Sərhəddəki Süleyman Şah Türbəsi nəzarətə alınıb, ordu generalı isə bunu «planlı addım» kimi qiymətləndirib
Dünəndən etibarən Türkiyə Quru Qoşunlarının tərkibində fəaliyyət göstərən briqadalardan biri Suriya ərazisinə daxil olub. Türk mətbuatı xəbər verir ki, Türkiyə hərbçilərinin qonşu ölkə ərazisinə daxil olması və Süleyman Şah Türbəsi ətrafını nəzarətə alması ilə bağlı hər hansı bir tutarlı açıqlama verilmir. Quru Qoşunları komandanı, general Hülusi Akar mətbuata bununla bağlı verdiyi açıqlamasında əvvəlcə faktı inkar edib. Lakin Tvitterdə yayımlanmış fotoşəkildən sonra məcburiyyət qarşısında qalaraq bəzi fikirlərini mətbuata açıqlayıb. O bildirib ki, hər hansı bir müdaxilə və ya işğaldan söhöət gedə bilməz. «Suriya ilə əldə edilmiş razılaşmaya əsasən sərhədyanı ərazilərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlardan biridir. Ordumuz bu ölkənin ərazisində uzunmüddət qalmayacaq. Hər hansı bir fövqəladə vəziyyət də mövcud deyil. Planlaşdırılmış addımdır».