bir həftə bundan qabaq mənim maşınımı əlimdən alıb aparıblar. Nəqliyyatın işçiləri maşına oturub açarı çıxardılar. Sonra da maşını sürüb apardılar. Borc-xərc edib 400 manat onlara verib maşını aldım. Böyükləri Rövşən Məmmədovdur. Lisenziyaya görə 3 gün gecikmə var idi. Ona görə 400 manatımı alıb sonra maşını qaytardılar. 400 manat cərimə olar? Bunlarda insaf, vicdan deyilən şey yoxdur. 150 manat qanuni cərimənin əvəzinə 400 manat alırlar. Bilirlər ki, maşın onlarda olduğu üçün borc da olsa tapıb maşını geri alacam. 18 manat qanuni verginin əvəzinə 57 manat almasalar, vaxtlı-vaxtında lisenziyanın pulunu ödəyərdim”. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidməti və nəqliyyat departamenti ilə əlaqə saxlamağa çalışsaq da, heç bir qurumdan telefonlara cavab verən olmadı.