Ağdamlı “Əbu Qaqa” Bakıda oturub Suriyada cihadı necə maliyyələşdirirdi... AZƏRBAYCANDAN İŞİD-Ə ÖTÜRÜLƏN PULLAR

15-09-2019, 09:10   
 

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən 29 yaşlı Sahil İbrahimov, 28 yaşlı İlqar Ağayev və 27 yaşlı Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org-un xəbərinə görə, təqsirləndirilən şəxslər Azərbaycandan yarım milyon manatdan çox vəsait toplayıb Suriyaya göndəriblər. Belə ki, təqsidləndirilən Sahil İbrahimovun qardaşı Samir İbrahimov Suriyadakı gedən döyüşlərdə iştirak edib. O, Suriyada olduğu müddətdə Azərbaycanda olan, əhli-sünnə məzhəbinin sələfi təriqəti üzrə ibadət edən şəxslərlə müntəzəm olaraq əlaqə saxlayıb. Bildirib ki, Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlıların ölkədə və xaricdə yaşayan yaxınlarıyla, eyni təriqətdən olan şəxslərlə əlaqə saxlasınlar, onların göndərdikləri pulları yığıb Suriyaya yollasınlar.

Pullar xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradansa Suriyaya göndərilib. Pul göndərişləri əsasən banklar vasitəsilə həyata keçirilib. 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manat, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə birlikdə yenə 135 min dollar pul göndəriblər.

Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

“Pulları imkansız şəxslərə paylamaq üçün “Abu Qaaqa” ya vermişdim”

Təqsirləndirilən Sahil İbrahimov istintaqa verdiyi ifadəsində terrorçuluğun maliyyələşməsində iştirakını inkar edib. Deyib ki, Suriyada silahlı münaqişlərdə iştirak edən qardaşı Samirin xahişi ilə 2017-ci ilin oktyabrından 2018-ci ilin ortalarınadək olan müddətdə yalnız ona olan borcları, eləcə də sədəqə pulu yığıb. Toplanan pulların bir hissəsini ailəsinin maddi ehtiyaclarına xərcləyib, bir hissəsini rayonda yaşayan tanımadığı şəxsin müalicəsi üçün göndərib, bir hissəsini isə imkansız şəxslərə paylanması üçün “Abu Qaaqa” ləqəbli İlqar Ağayevə verib.

Yuxudan oyananda arvadını yanında tapmayıb?

S.İbrahimovun ifadəsindən belə məlum olub ki, qardaşı “Abu İbrahim” ləqəbli Samir İbrahimov 2016-cı ilin yayında həyat yoldaşı Həbibə ilə birgə Türkiyəyə istirahətə yollanıb. Orada olduqları vaxt qardaşı arvadı eyni əqidə üzrə ibadət edən  qadınlarla qoşularaq  Samirdən xəbərsiz Suriyaya qaçıb. Samir yuxudan oyananda arvadının “məni axtarma, mən getdim” məzmunlu məktubunu tapıb. Bundan  sonra Bakıya qayıdıb hadisəni ailə üzvlərinə danışıb. Həbibə getdikdən 4 ay sonra İraqın Bağdad şəhərində olması ilə bağlı üç qızla bigə şəkil çəkib anasına göndərib və narahat olmamasını deyib.

Qaraçuxur qəsəbəsində kirayə yaşayan “Abu İbrahim” 2017-ci ilin aprelində iki azyaşlı uşağını qardaşının ailəsinə verib, özü də Suriyaya yollanıb. Ailə üzvlərinə zəng vuraraq İŞİD-in tərkibində olduğunu deyib: “Samir Suriyaya getməmişdən əvvəl Qaraçuxurda geyim əşyaları, kompüter, telefon və ətir satışı ilə məşğul olurdu. Ona olan borc pullar da həmin əşyaların nisyə satışından qalmışdı. Həmin pulları və tanışlarının verdiyi sədəqələri yanımızda qoyub getdiyi uşaqlarına xərcləməyimi xahiş etmişdi. Həbs olunan vaxta qədər Samirə borclu olanlar və sədəqə vermək istəyənlər mənimlə əlaqə saxlayırdılar”.

