Ermənistan Ordusu ilə yaxından əməkdaşlıq edən Bosniya şirkəti Azərbaycanda sentyabr ayında keçiriləcək müdafiə sərgisinə dəvət olunub.
AzNews.az-ın məlumatına görə, Bosniyanın “Unis Group” şirkəti 2010-cu ildə Ermənistan Silahlı Qüvvələrinə 200 ədəd 60 mm çaplı (60,75 mm) “Commando” minaatan və onların külli miqdarda döyüş sursatını satıb. Bununla bağlı məlumat BMT Adi Silahlar Registrinin 2010-cu il hesabatında və Azərbaycan mətbuatında əksini tapmışdı. ADEX-2014 müdafiə sərgisinin rəsmi saytında yerləşdirilmiş siyahıda “Unis Group” şirkətinin sərgidə iştirakını təsdiqləmiş firmalar arasında yer alıb.
Sərginin təşkilatçısı “İteca Caspian” şirkətidir. Bəzi hərbi forumlarda yer alan məlumatlara görə, hazırda Ermənistanın “DG Arms Corporation” şirkətinin “Neytron” hərbi zavodu adıçəkilən Bosniya şirkəti ilə birgə müxtəlif kalibrli minaatan sursatlarının birgə istehsalı layihəsi üzərində işlər aparır. Məlumatlara görə, “Unis Group”dan alınmış minaatanlar hazırda Ermənistan Ordusunun xüsusi təyinatlı qruplarının istifadəsində yer alır. Ermənistanla işbirliyində olan bu hərbi firmaların sərgini təşkil edən İngiltərə şirkəti tərəfindən Azərbaycana dəvət olunmasının səbəbi hələlik qaranlıq qalır.