Ramazan SİRACOĞLU, professor
Okkultizmə dair kitablara istinadla söyləyə bilərik ki, insanlar bütün zamanlarda kənar qüvvələrin onların işinə, taleyinə fəal şəkildə müdaxilə etdiyinə inanıblar. Onların inamına görə, gözəgörünməzlərin bir qismi onlara uğur, bir qismi isə uğursuzluq gətirir. Məhz buna görə də bütün dindən olan insanlar ciddi-cəhdlə özlərini daha çox şər qüvvələrdən qorumağa çalışıblar.
İllər və nəsillər dəyişsə də, insanların həmin qüvvələrin varlığına inamları qətiyyən sarsılmayıb. Əslində, ibadət etmək, nəzir-niyaz vermək, müxtəlif ritualları yerinə yetirmək təhlükələrdən qorunmaq önləmlərindəndir. İnsanlar inanırlar ki, daşıdıqları adların, doğulduqları günün, ayın, ilin, bürcün onların taleləri ilə bir bağlılığı var. İsrarlı şəkildə onun sirlərini açmağa can atır, müxtəlif numeroloji cədvəllər, xiromantiya fərziyyələri yaradırlar.
Sosial mövqeyindən asılı olmayaraq, hamı, hətta özünü ateist sayanlar da ilahi ədalətin labüdlüyündən ehtiyat edir. Bu xüsusda Mehmet Akif Ersoyun məşhur misralarını xatırlatmaq yərinə düşür:
…Ne irfandır veren ahlaka yükseklik, ne vicdandır;
Fazilet hissi insanlarda ALLAH korkusundandır.
Bu yazıda “talisman” sözü ilə bağlı düşüncələrimizi dəyərli oxucularla bölüşmək istəyirik.
XXI əsrdə yaşamağımıza baxmayaraq, biz hələ də qədim insanlar kimi, təbiətin mərhəmətindən asılıyıq. Bu gün də biz fors-major qüvvələr qarşısında acizik. Təbii olaraq, yaşamaq instinkti bizi daim qorunma mövqeyində qalmağa, təminatlı nicat yolu tapmağa məcbur edir. Dördyarpaqlı yonca tapmaq, qapıya at nalı asmaq, boyunda dua gəzdirmək, gözmuncuğu taxmaq, “maşallah”, “inşallah” sözlərini dildən düşürməmək, üzərlik yandırmaq, fala baxdırmaq, yuxu yozdurmaq və sairə önləmlərə əl atmaq məhz acizliyimizin bariz numunələridir.
Şəxsi düşüncəmə görə, bəşər övladı heç vaxt bu asılılıqdan qurtulmayacaq. İnsan beyni kainatı tam dərk etməyə yetərli deyil. Cavid əfəndi doğru buyurmuşdur:
Hər dəha çırpınaraq SƏNdə arar feyz ü kəmal
Yenə yox kimsədə əsla SƏNi idrakə məcal…
Ərəb dilində “daşımaq” mənası verən “حمل” kökündən yaranan “حَمائِل” “ həmail” sözü boyundan asılan və sahibini bütün şər qüvvələrdən qoruyan “gərdanlığa” deyilir. Aşıq Ələsgərin bir təcnisində biz bu sözün işləndiyini görürük:
Şahmar zülfün bədnəzərdən daldala,
“Dola” gərdəninə, həmayil eylə!
Aç niqab altından mah camalını,
Aləmi hüsnünə ha mayıl eylə!
Ərəblər və yəhudilər “həmail”ə “beşlik” anlamına uyğun gələn “xəmsə – خمسة” deyirlər.
Ərəblər və yəhudilərin boyunlarında gəzdirdikləri “xəmsə” əl şəklindədir. Ərəblərin “xəmsə”si ilə yəhudilərin “xəmsə”sinin fərqi əlin barmaqlarının yuxarı və ya aşağıya simmetrik və asimmetrik istiqamətlənməsindədir.
