MOSKVA DEPUTATLARININ GİZLİ KOTTECLƏRİ- Navalnı ifşa etdi: Dumanın "sözəbaxan" üzvləri necə mükafalandırılır?

29-11-2019, 07:36   

 

Tanınmış rusiyalı müxalifətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının Moskva qərargahı ifşaedici araşdırma ilə çıxış edib. Araşdırma Moskva Şəhər Duması deputatlarının şəhər kənarında sahib olduğu daşınmaz əmlakla bağlıdır.

Müəlliflər qeyd edirlər ki, “Moskva Şəhər Duması deputatının statusu haqqında” qanun deputatlara yaxşı iş şəraitinə zəmanət verir. Məsələn, qanuna görə, deputatlar üçün dəbdəbəli “Audi A6” ilə yanaşı, 48 günlük tətil zamanı kurortlara səfərlər, dərman, rabitə və s. təminatlar nəzərdə tutulub. Lakin orada lüks daşınmaz əmlak haqqında heç nə qeyd olunmayıb.

Araşdırmaya təkan verən Vahid Rusiya Partiyası üzvlərinin təqdim etdikləri bəyannamələr olub. Həmin sənədlərdən məlum olub ki, hakim partiyanın 16 üzvünün adına “xidməti əmlak” var. Və bunlar əsasən sahəsi 260 kvadratmetrə qədər olan kotteclərdir.

Kotteclərin bir çoxu Odintsovoda, Paulyus gölü bölgəsində və elit Dovil kəndi yaxınlığındakı ərazidə yerləşir. Bu əmlaklar Moskva Şəhər Dumasının balansında deyil və kadastr məlumatlarında göstərilməyib.

“Moskva Şəhər Dumasının balansında bu cür mənzillər və ya kotteclər yoxdur. Deputat bəyannamələrində əks olunan bu obyektlər necə ortaya çıxıb və harada yerləşir? Bunu bilmək üçün iclaslardan sonra deputat maşınlarının hara getdiyini izləməyə qərar verdik. Onları uzun müddət izləyərək gördük ki, “Audi A6” xidməti avtomobillərin bir hissəsi sistemli şəkildə “Paulyus” gölü bölgəsindəki Odintsovo istiqaməting – dəbdəbəli kottec kəndi Dovilə bitişik əraziyə gedir. Bu, yüksək hasarla qapadılmış bir ərazidir. Darvazada heç bir lövhə yoxdur”, – araşdırmada qeyd olunur.

Araşdırma müəllifləri deputat maşınlarını gözləyəndə “Paytaxt təhlükəsizliyi” təşkilatının (Moskva hökumətinə aid obyektləri qoruyur) nümayəndələri polis çağırıblar. Polislər onlara buranın “sanatoriya” ərazisi olduğunu deyiblər:

“Halbuki bu, sanatoriya deyil. Bu, keçmiş “Ozyora” istirahət evinin ərazisidir. Lakin şəhərə aid digər sanatoriyaların siyahısında bu barədə məlumat tapa bilməzsiniz. Onun ərazisində hansı binaların olduğunu tapmaq o qədər də asan deyil. Bəlkə də gizlilik səbəbindən və ya vergi ödəmək istəmədikləri üçün orada yerləşən binalar kadastr uçotuna qoyulmur. Əlbəttə ki, bu qanunsuzdur”.

Deputatlar öz bəyannamələrində məlum obyektləri müxtəlif yaşayış növü kimi qeyd ediblər. Məsələn, Şapoşnikova və Stebenkova həmin yeri kottec, Metelski yaşayış kompleksindəki kottec, Svyatenko və Antontseva mənzil, Dragunkina kottec-mənzil kimi göstərib.

2010-cu ildə “Ozyora” istirahət evi ləğv edilib və orada tikilmiş kotteclər Moskva meriyasının maliyyə-təsərrüfat idarəsinin balansına verilib.

Sənədlərə görə, adıçəkilən qurum Moskva merinin və hökumətin digər üzvlərinin fəaliyyətinə maddi və texniki dəstək verir. Sənəddə Moskva deputatlarına da belə bir dəstəyin verilməsi nəzərdə tutulmayıb.

Sergey Sobyanin və Anastasiya Rakova

Kommunist Partiyası fraksiyasının deputatı Yelena Şuvalova araşdırma müəlliflərinə bildirib ki, 2014-cü ildə Moskva Şəhər Dumasına seçildikdən sonra ona da “Ozyora”da bir kottec rəsmiləşdirmək təklif olunub. Bu təklif Moskva merinin müavini Sergey Sobyanin müavini Anastasiya Rakova tərəfindən gəlib. Deputatlara eşitdiriblər ki, kottec sahibi olmaq istəyən Rakovanın “qəbuluna” düşsün. Müraciətlərə baxıb, onları dəyərləndirmək onun səlahiyyətindədir.

Anastasiya Rakova Moskvanın ən yüksək vəzifəli şəxslərindən biri sayılır. Daxili siyasətə nəzarət edir, seçkilərdə namizədlərin qəbulu və çıxarılması barədə qərarları o verir. Bir sözlə, ən müxtəlif yollarla siyasi sabitliyi təmin edir.

Araşdırma müəllifləri qeyd edirlər ki, Sobyanin Moskva sakinlərinin vergiləri hesabına formalaşan büdcənin pullarını bəzi deputatlara “sözəbaxan” olmaları üçün xərcləyir. Müstəqil və müxalif fikirli deputatların əksəriyyətinin bu kotteclərdən xəbəri belə, yoxdur…

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.