“Döyüşən qardaşlara kömək məqsədilə getmişdi...”

Təqsirləndirilən Ağdam rayon sakini, “Abu Qaaqa” ləqəbli İlqar Ağayev isə ifadəsində 2012-ci ildən İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini deyib.  “Abu İbrahim”lə 2015-ci ildə “Şuşa” kafesində tanış olduqlarını bildirib, aralarında dostluq yarandığını, bir il sonra sonuncunun Suriyaya getdiyini öyrəndiyini göstərib: “Samir mənimlə “Teleqram” messenceri ilə əlaqə saxlayırdı. İŞİD-in tərkibində döyüşdüyünü, döyüşən qardaşlara kömək məqsədilə gəldiyini deyirdi”.

 “Abu Qaaqa” ifadəsində göstərib ki, 2017-ci ilin avqustunda “Abu İbrahim” ona İŞİD-ə qoşulan bacı və qardaşlara kömək lazım olduğunu bildirib. Həmin şəxslərin Azərbaycanda yaşayan qohumlarından pul toplamağı, eləcə də müxtəlif ölkələrdən ayrı-ayrı şəxslər tərəfindən eyni məqsədlə adlarına pul  göndəriləcək etibarlı şəxslər tapmağı tapmağı xahiş edib.

 “Sahillə birgə toplayacağımız pulları Maksim adlı şəxsə verməyimizi xahiş etdi. Maksim də pulları İstanbulda yaşayan Cuneyt adlı şəxs tərəfindən Suriyaya çatdıracağını deyirdi. Etiraz etmədim. Samirin adından zəng vuran şəxslərlə görüşüb pulları alıb Maksimə verirdim. Maksim də Cuneytə göndərir, sonuncu da Samirə çatdırırdı. Pulların orada kimə veriləcəyini isə yalnız Samir bilirdi”,-ağdamlı cihadçı “Əbu Qaaqa” deyib.

20 min dollar verməsəydi başı kəsiləcəkdi?

Təqsirləndirilən Namiq Məmmədov da ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində “Abu Qaaqa”nı “Ləzgi” məscidində ibadət etdiyi vaxtlardan tanıdığını deyib.

N.Məmmədovun ifadəsinə görə, ötən ilin mayında “Abu Qaaqa” ilə təsadüfən kafedə rastlaşıb. Söhbət əsnasında İ.Ağayev ona razılıq verəcəyi təqdirdə İŞİD-in tərkibində döyüşmüş və Türkiyədə məskunlaşmış maddi cəhətdən çətinlik çəkən əqidə yoldaşlarına və onların ailə üzvlərinə çatdırılması məqsədilə xarici ölkələrdən adına pul göndərilməsini, həmin pulları bankdan qəbul edib ona çatdırmağı təklif edib: “Əqidə yoldaşlarıma kömək edilməyi özümə borc bildiyim üçün bu təkliflə razılaşdım”.

İstintaq zamanı məlum olub ki, “Abu İbrahim”in anası Rübabə İbrahimova müxtəlif şəxslərdən yığılan 20 min dollar pulu Türkiyədə yaşayan Cuneyt adlı şəxsə çatdırmaq üçün İstanbula gedib, həmin gün də avtobusla geri qayıdıb: “Samir dedi ki, bu məbləğ ona çatmayacağı təqdirdə edam olunacaq. Ona görə də bu pulu Türkiyəyə şəxsən özüm apardım”.

