Erməni saytları Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun işğal altındakı Kəlbəcər rayonuna daxil olduğunu və Ermənistanın Vardenis (Göyçə) mahalından olan 14 yaşlı yeniyetmə çobanı əsir götürdüyü barədə məlumat yayıb.
anaxeber.info virtualaz.org saytına istinadən xəbər verir ki, bu xəbər Ermənistanda ciddi təşvişə səbəb olub. Məlumatda deyilir ki, erməni qüvvələri Azərbayan ordusunun diversiya qrupu ilə atışmaya girib və kəşfiyyatçılar əvvəlki mövqelərinə geri çəkiliblər. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovanisyan bu gün açıqlama verərək 14 yaşlı yeniyetmənin azərbaycanlılar tərəfindən əsir götürülməsini "dezinformasiya” adlandırıb, lakin Azərbaycan kəşfiyyatçılarının Kəlbəcərə daxil olması məsələsinə heç bir şərh verməyib.
Aysor.am saytı isə öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan tərəfi Kəlbəcər istiqamətində kəşfiyyat-diversiya həmləsi edib. Belə ki, Kəlbəcər istiqamətindən Ermənistan sərhədini iki azərbaycanlı keçib, onlardan birini aşkar etmək mümkün olub, digəri isə qaçıb. Məlumatda digər təfərrüatlar göstərilmir, ancaq belə çıxır ki, Azərbaycan kəşfiyyatçıları nəinki işğal altında olan Kəlbəcər ərazisinə daxil olublar, üstəlik oradan Göyçə mahalına da keçiblər.
Azərbaycan kəşfiyyatçıları Göyçə mahalına girib?- Açıqlama
anaxeber.info xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən axar.az-a bildirilənə görə, məlumat həqiqəti əks etdirmir:
"Bu bir daha həmin agentliyin necə qeyri-ciddi KİV olduğunu təsdiq edir. Həmin sayt dəfələrlə Azərbaycanla bağlı qeyri-ciddi, heç bir həqiqəti əks etdirməyən məlumat yayıb. Hətta Ermənistan tərəfinin özü belə bu agentliyin yaydığı məlumatı elə onların özünə təkzib edib. Ümumiyyətlə, bu barədə yayılan informasiya sadəcə, dezinformasiya xarakteri daşıyır. Ermənilər son dövrlər Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimlərdən xeyli qorxuya düşüb. Məhz buna görə onlar bu tip informasiyaları daxili auditoriyaya ünvanlayırlar. Bir daha qeyd edirik ki, yayılan bu məlumat təxribat xarakteri daşıyır”.