Vəzifəlilərin, tanınmış müğənnilərin yanına getdiyi milyonçu molla Məmmədsəfa indi də Lerikin ən ucqar dağ kəndi Kaqoya çəkilib; “Bir müğənni ona avtomobil bağışlamışdı...”
...Bu kəndə gələn adamı barmaqla göstərirlər. Hamı bilir ki, Lerikin Kaqo kəndinə kim və hansı niyyətlə gələ bilər.
Bunun üçün Astaranın Pensər kəndinin içindən keçirsən, Lerikin bu ucqar dağ kəndinə yol alırsan. Pensər bazarının yanından bir döngə sizi düz Kaqoya qaldırır.
Bazarın qarşısında kimdən kəndin yolunu soruşursan, adamı altdan yuxarı bir süzürlər, bir gözünün içinə diqqətlə baxırlar, üzlərində hiyləli, istehzalı bir təbəssüm yaranır, “Sən də o ağsaqqalın yanına gedirsən” deyə sual edirlər, adam fikirləşir ki, deməli, Kaqoya kənar şəxs yalnız bir məqsədlə gedə bilərmiş - fala baxdırmağa, bəxt açdırmağa, cadü-piti etdirməyə...
Bu şəxs nə Vanqadır, nə Şeyx Nəsrullah, nə də Dərviş Məstəlişah. Onu respublikanın hər yerində tanıyırlar və hər yerindən yanına axışıb gəlirlər.
Ucqar dağ kəndinin əlçatmaz, ünyetməz zirvəsində məskunlaşmış, “Dağın yaşlısı” adlanan molla Məmmədsəfanın hüzuruna bizi aparan səbəb həm adının dillər əzbəri olması, həm məşhurların ona pənah aparması, həm də bu günlərdə yayılan videodur.
Yox-yox, həmin kadrlarda baxıcı Məmmədsəfa görünmür, sadəcə, onun kimi mollalardan biri tanınmış vəzifəli şəxsin (adı ictimaiyyətə məlumdur) otağında “dualı su” səpir və video lentə alınır.
Sözügedən videodan aydın olurdu ki, məmurlar falçılara, öncəgörənlərə, cadügərlərə üz tuturlar, əməl etdirirlər, özlərinə, ən əsası kreslolarına, qazanclarına olan təhlükəni dua ilə sovuşdururlar.
Lerikin ən ucqar kəndlərindən birində oturan Məmmədsəfa da bu qəbildəndir. Vəzifəlilər, nazirlər, nazir müavinləri, müxtəlif postlarda olan məmurlar, habelə, tanınmışlar, sənətçilər, şou-biznes adamları arasında əməllərinə görə ad çıxarıb.
Onun yanına təşrif buyuran məmurlar, müğənnilər, milyonçular, qapısının ağzını gecə-gündüz kəsən yüzlərlə adam olduğu deyilir. Deyilənə görə, molla Məmmədsəfa şəfa verir, bəxt açır, yol bağlayır və ona inanan varlılar qabağına pullar tökürlər.
Odur ki, falçı ağsaqqal bu bölgənin ən imkanlı adamlarından biridir. Elə ona görə əvvəlcə güman etdik ki, Məmmədsəfa Astaranın Şüvi kəndindəki malikanəsindədir.
Çünki onun videokadrlarından biri Şüvidəki evində yayılmışdı. Həm də onun neçə-neçə imarətləri var.
Amma Pensər bazarının qabağında öyrənirik ki, artıq Şüvidən uzaqlaşıb, doğma dağ kəndi Kaqoya yerləşib. Hətta bunu belə izah edirlər ki, Məmmədsəfa gizlənib, onu tapmaq çətin olsun deyə dağın başında məskunlaşıb.
Ona görə Şüvidən ayrılıb Pensərə gəlirik. Burada bazarın qabağına yığışan “Niva” sürücüləri üzərimizə şığıyıdılar.
Onlar deyirlər ki, kənar adamlar dağın başına, Kaqo kəndinə ancaq bir məqsədlə gedirlər - Məmmədsəfanın yanına.
“Niva” şoferlərinin sözlərinə görə, falçının evinə başqa maşınlar qalxa bilməz: “Siz maşını burada qoyun, biz sizi apararıq. Onun evinə gedən yol kələ-kötürdür. Sizin maşın ora qalxa bilməz, yolda qalarsız, maşın pis günə düşər”.
Sürücülərdən biri deyir ki, təxminən 1 saat 45 dəqiqə bu əzablı, enişli-yoxuşlu yol çəkir. Təsəvvür edin ki, Bakıdan Astaraya 2 saat 15 dəqiqəyə çatmışıq, dağ kəndinə isə 2 saata yaxın yolumuz var. Onlar buna görə bizdən 50 manat yol pulu istəyirlər.
Deyirlər ki, Məmmədsəfanın yanına gələnlər üçün bu məbləği vermək heç nədir, guya hamı dərdinə dərman tapır. “Heç onun üçün 100 manat pul deyil. Yanına elə bahalı maşınlarda adamlar gəlir ki...Hələ müğənnilərdən biri ona avtomobil bağışlamışdı. Yəqin dərdinə əlac qılıbmış”deyə, sürücülərdən biri replika verir.