“Dedi ki, Məşhədə getsən, kafir olacaqsan”

Şahid qismində dindirilən İldız Kərimova ifadəsində Rusiyada yaşayan nəvəsi Eminin Suriyaya getdiyini və orada döyüşlərdə öldüyünü göstərib: “Emin hərbi xidmətdən qayıdandan sonra dini baxışlarında dəyişiklik olduğunu hiss etmişdim. Telefonda danışanda dedim ki, bala, Məşhəd ziyarətinə getməyə hazırlaşıram. Dedi ki, oraya getmə, əgər bu ziyarətə getsən kafir olacaqsan. Bir müddət sonra Eminin Suriyaya getdiyini öyrəndim. 2015-ci ildə Emin orada öldü, arvadı və iki azyaşlı uşağı Rakka şəhərində qaldı. Ötən ilin mayında gəlinim zəng vurub Eminin ailəsinə pul çatdırmaq lazım olduğunu dedi. Həmin şəxsin mənimlə əlaqə saxlayacağını söylədi. “Abu İbrahim “ ləqəbli bir nəfər zəng vurub dedi ki, Eminin arvadı Rozaya çatacaq pulu “28 May” metrostansiya”sının yaxınlığında bir qadın gələcək, ona vermək lazımdır. Həmin qadına (R.İbrahimovanı nəzərdə tutur-red.) 1100 dollar verdim”.

Atası öldürülən, əri edam olunan azərbaycanlı qadın

Şahid ifadələri arasında diqqət çəkənlərdən biri də Səma Əlisoyun ifadəsidir. Dindar ailəsində doğulduğunu deyən Səma 12-13 yaşlarından ibadətlə məşğul olub, atası İntiqam Əlisoy 2012-ci ildən Suriyaya gedərək İŞİD-ə qoşulub, bir müddət “Azəri camaatı”na rəhbərlik edib.

2017-ci ildə Suriyada bombardman nəticəsində həlak olub. Səma milliyyətcə tatar olan həyat yoldaşı Rəşid Bərqubəyovun təkidi və atasının tələbi ilə 2015-ci ildə Suriyada xilafət elan olunduqda Hələb şəhərinə köçüb.

 Hələbə köçəndən sonra əri silahlı dəstələrə qoşulub. 2017-ci ildə atasının ölüm xəbərinə eşidib. Əri isə “Cəbhətül-Nusra” tərəfindən əsir götürülüb. Suriyadan çıxmaq istəyərkən hərbçilər tərəfindən saxlanılıb. 2017-ci ilin dekabrında ərinin edam xəbərini eşidib. 2018-ci ildə Türkiyə əsgərləri tərəfindən azad olunub və rəsmi qaydada Azərbaycana təhvil verilib.

“Maddi vəziyyətim çox ağır idi. Rəşidə əlaqələr kəsilmişdi. Onun telefonunu yaddaşında olan Vaqid adlı şəxsə yazıb dedim ki, Rəşidin yoldaşıyam, atam öldürülüb, iki uşaqla ortalıqda qalmışam, mənə köməklik edin. Vaqif köməklik edəcəyinə söz verdi. 2017-ci ilin yayından 2018-ci ilin iyununadək “Abu İbrahim” adlı şəxs vasitəsilə mənə hər 3 aydan bir orta hesabla 300 dollar göndərilib. Həmin pulları uşaqlarıma və maddi ehtiyaclarıma sərf etmişəm”,-qadın ifadəsində deyib.

Cihadçıların Azərbaycandan ianələr toplanması yolu ilə maliyyələşdirilməsi işi ilk dəfədir məhkəmədə araşdırılır. Məhkəmə prosesinin gedişində həmin “Əbu Qaaqa” özünü ağlını itirmiş kimi göstərir və topla oynayır, adekvat cavablar vermir.

Xatırladaq ki, Azərbaycandan yüzlərlə, hətta bəzi məlumatlara görə bir neçə min radikal dini ekstremist İŞİD-ə qoşulmuşdu və Suriyada, İraqda gedən döyüşlərdə iştirak edirdi. Onların əksəriyyəti öldürülüb, bir qismi geri qayıdandan sonra Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilib və məhkəmələr onların barəsində uzunmüddətli həbs cəzaları verib. Bir qismi isə hələ də İŞİD-in qalıqlarının sıralarında yer almaqdadır.

İnarə Rafiqqızı

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.