Astara Mərkəzi Xəstəxanasında saxlanan şəxs: "Üç gündür yuyuna bilmirik"

29-02-2020, 09:13   


Video açılmasa, YouTube-da izləyin.

Koronavirus şübhəsi ilə Astara Mərkəzi Xəstəxanasına aparılanlar buradakı şəraitsizlikdən narazılıq edirlər.

Xəstəxana rəhbərliyi isə bəzi pasiyentlərin "evə getmək istədiyi üçün "hər şeydən narazılıq" etdiyini bildirir.

Sosial mediada Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında İrandan gələn və karantində saxlanan şəxslərin etiraz və ətrafda polis qüvvələrinin olduğu görüntüləri yayılıb.

Nazirlər Kabineti isə məlumat yayıb ki, koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib, məlumatda deyilir.

Cümə günü Azərbaycanda ilk koronavirusa yoluxma halı qeydə alınıb.

"Suya həsrətik"

"Üç gündür yuyuna bilmirik. Dişimiz, bütün bədənimiz suya həsrətdir. İmdad diləyirik. Bizi burda virusa yoluxduracaqlar,"- Astara Mərkəzi Xəstəxanasında karantində saxlandıqlarını deyən Rəhilə Məstəliyeva bildirir.

O, BBC News Azərbaycancaya bildirib ki, bacısı qızı ilə Tehrandan həkimdən qayıdarkən hərarətlərini yoxladıqdan sonra onları Astara Mərkəzi Xəstəxanasına gətiriblər.

"Sərhəddə bizi antisanitariya vəziyyətində bir təcili yardım maşınına yığıb gətirdilər Astara xəstəxanasına. Xəstəxanada istiliyimizi bir də ölçdülər, 36,2 idi, sonra içəri buraxdılar. Bizi yoxlayan həkim-tibb bacılarının əyinlərində sadəcə bir həkim xələti var idi. Nə bir maska, nə bir əlcək geymişdilər. Bu gündən başlayıblar, əl-ayağa düşüblər. Tapşırıblar ki, əlcək-maska taxın, gəldilər yataqları da dəyişdilər. Deyəsən, kimsə yoxlamağa gələcək", Rəhilə Məstəliyeva deyib.

"Karantindəyiksə, nə üçün burda adi vətəndaşlarla bir yerdəyik?"

Rəhilə xanım BBC News Azərbaycancaya deyir ki, çərşənbə günü Astara Mərkəzi Xəstəxanasının qəbul şöbəsində "yarım saat gözlədikdən və üşüdükdən sonra onlar soyuğa və antisanitariya vəziyyətinə etiraz ediblər".

"Biz hay-həşir saldıq ki, bura soyuqdur, bu nə vəziyyətdir, sonra bizi gətirdilər uşaq şöbəsinə. İçəri girdim gördüm ki, balaca uşaq yatıb. Çölə çıxanda anası mənə dedi ki, siz ora niyə girdiniz? Deyirəm, bilmirəm, bizə dedilər ki, bu otağı sizə veriblər. Səhəri gün bizə başqa otaq verdilər, getdik ki, o otaqda da iki uşaq yatır. Biz karantində olmalı şəxslər və orada yatan uşaqlar... Karantindirsə, bu xəstəliyə görə bizi bura gətiriblərsə, nə üçün biz burda adi vətəndaşlarla bir yerdəyik?"

"Hazırda xəstəxanada neçə nəfərin karantində saxlandığını bilmirəm", - Rəhilə Məstəliyeva deyir, - "burda bizdən başqa iki nəfər də xarici cütlük var," - o əlavə edib.

Müsahibimiz bildirir ki, sərhəddən keçənlərin xəstəxanaya gətirilməsi bu gün də davam edib.

"Tualet-hamam sınıq-salxaq vəziyyətdədir. Üç gün idi əlimizi düz-əməlli yuya bilmirdik. Su yox idi, heç nə yox idi. Palatada bir kran var idi, biz aləmi qatdıqdan sonra gətirib ora bir göy rəngli sabun atıblar və bütün xəstələr o sabunla əllərini yumalıdır. Təsəvvür edin qadın xeylağıyıq, nə vəziyyətdəyik. Bu gün xəstəxanaya su gəlməyə başlayıb, ancaq indi də isti su yoxdur. Deyirik, tələb edirik, deyirlər ki, analiz götürmüşük, gözləyin, bir sutkadan sonra buraxacağıq. Dünən axşam analiz götürdülər ki, sabah sizi buraxa bilərik. Bəzisi isə deyir ki, yox, 14 gün karantində qalacaqsınız. İndi gözləyirik, görək nə olacaq?"

Rəhilə Məstəliyeva deyir ki, xəstəxanada antisanitariya vəziyyəti hökm sürdüyündən, o, verilən yeməklərə yaxın durmayıb:

"İnanın ki, gedib baxmamışam yeməyə nə verirlər. Üç-dörd yumurtanı gətirib atmışdılar ora, bir də çay. Bu gün də deyəsən yağ-çörək filan gətiriblər. Onu da vətəndaşlar narazılıq ediblər ki, "bu nə yağdır?". Cavab veriblər ki, bizə belə veriblər. Heç nə, nə yeyəcəyik, pul veririk bizə peçenye alırlar. Burda bəzi şəxslərə pul veririk bizə yemək alıb gətirirlər onu yeyirik. Bizə nəzarət edən polislərə də bu gün tibbi maska və əlcək veriblər".

"O qadın hər şeydən narazıdır"

Astara Mərkəzi Rayon Xəstəxanasından BBC News Azərbaycancaya bildiriblər ki, hazırda mərkəzdə 83 nəfər "karantindədir". Qurumdan karantinə alınmış şəxslərin xəstəxanaya çərşənbə günündən etibarən gəldikləri deyilib.

Xəstəxananın həkimi Oqtay Əmənullayev BBC News Azərbaycancaya deyib ki, xəstəxananın aidiyyatı şöbəsi dolub deyə gələn şəxsləri uşaq xəstəxanasını boşaltdıqdan sonra ora yerləşdiriblər.

"Biz karantin elan olunduğu ilk gündən, ayın təxminən 23-24-dən maskaları, əlcəyi geyməyə başlamışıq. Hazırda kombinzondayıq. O xanım hər şeydən çox narazıdır, çox iddialar edir. O, evinə getmək istəyir. Bütün karantinə alınmış adamlar narazı olurlar. Bu hökumətin qanunu var. Bizə nə vaxt yuxarıdan desələr ki, buraxın, o zaman buraxacağıq," - Oqtay Əmənullayev deyib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya xəstəxanalarla bağlı suallara TƏBİB-in cavab verməli olduğunu bildirib. TƏBİB-dən bu barədə şərh almaq mükün olmayıb.

data

Nazirlər Kabinetindən xəbərdarlıq

Sosial mediada Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında İrandan gələn və karantində saxlanan şəxslərin etiraz görüntüləri yayılıb. Görüntülərdə həmçinin xəstəxananın qarşısında polis dəstəsinin cəlb olunduğu görünür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının qarşısına polis cəlb olunduğu iddialarını təkzib edib.

Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah isə cümə günü axşam saatlarında məlumat yayıb ki, İrandan Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.

Koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq-mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib, məlumatda deyilir.

Nazirlər Kabineti xəbərdarlıq edir ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir.

Koronavirus karantin

Əlaqəli mövzular

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.