“Arbidol”, “Kaletra”, “Tamiflu” kimi antivirusları almayın. Bunların heç bir müsbət effekti sübuta yetirilməyib. Hazırda COVID-19-a qarşı heç bir preparat icad edilməyib.
Spesifik müalicənin olmamasına görə panikaya düşməyin. 90% yoluxanlara heç bir müalicə lazım deyil. Sağalanlar “Arbidol”a görə sağalmayıb.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, COVID-19-a yoluxan xəstələri təşvişə düşməməyə səsləyib:
“Sizdə temperatur yüksəkdirsə, hətta KT də buzlu şüşə çıxıbsa, hətta PCR-də koronavirus pozitiv çıxıbsa, yenə təlaşa ehtiyac yoxdur. Lazımsız dərmanlara pul xərcləməyin. Dərman alverçiləri süni qiymət artımı etməklə xalqın bu ağır günündə milyonlar qazanır.
Sizdə viral pnevmoniya varsa, adi soyuqdəymə kimi müalicə olunun. Zatən virus pnevmoniyası tez çəkiləcək. Əgər bakterial pnevmoniya əlavə olunarsa, antibiotiki müalicəyə əlavə edin. Sadəcə qızdırma və buzlu şüşə var deyə güclu antibiotikləri, “Deksametazon”u və çoxsaylı dərmanı xəstəyə vurmayın. Yüzlərlə insan eyni səhvi edir. Qızdırma olan kimi antivirallar, güclü antibiotiklər, hormonlar nizamsız olaraq, göstəriş olmadan xəstələrə vurulur.
Virusu ciddiyə alın, çalışın yoluxmayın! Çünki siz yoluxduqdan sonra virusu əlavə xəstəlikləri olan yaşlı insanlara keçirə bilərsiniz, onlar ağır keçirə bilər. Sosial məsafəni qorumağı da o 10% insana görə xahiş edirəm”.
Saglamolun.Az