Koronavirus pandemiyasına görə, ali məktəblərdə yekun attestasiya, orta məktəblərdən buraxılış və ali məktəblərə qəbul mərhələlərində yeni qaydalar müəyyənləşib.
BBC News Azərbaycanca Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinə ünvanladığı suallarla yeni qaydalara aydınlıq gətirib.
Azərbaycanda koronavirusla mübarizə tədbirləri nəticəsində bütün təhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarı ilə martın 3-dən dayandırılıb.
Yeni dəyişiklərə görə, 9-cu sinif şagirdləri bu il cəmi bir mərhələ üzrə imtahan verəcəklər. Onlar ötən illərdəki imtahanın ikinci mərhələsinin modelinə uyğun - yəni, tədris dili, riyaziyyat və xarici dil fənnlərindən 90 (qapalı tipli suallar) tapşırıq üzrə imtahan verəcəklər.
Digər bir dəyişiklik isə şagirdlərin qiymətləndirmə şkalası ilə bağlıdır.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirir ki, bundan sonra birmərhələli imtahanlarda şagirdlər "hər fənn üzrə 100 ballıq şkala ilə" qiymətləndiriləcəklər.
"Artıq imtahanlar birmərhələli olduğuna görə, şagirdlər hər fənn üzrə 100 bal toplaya biləcəklər. Əvvəllər isə şagirdlər imtahanın birinci mərhələsində hər fənn üzrə 30, ikinci mərhələdə isə 70 bal toplayırdılar. İmtahanların ikinci mərhələsində şagirdlər yenə tədris dili, riyaziyyat və xarici dil fənnlərindən 90 qapalı tipli tapşırıqları həll etməli idilər," - qurum sözçüsü bildirib.
Martın 1-də Bakı, Naxçıvan və Şirvanda yerləşən məktəblərin 4 mindən çox şagirdi buraxılış imtahanının birinci mərhələsində iştirak ediblər.
Cənab Xanlarzadə deyir ki, "qaydaya əsasən həmin imtahanda iştirak etmiş şagirdlərin topladığı ballar 100 ballıq şkalaya keçiriləcək".
"Martın 1-də imtahanda iştirak etmiş dörd minə yaxın şagirdin nəticələrinin 100 ballıq şkalaya uyğunluğu 2018 və 2019-cu illərdə keçirilən imtahanlarda 9-cu sinif şagirdlərinin birinci mərhələdə topladıqları ballar arasındakı statistik əlaqənin araşdırılmasının nəticələrinə əsasən müəyyən olunub. Yeni şkalaya uyğunlaşdırılmış qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan (birmərhələli imtahan modelinə uyğun) keçirilməsi nəzərdə tutulur," - qurum rəsmisi vurğulayır.
Doqquzuncu sinif şagirdlərinin kolleclərə qəbulu yeni tətbiq ediləcək qaydaya, birmərhələli buraxılış imtahanlarının nəticələrinə uyğun, müsabiqə yolu ilə aparılacaq.
Martın 1-də imtahan vermiş şagirdlər kolleclərə qəbul müsabiqələrinə qatılmaq üçün isə iyun ayında keçirilməsi planlaşdırılan imtahanda iştirak etməldirlər.
Xanlar Xanlarzadə deyir ki, onların kollecə qəbul olması üçün birinci mərhələdə topladıqları nəticələr nəzərə alınmayacaq".
Martın 11-də kolleclərə qəbul olmaq istəyənlərin sənəd qəbulu başa çatıb.
On birinci siniflərin buraxılış imtahanlıarında heç bir dəyişiklik yoxdur. Şagirdlər əvvəlki illərdə olduğu kimi, tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırığı həll etməli olacaqlar.
Lakin DİM sözçüsü 85 tapşırığın qapalı-açıq tapşırıq tiplərinin faiz nisbəti ilə bağlı "hələlik konkretləşmənin" olmadığını bildirib.
Ali təhsil müəssisələrinə qəbul qaydalarında hansı dəyişiklər var?