Ərəblərin inancına görə, insanların taleyində beş ulduzun – Ütarid, Zöhrə, Mərrix, Müştəri və Zühal – önəmli təsiri var. İslam peyğəmbərinin və ailəsinin – Ali əbanın- آل عبا – adları yazılmış “həmail”- xəmsə – isə onları həmin ulduzların mənfi təsirindən qoruyur.
Ərəblər “xəmsə”yə “يد فاطمة” – “Fatimənin əli” də deyirlər. Yəhudilərin “xəmsə”si- חמסה– bir qədər fərqlidir. “Musa peyğəmbərin bacısı Miriamın əli” olaraq hesab edilən “xəmsə”də Davidin altıguşəli ulduzu ön planda həkk olunur.
Atəşpərəstlər də beş varlığın ilahi qüdrət sahibi olduğuna inanıblar. Onlar da üstünə Hörmüz, Əhrimən, Gah (Yer), Cay (səma) və Houm (dilimizdə “acılıq otu” adlanan “efedra” bitkisi; əczaçılıqda ondan “efedrin”in alınmasında istifadə olunur) sözlərinin yazılmış olduğu əşyanın insanları şər qüvvələrdən qoruduğunu düşünürdülər.
Dilimizdə işlənən “tilsim”, “sehr”, “təvizə”, “əfsun”, “cadu”, “nirəng” sözlərinin hamısı əcnəbi mənşəlidir. Məsələn, dilimizdəki ərəb kökənli “tilsim” – طلسم –, əslində, yunancada “açılmayan düyün, ilgək” mənasına gələn: τέλεσμα (telesma) kəlməsindəndir. Avropa dillərində işlənən “talisman” da “tilsim” sözündən törəmişdir. Rus dilində “talisman”ın qarşılığı “о́берег” -“obereq” (qoruyan) sözüdür.
İslam dinində ALLAHdan başqa istənilən varlığı müqəddəsləşdirib ondan yardım, nicat gözləmək müşriklik hərəkətidir, çünki bu hərəkət “Qurani-kərim”in başlanğıcı olan “Fatihə” surəsinin beşinci ayəsinə daban-dabana ziddir: “Biz yalnız sənə ibadət ( qulluq, bəndəlik) edir və yalnız səndən yardım istəyirik.”
Xatırladaq ki, mömin insanın nədənsə xoflanaraq özünü mühafizə məqsədilə ALLAHdan başqa nələrə və kimlərəsə müraciəti birbaşa onun imanının naqisliyinə dəlalət edir, çünki özünü mömin adlandıran adam iman gətirəndə “öz başına gələcək bütün xeyir və şər işlərin ALLAHın təqdiri olduğuna” inandığını söyləyir: “آمَنْتُ… وبَالْقَدْرِ خَيْرِه وَشَرِّه مِنَ اللهِ تَعَالى – Aməntu… və bi-l- qədəri xeyrihi və şərrihi min ALLAHi təala…”.
Qeyd etmək lazımdır ki, islam dinində olduğu kimi, xristian dinində də insanların batini inanca uyub müxtəlif əşyaları ilahiləşdirməsinə, birmənalı şəkildə, mənfi münasibət bəslənilir.
Çağdaş dünyada geniş yayılmış “amulet” sözünün latın dilində “fövqəlgüc” anlamını verən “amulet”dən gəldiyi iddia olunsa da, fikrimizcə, “amulet” leksemi mənşə baxımından ərəb dilindəki “حملات-– həməlat” sözünün təhrif olunmuş formasıdır.
Ümumiyyətlə, Avropa dillərində ərəbmənşəli çox söz var. Məsələn: azimut-assumut- səmtlər-yönlər; protokol- bərat əl qövl – danışıq bəlgəsi; alkoqol- əlkuhl-nəyinsə özü, cövhəri; algebra-əlcəbr-çətinlik və s.
