Parlamentin adı “lal deputatlar” siyahısında yer alan bir üzvü də Laçın rayon seçki dairəsindən mandat almış Mahir Abbaszadədir. Adam MM-də varlığı ilə yoxluğu bilinməyən o deputatlardandır ki, küçədə dayanıb bir sorğu keçirsəniz, onu tanıyan olmayacaq.
Hətta yaxın zamanlarda jurnalistlər arasında keçirilən sorğuda da böyük əksəriyyət deputatı tanımadığını bildirmişdi. Yalnız bir nəfər – A. Niftiyev onu, sadəcə, bank müdiri kimi tanıdığını demişdi. “Deputat kimi onun hər hansı fəaliyyətindən və çıxışlarından xəbərim yoxdur. Bəlkə, Mahir müəllimin özü də unudub ki, millət vəkilidir…”
Doğrudan da, Mahir Abbaszadə deputat fəaliyyətinə kimi bir çox banklarda məsul vəzifələrdə çalışıb. O, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib.
2015-ci ildə Laçın seçki dairəsindən Milli Məclisin deputatı seçilən M. Abbaszadənin deputatlıq fəaliyyətindən heç laçınlıların da xəbəri yoxdur. Amma deyəsən onun “lallar” siyahısında yer alması ölkə rəhbərliyinin maraqlarına uyğun gəlir. Belə ki, 2018-ci ildə o daha önəmli bir vəzifəyə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin olunub. Bu ilin iyun ayında mətbuat deputatın qardaşının adının korrupsiya işində hallandığını gündəmə gətirərək, onun Fondun rəhbərliyindən kənarlaşdırılacağını yazdı. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və rüşvət almaqda təqsirləndirilən “Nikoil” bankın filialının vəzifəli şəxsləri arasında onun qardaşı “NİKOİL” bankın Sumqayıt filialının müdir müavini Zahir Abbasov da vardı. Məlum olmuşdu ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri ilə birlikdə 92 min manat məbləğində vəsaiti mənimsəmələrinə görə cinayət işi başladıb. Saxlanılan şəxslərin vətəndaşların kredit ilə aldıqları 451 min manat məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini fırıldaqçılıqla ələ keçirdikləri iddia olunurdu.
Həmin cinayət işində məsələlərin nə yerdə olduğunu bilmirik, amma Mahir Abbaszadə Fond rəhbəri kimi fəaliyyətinə əvvəlki qaydada davam edir.
Laçınlı deputatın səsi parlament tribunasından eşidilməsə də, mətbuatda tez-tez eşidilir. O, sorğuda adının “lal deputatlar” siyahısına salınmasını da “mətbuat vasitələrinin qara “piar”ı” adlandırır. “Əgər siz mənim seçicilərimlə ünsiyyətə girsəniz, onlardan soruşsanız, görərsiniz ki, mən aktiv olaraq seçicilərimlə ünsiyyətdəyəm. Müraciətlərin 50 faizi demək olar ki, həllini tapıb, yerdə qalanı isə tapmaq üzrədir.” “Amma internetdə axtarış verəndə seçicilərin sizi tapa bilməməsi, onlar yaşayan ərazilərdə öz biznesinizlə məşğul olmağınız barədə yazılar çıxır” sualına deputat belə cavab verir: “Mən bizneslə məşğul olmuram. İqtisad elmləri üzrə fəlsəfə doktoruyam. Deputat fəaliyyətimə qədər bank sektorunda filial müdiri işləmişəm. Hazırda doktoranturada oxuyuram. Əgər həqiqətən biznesim varsa, onu yaradıb qura bilərəmsə, sadəcə, mən bununla qürur duyardım. Amma yoxdur. Laçınlıların bu gün yaşadığı ərazilərdə heç biznes yaratmaq üçün şərait də yoxdur. Gedib, orada yaşayan laçınlılardan soruşsanız, şahidi olarsınız ki, həqiqətən heç nəyim yoxdur.” İndi bizdən də “seçicilərin sözünə inanardınız, yoxsa deputatın” deyə soruşsalar, şübhəsiz, seçicilərin sözünü deyəcəyik. Çünki bu ölkədə deputat statuslu kimsənin sözünə zərrəcən inam qalmayıb.
azadliq.info