Gədəbəylilər, seçmədiyiniz deputatınızla tanış olun…

6-11-2019, 09:12   


Prezidentin islahat söhbəti indiyə qədər “Striptiz” Məclisdə cınqırını çıxarmayan deputatların da dilini açıb. Parlamentin 74 yaşlı deputatı Rafiq Məmmədhəsənov mətbuata müsahibə verib, dəmir kimi olduğunu deyib. “Əgər deputat yaxşı işləyir, əqli imkanları yerindədirsə, niyə işləməsin, niyə yenidən deputat olmasın?! Deputat var ki, 50 yaşındadır, amma ruhən qocadır. Deputat var ki, 80 yaşındadır, beyni aktiv işləyir, zehni fəaliyyəti normaldır, fiziki gücü yaxşıdır, əqli imkanları çox genişdir, təcrübəlidir, müdrikdir. Vaxtı ilə Yunanıstanda deputatları 70 yaşından sonra seçirdilər. Dünyanın bir çox ölkələrində də deputatlar əsasən yaşlı insanlardır. Bu məsələdə də qərar verən seçicidir. Seçici kimi istəyir, onu da seçir.”

Adam bu yaşında elə yalan danışır ki, bişmiş toyuğun gülməyi gəlir. Guya bu adamları MM-ə seçən xalqdır. R. Məmmədhəsənov 14 ildir Gədəbəydən deputat mandatını “zanit” edib kimsəni ora buraxmır. Məsuliyyəti də xalqın üzərinə atır ki, seçicilər onun ətəyindən yapışıb buraxmaq istəmir. Ona görə qocaman deputat hələ gələn il keçiriləcək parlament seçkilərinə də ayaq yeri qoyub, “nə olsun, Trampın da 74 yaşı var” deyir.

Məmmədhəsənov “bu məsələdə də qərar verən seçicidir, seçici kimi istəyir, onu da seçir” deyir. Amma onun deputat olduğu dairənin seçiciləri heç də onun dediyini demir. Sosial şəbəkədə yayılan videolardan da görünür ki, seçicilər onun üzünü seçkidən-seçkiyə görür və heç bir işə yaramadığına da çox qəzəblidirlər. Onun bəlli bir siyahı üzrə saxta yolla seçildiyini ötən seçkidə alternativ olduğu digər YAP üzvü Nazim Məmmədov də açıqlamışdı. “Səlahiyyəti olmayan şəxslərin, ayrı-ayrı icra qurumlarda işləyən şəxslərin sizin kampaniyada iştirak etməsi və inzibati resurslardan məcburi istifadə, seçiciləri ələ almaq üçün onlara dərman preparatlarının paylanılması, kifayət qədər əlimizdə əsasların olması imkan verir ki, sizin namizədliyinizi ləğv elətdirim”-deyə N. Məmmədov vurğulamışdı. Amma elə həmin seçkidə YAP dəstəklədiyi R. Məmmədhəsənovu seçdirdi ki, hələ indiyə qədər də parlamentdədir.

R. Məmmədhəsənov parlamentdəki çıxışları ilə gündəmə gəlməsə də, macəraları ilə mətbuata tez-tez mövzu verir. Bir müddət əvvəl mətbuatda onun oğlunun toyu ilə bağlı komik yazılar getmişdi. Yazıda deyilirdi ki, deputat toya əsasən öz həmkarlarını dəvət etdiyinə görə, Gədəbəydə yaşayan qohumlarını saya salmayıb. Toya spiker Oqtay Əsədovu da dəvət edib və o, məclisə gecikdiyinə görə bəylə gəlini 2 saat maşında gözlədib. Yalnız toyun əsas qonağı – Oqtay Əsədov məclisə təşrif buyurduqdan sonra onlar da şadlıq evinə gəliblər. Xəbərə görə, mərasimə vaxtından xeyli gec gələn O. Əsədov onu gözlədiklərinə görə Məmmədhəsənovu qınayıb. Bu xəbərdə adını “yaltaq” olaraq hallandıranlara əsəbiləşən deputat deyib ki, bunlar hamısı böhtandır. Deputat bildirib ki, uzaqda yaşayan qohumlarını da əziyyət verməmək üçün toya dəvət etməyib. Xülasə, ölkə parlamentinin durumu bərbaddır. Adamların 14 illik deputat fəaliyyətində ortaya qoyub müzakirə ediləcək normal bir əməli yox. Növbəti seçkilərdə bu adamlardan birdəfəlik qurtulmaq lazım. Yoxsa bu ölkəyə çox yazıq olacaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.