“Əgər korrupsionerlər, rüşvətxorlar cinayət başında yaxalanırsa, bu məsələdə kimlərisə suçlamaq, tənqid etmək yaramazlıqdır. Axı, Ramiz Mehdiyev vəzifədə olanda o adamlar belə danışmırdılar, indi niyə onun arxasınca danışırlar?! O ki qaldı korrupsiyanın başında Ramiz Mehdiyevin dayanmasına, mən o fikirlə razı deyiləm”.
“AzPolitika.info” xəbər verir ki, bu fikirləri YAP-ın qurucu üzvlərindən biri və Siyasi Şurasının üzvü, keçmiş deputat, 5 il icra başçısı işləmiş Musa Musayev “Pressklub.az”-a müsahibəsində deyib. Keçmiş deputat korrupsiyanın hər bir dövrdə olduğunu bildirib: “Cənab Prezident də dəfələrlə vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə aparılmalı, hər bir korrupsioner bu əməllərinə görə cəzalandırılmalıdır. Əslində, təkcə Prezident deyil, hər bir məmur, hətta vətəndaşlar korrupsiyanın əleyhinə olmalıdır. Təbii ki, korrupsiya ilə məşğul olanlar yüksək vəzifə tutanlardır, dövlətin büdcəsinə, büdcədən ayrılan vəsaitə göz dikən məmurlardır və onlar da mütəmadi olaraq cəzalarını alır”.
M.Musayev vurğulayıb ki, vəzifədən gedən adamın arxasınca danışıb “baltalamağı”, vəzifəyə gələni isə tərifləyib yaltaqlanmağı qəbul etmir, bu xarakterdə insan deyil: “Heç vaxt da vəzifədən gedənin dalınca danışmamışam, təzə vəzifəyə gələni tərifləməmişəm. Əgər şəxsən tanıdığım adam vəzifəyə gəlirsə, onu alqışlayıb tərifləyə bilərəm, burada qəbahət yoxdur. Amma görürəm ki, kimlərsə tanımadığı, ömrü boyu görüşmədiyi insan haqqında məddahlıq eləyir, mətbuatda, televiziyada, sosial şəbəkələrdə yaltaqlanır. Mən belə şeylərin əleyhinəyəm. Ümumiyyətlə, tənqidi də, tərifi də haqlı olaraq bildirmək, faktlara söykənərək demək lazımdır. Ramiz Mehdiyevin guya siyasi və iqtisadi islahatlara, kadr dəyişikliklərinə mane olan şəxs kimi təqdim edilməsinin heç bir əsası yoxdur. İslahatların sonuncu mərhələsi zamanı Prezident Ramiz Mehdiyevin özünü də qəbul edərək onu vəzifədən azad edib, Elmlər Akademiyasına göndərdi. Yəni, Ramiz Mehdiyevin dövründə də kadr islahatları olub, bu dəyişikliklər indi də aparılır”.
Keçmiş deputat qeyd edib ki, bu gün vəzifədə olan bəzi adamlar var ki, kadr islahatlarının, korrupsiyaya qarşı mübarizə tədbirlərinin əleyhinədir. “Çünki artıq sular durulur, islahatların əleyhinə olanlar, bulanıq suda balıq tutmaq istəyənlər köhnə xülyalarla yaşayıb, “bəlkə də qaytardılar” düşüncəsi ilə pusquda duranlardır ki, onlar yenə aranın qarışmasında maraqlıdırlar. Amma mən inanıram ki, cənab Prezidentin çox sadiq komandası var və onun qarşısını heç kəs ala bilməz. Mən YAP-ın yaradıcılarından biri və Siyasi Şurasının üzvü kimi Prezidentin istər kadr islahatlarını, istərsə də korrupsiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləmişəm və yenə də dəstəkləyəcəyəm”, - M. Musayev vurğulayıb.
“AzPolitika.info”