Amma biz Pensər bazarının qarşısındakı bu söhbətlərdən sonra “Niva” sürücüsü ilə razılaşmırıq, 50 manatın baha olduğunu söyləyib, Allaha təvəkkül deyib yola düzəlirik.
Onlar bir daha bizə xəbərdarlıq edirlər, yolun təhlükəsini, maşının yarıyolda qalacağını bildirirlər, “Axırıncı aşırım” filmində Abbasqulu bəygilə “Amandır bəy, ora getməyin” deyilməsi epizodu yadımıza düşür.
Amma israrlıyıq, öz maşınımızla bizi nələrin gözlədiyini bilmədiyimiz halda Kaqo kəndinə, o sirli ahıl kişinin yanına üz tuturuq və...sürücülərin dediyi kimi də olur.
***
İlahi, dəhşətli bir mənzərə: sağ və solumuz sıldırım, səssiz-səmirsizlik, Ağsu aşırımı yanında yalandır, qalxdıqca qalxırıq, getdikcə gedirik, sanki əzəmətli Elbrus dağlarında yerləşən Alamut qalasına, ismaililərin lideri, qalada onillərlə hücrəsinə çəkilmiş mistik Həsən Sabbahın yanına yollanırıq.
Və yol boyu adda-budda insan qarşımıza çıxır, tək-tük maşın göz dəyir, yalnız hər 10 kilometrdə bir “Niva” maşınlarının dayandığını görürük.
Məlum olur ki, onlar taksi şoferləridir, belə desək, Məmmədsəfanın qeyri-rəsmi işçiləri, müştəri daşıyanlarıdırlar.
“Niva” sürənlər yolda qalan olsa, götürüb Kaqoya aparırlar, neyləsinlər, onların da çörəyi bundan çıxır.
Sürücülər deyirlər ki, Məmmədsəfanın fermaları, bahalı maşınları, evləri var: “Səvyan, Pensər, Ərçivan kəndlərində evləri var. Elə bu günlərdə 100 inəyi birdən öldü. Nə qədər fermaları var, neçə çoban saxlayır. Hamısını bu yolla qazanıb. Fala baxdırmağa gələn kimsə qabağına 100 manat atanda gülməyi gəlir”.
Onu da danışırlar ki, molla Məmmədsəfanın ritualları qeyri-adidir: “Qabağındakı adam otuzdurur, dualar oxuyur, əlini sürtür, sonra “Allah! Allah!” qışqırır, qəribə hərəkətlər edir. Amma bu binəva, nadan insanlar bilmirlər ki, onun nazirliklərdən birində adamı var.
Yanına gələn adamın problemini ona tapşırır, məsələni həll edir, fala baxdıran da inanır ki, molla işini dua ilə düzəltdi. Ona görə dönə-dönə minnətdarlıq edir, gətirib 1000-2000 manat verir. Məmmədsəfada duaların qiyməti də müxtəlifdir; ruzi duası 100, bəxt açmaq 2000, işə düzəlmək duası 5000-10000 arası, ərə getmək üçün dua 1000-3000 manatdır.
Onun evinə Bakıdan “Land Crusier”, “Lexsus” maşınlarında gəlirlər. Özünün də bahalı maşınları var. Onsuz da Kaqoya belə maşınlar dırmaşa bilər”.
***
Kənddə öyrənirik ki, 90 yaşlarında olan Məmmədsəfa sovet hökuməti qurulan ilk illərdə qaçıb gizlənməli olub. Deyilənə görə, qarmaqarışıqlıq vaxtı onun qardaşları öldürülüb, özü isə dağlara qaçıb.
Sonra ara sakitləşib, Məmmədsəfa yavaş-yavaş özünü tanıtmağa, vergili insan kimi təqdim etməyə başlayıb.
Mediada yayılan video və yazılı materiallarda isə deyilir ki, sakinlər onun yanına gələn məşhurlardan kimlərin adlarını çəkmir: Elnarə Abdullayeva, Namiq Qaraçuxurlu, Mətanət Əsədovaya kimi...”
Hətta ifaçı Mətanət onunla yayılmış videosundan danışmışdı: “Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyrini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!"
Bizsə bu söhbətlərdən hali olaraq gəlib Kaqoyun girəcəyinə çatırıq. Hə, bax, burda sürücülərin dediklərinə şahid oluruq. Maşınımız daha yuxarı gedə bilməz. Ona görə də kəndə ayaqla qalxmağa hazırlaşırıq.
Amma bu vaxt Kaqoyda xəbər alırıq ki, Məmmədsəfa burada da yoxdur. Nə Şüvidədir, nə Kaqoyda: “Onu Bakıya hansısa vəzifəlinin yanına aparıblar. Düzü, bilmirik həmin şəxs kimdir. Ancaq hər seçkilər vaxtı Məmmədsəfa tez-tez itir. Deyəsən, deputat seçkisi olmalıdır. Yaşlı molla kiməsə mandat duası oxumağa gedib...
Belə bir əhvalat, əziz oxucular...
“Yeni Müsavat”ın Reportyor Qrupu
Astara - Pensər - Lerik - Kaqoy