“Britaniya hökuməti Suriyada döyüşmək üçün cihadçılar hazırlayır və onlara sponsorluq edir”.
Axar.az xəbər verir ki, bu açıqlamanı “Ski nyus” kanalına müsahibəsində suriyalı cihadçı Yılmaz deyib. Hollandiya ordusunda xidmət edən və bu ölkədə qocalar evində işləyən cihadçı artıq 2 ilə yaxındır ki, Suriyada 16-20 yaş arası britaniyalı gəncləri döyüşmək üçün öyrədir:
“Gənclər Bəşər Əsəd rejiminə qarşı döyüşmək üçün Suriyaya könüllü göndərilirlər. Britaniya hökuməti Suriyada döyüşmək üçün cihadçılar hazırlayır və onlara sponsorluq edir. Mənim özüm də onlara yardım edirəm. Suriyaya döyüşmək üçün getmək çox asandır. İnsanlar istirahətə gedir və özlərini Suriyada tapırlar. Əlbəttə, Suriya və İraqda döyüşən britaniyalı gənclərin geri döndükdən sonra terror aktları törətmə ehtimalı ilə bağlı hökumət narahatlıq keçirir. Amma mən bu gənclərin heç bir təhlükə törətməyəcəklərini düşünürəm”.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Suriyada döyüşən britaniyalı gənclərin müraciətləri yayılıb. Britaniya xüsusi xidmət orqanları isə Suriya və İraqda döyüşən təxminən 400-500 arası britaniyalı gəncin olduğunu bildirib.