Vladimir Skosırev
“Nezavisimaya qazeta”, 29.06.2020
ABŞ Çinə qarşı yeni güclü informasiya zərbəsi hazırlayıb. Amerika Anti-kommunist Fondunun iştirakı ilə ÇXR-in Sincan-Uyğur Muxtar Bölgəsində gizli araşdırma aparılıb. Hesabatda Pekinin uyğur əhalisini genetik səviyyədə azaltdığı iddia edilir. ÇXR-dəki bu milli azlığa aid olan qadınlar sterilizasiya və ya kontraseptivlərdən istifadə etmək məcburiyyətində qalırlar. Sənədi açıqlayan AP agentliyi muxtar rayonun rəhbərliyindən şərh istəyib, lakin cavab almayıb.
Çin hökuməti uyğurlar və digər etnik azlıqlar arasında doğum nisbətinin azaldılması üçün vəhşi tədbirlər görür. Məqsəd ölkədə müsəlman əhalinin artımını məhdudlaşdırmaqdır.
Təcrübə əvvəlcədən məlum olduğundan daha sistemli və daha geniş yayılıb. Bu barədə AP-nın araşdırmasında deyilir.
Agentliyin məlumatına görə, sənəd rəsmi statistika, hökumət sənədləri və 30 keçmiş məhkum, onların ailə üzvləri və təkrar təhsil düşərgəsinin keçmiş təlimçisi ilə aparılan müsahibələrə əsaslanır.
Səlahiyyətlilər milli azlıqlardan olan qadınları mütəmadi olaraq hamiləlik testindən keçməyə, onları intrauterin kontraseptivlərdən (IUD) istifadə etməyə, sterilizasiya və ya hətta abort etməyə məcbur edirlər. Sənəddə deyilir ki, ölkədə IUD və sterilizasiya indi daha az istifadə olunur, amma Sincanda bu cür doğuşa nəzarət metodlarının istifadəsi kəskin şəkildə artıb.
İtaətdən imtina edənlər cəzalandırıla bilər. İnsanları düşərgələrə göndərməyin əsas səbəbi uşaqlarının çox olmasıdır. 3 və ya daha çox uşağın valideyni, ailənin böyük cərimələr ödəyə bilmədiyi təqdirdə, onlardan ayrılır. Polis gizli uşaqların olub olmadığını müəyyən etmək üçün evlərdə axtarış aparır.
Terror mühiti, hökumətin statistikasına görə, 2015-ci ildən 2018-ci ilə qədər Xotan və Kaşğar bölgələrində doğum nisbətinin 60%-dən çox azalmasına səbəb olub. Ümumən, Sincanda ötən il doğuş nisbəti 24% azalıb. Bütün Çinə gəlincə, cəmi 4,2%.
Çinşünas Adrian Zenz bu mövzuda bir məruzə hazırlayıb. AP dərc üçün materialı məhz ondan əldə edib. Jurnalistlər şərh üçün Çin Xarici İşlər Nazirliyi ilə dəfələrlə əlaqə saxlasa da, müraciətlər Sincan hökumətinə yönləndirilib. Ondan cavab yoxdur. Buna baxmayaraq, Çin rəsmiləri yeni tədbirlərin ədalətli olduğunu, həm xan milləti, həm də etnik azlıqlara eyni sayda uşaq sahibi olmaq hüququnun verilməsini hədəflədiklərini söyləyib.
Müşahidəçilərə görə, əvvəllər on illər ərzində Çin dünyada milli azlıqların tanıdılması üçün ən inkişaf etmiş sistemlərdən birini işlədib. Uyğurlara və digər millətlərə kolleclərə girməkdə üstünlük verilib və dövlət qurumlarına işə qəbul üçün kvotalar ayrılıb. Bu doğuş nəzarətinə də aiddir. İndi “bir ailə – bir uşaq” prinsipi ləğv edilib, vəzifəli şəxslər çinlilərə sterilizasiya, abort və digər kontrasepsiya üsullarına həvəsləndirir və ya tətbiq edirlər. Azlıqlar kəndli olsa da, onlara 2, hətta 3 uşaq icazəsi verilib.
Lakin 2014-cü ildə Sincanın valisi ailə planlaşdırmasında bərabərlik prinsipinin tətbiq olunmasının vaxtı gəldiyini söyləyib. Sonrakı illərdə muxtar bölgədəki xanlara, digər sakinlər kimi, 2 və ya 3 uşaqq icazəsi verilib. Ancaq bərabərlik yalnız kağız üzərindədir. Təcrübədə xan xalqı, bir qayda olaraq, çox övladı olduqları üçün həbsxanaya göndərilmir, qadınları digər millətlər kimi aborta, sterilizasiyaya məcbur edilmir.
Doğuşa nəzarət kampaniyasının fonunu Çinlə əlaqəli elmi işlərdə də görmək olar. Məsələn, Sincan Sosial Elmlər Akademiyası Sosiologiya İnstitutunun 2017-ci il hesabatı çoxalmaqda olan müsəlman əhalinin yoxsulluq və ekstremizm ocağına çevrildiyini göstərib.
Kolorado Universitetindən Darren Bayler kimi amerikalı mütəxəssislər Pekinin son məqsədinin uyğurların İslam dininə inamlarını qırmaq və Çin cəmiyyətinə assimiliyasiya etmək olduğunu iddia edirlər. Valideynlər həbs düşərgələrində “siyasi təhsil”, övladları sığınacaqlarda tərbiyə alırlar.
Çinşünas Zenzin araşdırmasında mənzərə daha dəhşətlidir. Ancaq sual yaranır: onun hesabatını obyektiv faktların qərəzsiz təhlili kimi qiymətləndirmək mümkündürmü? Bununla bağlı heç bir əminlik yoxdur. Fakt budur ki, tədqiqatçı Vaşinqtonda Kommunizm qurbanlarının xatirə Fondu üçün müqavilə əsasında işləyir. Fond 1994-cü ildə ABŞ Konqresinin qəbul etdiyi bir qanuna uyğun olaraq yaradılıb. Təşkilat “100 milyondan çox kommunizm qurbanının xatirəsinə ehtiram göstərməyi, bugünkü və gələcək nəsilləri maarifləndirməyi və Soyuq müharibədə qalib gəlmiş insanlara ehtiram göstərməyi” hədəfləyir. 2007-ci ildə ABŞ prezidentlərindən biri fondun fəxri sədri seçilib.
“Soyuq müharibə” ifadəsi Sovet İttifaqına eyhamdır. Ancaq indi anti-kommunist quruluş Çini ifşa etmə naminə pul xərcləməyə başlayır. Bu, Vaşinqtonun hazırkı kursuna uyğundur. Təəccüblü deyil ki, dövlət katibi Maykl Pompeo və Amerika administrasiyasının digər yüksək vəzifəli şəxsləri Çinə deyil, hakim Kommunist Partiyasına ünvanlanan ən kəskin tənqidlərdən istifadə edirlər.
Tərcümə: Strateq.az