''Uşaqlarım çörəkdən ötrü ağlayırlar''

30-09-2019, 10:25   
 

4 uşaq atası işsizlikdən əziyyət çəkdiyini deyir
"İş yerindən ixtisara düşdüm. İndi iş tapa bilmirəm. Yoldaşım da gündəlik 3 manata işləyir. Kirayə pulumuz aya 70 manatdır. O 70 manatı düzəldib, kənara atmayanadək gözümüzə yuxu getmir”.
Ucarın Rəstəcə kəndinin sakini Aybəniz Cahangirova belə deyir. Xanım ailəsinin çox ağır şəraitdə yaşadığını söyləyir:
“Kirayə pulunu ki, düzəldib kənara atmıram ha, baxın, onda uşaqlar yemək, çay istəyəndə də əsəbi oluram. 4 uşaqdı, yemək istəyirlər. O gün babalarına zəng etdim ki, daha dözə bilmirəm. Bizə 2 çörək göndərin. Valideynlərimin pensiyasına göz dikmişəm, həm övlad, həm də valideyn kimi utanıram”.
Aybəniz Cahangirova deyir ki, bir müddət öncəyədək Rəsdəcə kəndində həyat yoldaşının valideynlərinin evində yaşayırmışlar. Sonra qayını evlənib, evin sakini artıb, onlara yer qalmayıb:
“Evin kiçik oğludur, atanın, ananın yanında o qalmalıdır, biz yox. Odur ki, bizə yol göründü. Yığışıb Ucara gəldik. Burada kirayəyə ev tutduq. İndi də çatdıra bilmirik. 4 uşaqla kirayədə qalmaq zülmdür. İş yox, güc yox, çatdırmaq da olmur”.
Ailə başçısı Eltun Cahangirovun da bir işi yoxdur. Qonşuda, rayonda iş verən olsa, günəmuzd işləyir, olmayanda da günlərlə işsiz qalır. Deyir, dəfələrlə məşğulluq mərkəzinə gedib, iş axtardığını söyləyib, bir nəticəsi yoxdur:
“Nə axtaran var, nə də iş tapan. Yoldaşım ali təhsillidir, işləyirdi, ixtisara düşdü, o da iş tapa bilmir. İkimiz də işsizik, uşaqlar da böyüyür. Heç bilmirik nə edək. Pul, imkan dərdindən məktəbə də göndərə bilmirik. Geyim, yemək çatdırmırıq, nə edək”.
E.Cahangirov deyir ki, dəfələrlə sosial yardım üçün də müraciət ediblər. Ancaq ala bilməyiblər. Şikayətçi deyir ki, rayonda sosial yardım ala bilmək üçün gərək hörmət edəsən. Hörmət etmək üçün də onun imkanı yoxdur:
“Deyirəm, 150 manatlıq kirayə haqqını toplaya bilmirəm. Bəzi aylar yarımçıq veririk. Belə-belə xeyli borc toplanıb onsuz da. Rüşvət üçün pulu hardan tapaq? Həm də ki, faktiki işsiz, evsizik. Bizə yardım düşməlidir. Buna görə niyə nə qədərsə pul ödəməliyik? Amma yox, bu ölkədə qayda-qanun yoxdur axı. Bunu unuduruq. Hər şey puldan keçir. Acından öləni düşünən yoxdur”.
Ailənin heç yerdən gəliri yoxdur. İş, sosial yardım üçün etdikləri müraciətlərə də baxan olmayıb. Son çarə olaraq Prezident İlham Əliyev və onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıblar. Ailənin tək ümidi həmin məktublara gələcək cavabadır.
“Bu gün dəmir yolunun o tayındakı bir həyətdə fəhləlik edirdim. Günümə bilmirəm 5, ya10 manat verəcəklər. İş olanda səhərlər başımı götürüb qaçıram ki, uşaqların yuxudan durub çörək davasına şahid olmayım. Utanıram, mənim üçün çətindir, ağırdır. Vallah, mən istəməzdim belə olsun. İşdir də, oldu. Çörək nədir ki, mənim uşaqlarım ondan ötrü zülüm-zülüm ağlayırlar. Mən isə ala bilmirəm, utanıram”.
Eltun Cahangirov deyir ki, imkanı, ailəsini saxlama gücü olsa, heç vaxt, heç kimə ağız açmazdı:
“Kim istəyər e ağız aça, zəif görünə? Məcburuq. Ya normal işlə təmin etsinlər, özümüzü dolandıraq, ya da yardım etsinlər. Rayonda iş tapmaq müşküldür. İcra Hakimiyyətinə gedirsən, deyirlər, o boyda büdcəmiz yoxdur. Ona görə də biz Mehriban Əliyevaya, Prezident İlham Əliyevə müraciət etmişik”.
Aybəniz Cahangirova deyir ki, daim eşidir, prezident deyir, məmurlar vətəndaşlara xidmət etmək üçündür. Vətəndaşa yuxarıdan aşağı baxmaq olmaz, dəstək olunmalıdır və s.
“Bir prezident bundan artıq nə deməlidir? Onlar iki nəfərdilər, məmurlar çox. Nəzarət edə bilmirlər. İndi mənim oğlum böyüyüb 18 yaşına çatanda, deyəcəklər ki, gəl, vətəni qoru. Amma indi 4 nəfərdilər, məktəb açılıb, pul yoxdu, biz onlara nəsə alıb məktəbə göndərək”.