Ərəblər insana uğur gətirəcəyinə inanılan əşyaya “əltəmimə- التميمة” deyirlər. Hələ islam dinini qəbul etmədən öncə, cahiliyyə dönəmində qədim ərəblər müxtəlif əşyaların sehrli gücə malik olduğunu düşünmüş, boyunlarından dovşan pəncəsi, pişik və tülkü dişi asarlarmış. Ərəblər müsəlman olmamışdan əvvəl xəstələnən adamın yanında iki-üç dənə “bədəl” adlandırdıqları kukla da qoyurlarmış ki, ölüm mələyi yanılsın, əsl xəstənin canını almaqda çətinlik çəksin. S. Ə. Şirvani ərəblərin bu qədim adətini bir qəzəlində belə xatırlayıb:
Səyyafa bədəl hər kimi cəm eyləsə arif,
Səyyadi- əcəl gəlsə məcal eyləmək olmaz…
İslamın qəbul edildiyi ilk vaxtlardan İranda Həzrət Əli şəxsiyyətinə sarsılmaz inam olub. Onların düşüncəsinə görə, üzərində “Şahi-mərdan– شاه مردان – İgidlərin başçısı”, “Şiri-Yəzdan- شیر یزدان – ALLAHın aslanı”, “Qüdrəti-Xuda- قدرت خدا – ALLAHın gücü” yazılan hər şey insanı bütün müsibətlərdən qoruyur.
Osmanlı ordusunun əsgərlərinin döyüş bayraqlarında, bir qayda olaraq, “لا فتى إلا علي لا سيف إلا ذو الفقار – Lə fəta illa Əli, lə seyfə illa Zulfiqar- Əli kimi gənc, Zülfiqar kimi qılınc yoxdur” yazılır, hərbi nişanlarında Zülfiqar simvolu olurdu. Yeniçəri döyüşçüləri də üstündə müqəddəslərin isimləri yazılmış xüsusi köynəklər – cevşənlər geyirdilər. İnanca görə, cevşən geymiş döyüşçüyə kafir gücü yetməz.
Batini inanc öz aktuallığını bütün dövrlərdə və dövlətlərdə qorumuşdur. Məsələn, II Dünya müharibəsində alman döyüşçülərinin kəmərlərində “İncil” kitabından (Matfey surəsi, 23-cü ayə) alınmış “Gott mit uns – ALLAH bizimlədir” sözləri yazılardı. Yeri gəlmişkən, dünyanın supergüc dövləti ABŞ dollarlarının üstünə “İN GOD WE TRUST- BİZ ALLAHA İNANIRIQ” həkk olunur.
Tilsimin duadan müəyyən fərqi var. Duanın (dua – دعا – “çağrı, yalvarma” ) yazılı və şifahi şəkildə bəlli mətni olur. Tilsim isə əksər hallarda müxtəlif əcaib işarələrdən, məxfi mənalı rəmzlərdən və anlaşılmaz cədvəllərdən ibarət olur, kriptoqramla yazılır və onu deşifrə etmək, praktik olaraq, mümkün deyil.
Cadugərlər tilsimlərin təsirli olması üçün səs çıxarmayan, geç çürüyən materiallardan faydalanırdılar. Müxtəlif dairələr, səmavi simvolların qarışığından, kabalistik işarə və fiqurların kombinasiysından ibarət olan tilsimlərin təkcə insanlara deyil, heyvan və quşlara, hətta təbiət hadisələrinə də təsir etdiyi düşünülürdü.
Orta əsr qaynaqlarında tilsimkarların fantastik qabiliyyətləri haqqında yetərincə məlumatlar var. Məsələn, ərəb tarixçisi İbn Xəldun (1332- 1406) özünün “Müqədimə” kitabının 3-cü cildinin 1152-1155-ci səhifələrində Hindistan, Sudan və Osmanlı coğrafiyasında tilsimlə nar meyvəsinin gilələrini yox edən, adamların ürəyini parçalayan və yağış yağdıran sehrbazlar gördüyünü yazmışdı.
