Bakıda şok dələduzluq sxemi - alqı-satqı elanı verən hər kəs hədəfdə!

23-05-2020, 09:47   


Fırıldaqçılığa, narkotiklərdən istifadəyə görə həbsdə yatmış Tofiq adlı şəxsin toruna düşməmək üçün nə etməli?..

Bakıda saytlara alqı-satqı elanı yerləşdirən hər kəs dələduzluğun qurbanı ola bilər. Dələduzluq sxemi isə belədir: sayta hər hansı bir məişət əşyası, mal-material satışı haqda elan yerləşdirən vətəndaşa zəng olunur, satdığı əşya, mal-materialla maraqlanır. Satıcını inandırmaq üçün qiymətlə bağlı sövdələşmə aparır, özünü real alıcı kimi təqdim edir.

Eyni zamanda özünün sıradan biri olmadığını sözarası deyir, ofisə sürücü, xidmətçi lazım olduğunu söyləyir.

Redaksiyamıza başına gələnlər haqda məlumat verən vətəndaş deyir ki, o, saytlardan birinə istifadə etmədiyi qaz plitəsini satmaq üçün elan yerləşdirib və dələduzluğun qurbanı olmaqdan canını zorla qurtarıb.

“Telefon nömrəmə 070 215 02 XX (vətəndaş nömrəni tam olaraq redaksiyaya təqdim edib - E.M.) nömrəsindən zəng edən şəxs özünü Tofiq kimi təqdim etdi. Qaz plitəsi ilə maraqlandı. Dedi ki, bəs Əhmədlidə ofisləri var, ”Vito" markalı maşına sürücü axtarırlar, 650 manat maaş verir. 2 sürücü lazım olduğunu dedi. Sürücülük kateqoriyası, ailə vəziyyəti ilə maraqlandı. Qonşuma da dedim ki, belə iş var. O da dedi ki, işləməyə razıdır, amma uyğun kateqoriyası yoxdur. Tofiqə zəng elədim, dedim ki, qonşum da işləməyə razıdır, amma sürücülük kateqoriyası uyğun deyil. O da problem olmadığını, məsələni yoluna qoyacağını söylədi, tapşırdı ki, ondan zəng gözləyək".

Dolandırıcılık | Hukuki BLOG

Vətəndaş deyir ki, növbəti gün Tofiq ona zəng eləyib, deyib ki, iş düzəlib: “Həkimlərdən keçməli olmağımızı dedi, qonşumla ”Neftçilər" xəstəxanasına gəlməyimizi istədi, dedi ki, özü də ordadır, həkimləri axtarır. Qonşumu çağırdım ki, “Neftçilər” xəstəxanasına gedək. Tofiq bir də zəng elədi. Bu dəfə dedi ki, bəs həkimlə danışdım, siz əziyyət çəkib gəlməyin. Həkimin hesab nömrəsini verirəm, ora hər biriniz təcili 50 manat köçürün, həkim sizin sağlam olmağınız haqda arayışları verəcək. Ad, familiya, ata adlarımızı, təvəllüdlərimizi bir də dəqiqləşdirdi. Dedi ki, pulu tez köçürün, həkim sənəd yazsın, alım gəlim Əhmədliyə, siz də gəlin metroya tərəf, deyəcəyəm ofis hardadır".

Vətəndaş deyir ki, Tofiqin bu cür davranışından şübhələnib, az sonra ona zəng edib: “Soruşdu ki, pulu köçürdüz. Cavab verdim ki, biz gəlirik ”Neftçilər" xəstəxanasına, oradan səninlə ofisə gedərik. Dedi ki, pulu köçürün, sonra gəlin. Növbəti zənglərimizə cavab vermədi. Növbəti gün də dəfələrlə həmin nömrəni yığdım, yenə cavab vermədi".

deleduz-222.jpg (43 KB)

Vətəndaş redaksiyamıza Tofiqin verdiyi və pulun köçürülməsini istədiyi “Kapitalbank”dakı hesab nömrəsini də təqdim edib. Həmin hesab nömrəsi Tərlan Rəfail oğlu Şahverdiyevin adınadır.

“Yeni Müsavat” əməkdaşı araşdırıb ki, bu şəxs dələduzluq, narkotik maddələrdən istifadəyə görə həbsdə olub. 2016-cı ilin noyabrında Nəsimi Rayon Məhkəməsi barəsində qazancından 15 faiz tutulmaqla 2 il islah işlərinə məhkum olunması haqda hökm çıxarıb.

Belə görünür ki, hüquq-mühafizə orqanları bir daha Tərlan Rəfail oğlu Şahverdiyevi sorğu-suala tutmalı olacaqlar...

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.