Aybəniz Cahangirova deyir ki, valideynləri pensiya alır. Ancaq bilmirlər, həmin pulu dərmanlarına, həkimlərinə versinlər, ya yeməklərinə xərcləsinlər, yoxsa onlara kömək etsinlər:
“Ünvanlı sosial yardımı da ancaq imkanlı adamlara verirlər. Evi-eşiyi, maşını, hər şeyi olan adamlar alır. Biz hamımız bunu bilirik. Necə olur ki, cəmi 2 nəfərin xəbəri yoxdur bundan? 15 il uşaq yaradıcılığı mərkəzində işləmişəm. 3 ildir hər il gedirəm başçının qəbuluna ki, mənə iş verin, işləyim. Hər dəfə gedəndə də ordakı insanlar nəyə gəlmisən, nə məqsədə gəlmisən deyiblər. Məktəblərin birində bir iş versinlər. Pul istəmirəm, sadəcə iş istəyirəm. Biz inanırıq, prezidentə də, xanımına da. İnanırıq ki, bizimlə bağlı nəsə iş görəcək, kömək edəcəklər”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon Məşğulluq Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzin əməkdaşı Nəcəf Məmmədov bildirib ki, ailə üzvləri, işə ehtiyacı olan şəxslər 1-ci gün mərkəzə gəlsinlər. Onlara işlər təklif edəcəklər:
“Bizdə bəzi işlər var. Məsələn, Ucar Fərəyetişdirmə Mərkəzi açılıb. Orada işçilərə ehtiyac var. Biz onlara orada iş təklif edə bilərik. İstəsələr, qəbul edib, işə başlayarlar. Bəzən olur ki, adamlar gəlirlər, iş təklif edirik, bəyənmirlər. Ümid edirəm, belə hal olmaz. İşi bəyənər, işləyərlər”.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin rəhbəri Fərhad Gülüşov isə bildirdi ki, əgər ailəyə “sizə yardım düşmür”, - deyilibsə, görünür, sistemdən imtina gəlib. Bunu heç kim özbaşına deyə bilməz:
“Adətən ailə tərkibində olan əmək qabiliyyətli şəxslərin məşğulluğuna baxılır. Deyir, uşaqları var, iş tapmır. Uşaqların yaşı və sayı da əsas rol oynayır. Uşaqlardan hansısa birinin əlilliyi və s. varsa, bu da nəzərə alınır. Ailəyə deyin, bizim yanımıza gəlsinlər, biz onlara əlimizdən gələn köməyi göstərərik. Həqiqətən ailəyə sosial yardım düşürsə, mütləq alacaqlar. Gəlsinlər, sənədləşdirək, protokollaşdıraq. Əlimizdən nə gəlir edək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.