Yeni qaydalara əsasən, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi əvvəlki illərdə olduğu kimi iki dəfə deyil, bir dəfə keçiriləcək.
Əvvəlki illərdə ali təhsil müəssisələrinə qəbul olmaq üçün qəbul imtahanının ikinci mərhələsi, yəni, ixtisas qrupları üzrə olan imtahan iki dəfə keçirilirdi.
Abituriyentlər iki dəfə imtahana girib ya istədikləri iki müxtəlif imtahan qrupları üzrə imtahan verə bilərdilər, ya da eyni ixtisas qrupu üzrə imtahana təkrar girə bilərdilər.
DİM sözçüsü Xanlar Xanlarzadə deyir ki, yeni qaydalara görə, dövlət dili kimi Azərbaycan dili imtahanlarının müddəti azaldılaraq, 45 dəqiqəyə endirilib:
"İmtahan müddətinin qısaldılması tapşırıqların məzmununda ediləcək dəyişiklərə əsasən baş tutacaq".
Bundan əvvəl həmin imtahanların müddəti 90 dəqiqə olub.
9 və 11-ci sinfin təhsil bazasında keçirilən buraxılış imtahanlarında tədris Azərbaycan dilində olmayan məktəblərdə dövlət dili kimi Azərbaycan dili imtahanı verirlər. Eyni zamanda qəbul imtahanını rus dilində verənlərdə Azərbaycan dilindən dövlət dili kimi əlavə olaraq imtahan verməlidirlər.
Cənab Xanlarzadə bildirib ki, bu il buraxılış imtahanları iyun ayından etibarən keçiriləcək, qəbul imtahanlarının keçirilməsi isə iyul ayının 20-dən sonraya nəzərdə tutulur.
Bakalavr pilləsi
Təhsil Nazirliyinin çərşənbə günü açıqladığı məlumatda deyilir ki, bakalavriat səviyyəsində təhsil alan tələbələr proqramı tam yerinə yetiriblərsə, tədris planında nəzərdə tutulmuş bütün fənlərin tələblərinə əməl ediblərsə, başqa sözlə tələbə bütün fənlərdən kreditləri qazanıbsa, heç bir fəndən kəsiri/akademik borcu yoxdursa, həmin tələbə yekun attestasiyadan keçmiş hesab olunacaq.
Yekun attestasiyanın tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi əsasında qiymətləndirilməsi əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda ali məktəblərdə yekun attestasiya iki formada keçirilir: dövlət imtahanı və ya buraxılış işinin qiymətləndirilməsi.
Buraxılış işinin tələbi qoyulan ali təhsil müəssisələrinin tələbəsi buraxılış işini ali təhsil müəssisəsinə təqdim etməlidir. Buraxılış işi də tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi əsasında qiymətləndiriləcək.
Əgər tələbə hər iki halda (dövlət imtahanı və ya buraxılış işinin qiymətləndirilməsi) qiymətindən narazı qalarsa, həmin tələbəyə dövlət imtahanına girmək üçün şərait yaradılmalıdır.
Magistr pilləsi
Magistratura dissertasiyasının müdafiə edilməsi vacib hesab olunur və buna görə də mütləq həyata keçirilməlidir.
Təhsil Nazirliyi bildirir ki, magistrların öz "dissertasiya işlərinin müdafiəsini il sonunadək ertələmək imkanları var".
Magistratura səviyyəsində yekun qiymətləndirməyə gəlincə, bu səviyyə üzrə proqram magistr dissertasiyasının müdafiəsi ilə yekunlaşmalıdır. Bu dissertasiyanın müdafiəsi isə xüsusi ali təhsil müəssisələrindəki xüsusi ixtisaslaşdırılmış şuralarda həyata keçirilir.
Nazirlər Kabinetinin qərarındakı dəyişikliyə əsasən, magistr dissertasiyasının yazılmasına, təqdimatına və müdafiəsinə qoyulmuş tələblər ali təhsil müəssisəsinin elmi şurasının qərarı və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla tənzimlənir.