Əbu Osman əl-Cahiz (777- 869 ) adlı başqa bir ərəb tarixçisi isə “Kitabu’ həyəvan” adlı əsərinin beşinci cildinin 397-ci səhifəsində iddia etmişdir ki, Xums şəhəri tilsim sayəsində əqrəblərdən qurtulmuş, ilanlar Əndəlüs (Kordova) torpaqlarından uzaqlaşmış, qağayılar İsgəndəriyyə şəhərinə gəlmir, sərçələr isə Qahirədəki Ələzhər camisində yuva tikə bilmir.
“Qurani-kərim”də isə sehrin və sehrbazların ALLAH qüdrəti qarşısında çox aciz olduqlarına dair “Taha” surəsinin 69-cu ayəsində hökm vardır:”لَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَى – Lə yuflihu-s sahiru heysu əta- Sehrbaz hara getsə, qurtuluşa çatmaz.”
Şəkildə: Tilsim örnəkləri
Şəxsi düşüncəmizə görə, “talisman” nəyinsə uğurlu olacağına inanıldığı üçün onu dilimizdə “uğurluq” şəklində əvəzləyə bilərik. “Uğur daşı”, “uğur üzüyü”, “uğur böcəyi”, “uğur çiçəyi”, “uğur günü”, “uğur quşu”, “uğur muncuğu”, “uğur adı”, “uğur sözü” və sairə ifadələr bizim dilimizə çox uyumludur. Tonqalın üstündən atılanda dediyimiz “ağırlığım, uğurluğum” deyimimizin olduğunu da unutmayaq.
Tanınmış yazıçımız Firuz Mustafa bu yaxınlarda çıxış edərək A. Puşkinin “Храни меня, мой талисман” şeirindəki “talisman” sözünün dilimizdə qarşılığı barədə axtarışda olduğunu bildirmişdir. (Maraq üçün yazaq ki, Puşkin “Yevgeni Onegin” əsərində qafiyə üçün rus dilində yetərli qədər sözün olmadığından şikayətlənmişdi: Du comme il faut, Шишков, прости: Не знаю, как перевести. Fransız dilində “ədəb-ərkanlı”, “xoş görünüşlü” mənasına uyğun gələn “du comme il faut” ifadəsini Puşkin rus dilində verə bilmədiyi üçün rus dilinin saflığı uğrunda çalışan purist yazıçı, admiral Aleksandr Semyonoviç Şişkovdan (1754-1841 ) üzrxahlıq edib.)
A. S. Puşkinin o məşhur şeirindəki
Храни меня, мой талисман,
Храни меня во дни гоненья,
Во дни раскаянья, волненья:
Ты в день печали был мне дан.
misralarını çevirməyə cəsarətim olsaydı, mən onu aşağıdaki şəklə gətirərdim:
Mənim uğurluğum, sən qoru məni,
Qoru dar ayaqda, bu çətin gündə.
Nədamət anımda, həm də sürgündə
Qəmxarım olmusan, ver hədiyyəni…
“Qurani-kərim”in “Bəqərə” surəsinin 22-ci ayəsində buyurulmuşdur: “فَلَا تَجْعَلُوا۟ لِلَّهِ أَندَادًا – Fə la təc’əlu lillahi əndadən- ALLAHa ortaqlar qoşmayın”.
İlahi kitab nə qədər xəbərdarlıq etsə də, insanlar təbiət qüvvələri qarşısında aciz qaldıqca, bu qadağaları bilincli şəkildə “unudaraq” haqqında eşitdikləri əlavə qüvvələri də səfərbərliyə alaraq, özlərini hər cür arzuolunmaz şər qüvvələrdən, kəm gözlərdən, mənhus nəfslərdən qorumağa çalışacaqları bir gerçəklikdir. Deməli, bizimlə bərabər varlığını sürdürən batini inanclarla bağlı söz və deyimlərin də ana dilimizdə qarşılığını tapıb işlətmək zərurəti gündəmdən heç düşməyəcəkdir. Lap elə bu yazıdakı “talisman- uğurluq” sözünün nümunəsində olduğu kimi…