Iqtisadi Təhlil İnstitunun sədri, iqtisadçı Məhəmməd Talıblı
İşləməyənlərə 190 manatlıq dövlət yardımları nəzərdə tutuldu. Bu ölkə üzrə 200 min insanı əhatə edirdi. Bu məqsədlə 70 milyon manat (2 aylıq – aprel və may ayları) vəsait ayrılıb. Artan sosial narazılıqlar da görsətdi ki, ölkədə bu qədər real işsizlər yoxdur. daha çoxdur. Sonradan bu rəqəm artırılaraq 600 min nəfəri əhatə etməyə başladı. Bu da son olmadı. Və nəhayət məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işsiz statusunda olan 1 mln 250 min nəfər müraciət edib. Bu faktın özü sübut edir ki, ölkədə azı bu qədər işsiz var. Deməli əvvəllər 30-50 min arasında dəyişən rəsmi işsizliklə bağlı məlumatlar yalan imiş. Halbuki rəsmi məlumatlarda tamam başqa rəqəmlər yerləşdirilmişdi.
Rəsmi məlumatlara görə, 2018-ci il üzrə məşğulluq xidməti orqanlarında rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20 min 88 nəfər olub. İşsizliyə görə müavinət alanların sayı 1117 nəfər təşkil etmişdir. Hökumətin işsiz statusuna yanaşması bir meyar əsasında müəyyənləşir: kim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəsmi müraciət etməyibsə, ona işsiz kimi baxmır. Görünür ona görədir ki, bizdə mövcud qanunvericiliyin tələbinə görə, həm gəliri və iş yeri olmayan, lakin işə başlamağa hazır olaraq aidiyyatı dövlət qurumlarına rəsmi müraciət edərək işsiz statusunda qeydiyyata alınan əmək qabiliyyətli şəxsin olduğu başa düşülür. Əgər sən rəsmi qaydada aidiyyatı rəsmi dövlət qurumlarına müraciət etməmisənsə, o zaman səni işsiz statusunda heç kim tanımır. Covid-19-la bağlı ƏƏSMN-ə edilən rəsmi müraciətlər görsətdi ki, ölkədə azı bu qədər işsiz var. Çünki bu cür müraciət edənlərin nəinki cari müqavilə öhdəlikləri, hətta keçmişdə mövcud olmuş əmək müqavilələri də arxivdə açılır.
Ölkədə 2018-ci ildə iqtisadi fəal əhalinin sayı 5 mln. 133 min nəfər təşkil etmişdir ki, bunun da 4 mln. 879 min nəfəri məşğul əhali təşkil etmişdir. Deməli ölkədə cəmi 254 min işsiz insan var imiş. Bu cür səhih informasiya olması şübhə doğran məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ölkədə covid-19 bağlı işsiz əhali olaraq 200 min insana yardım edilməsini nəzərdə tutmuşdur. Azərbaycan hökuməti bilə-bilə ki, ölkəmizdə rəsmi müraciətlərin olmamasına görə işsizliyin rəsmi statistikası doğru deyil, amma buna baxmayaraq bu yenə də bu rəqəmlər əsasında hesablamalarını davam etdirdi. Halbuki hökumətin rəsmi məlumata görə, əməkqabiliyyətli əhalinin 19,1% və ya 1,2 milyon insan ümumiyyətlə əmək bazarında iştirak etmir.
Gəlin məsələyə başqa aspektdən yanaşaq. Məşhur Oukun qanununa görə işsizliyin azalmasının hər bir faizi 2,5% iqtisadi artımla nəticələnməlidi və ya 2.5% iqtisadi artım varsa, deməli işsizlik 1% azalmışdır. Elə olar ki, ilin sonunda iqtisadi artım nəinki staqnasiya, hətta ressesiya ilə yekunlaşar, amma işsizliyin səviyyəsi artmaz. Statistika Komitəsi elan edər ki, iqtisadi artım ləngiyib, amma işsizlik artmayıb.
Böhran təkcə itki deyil, həm də fürsətdi.
Pandemiya da təkcə iqtisadiyyatımıza ciddi zərbələr vurmadı, eyni zamanda gizli işsizliyi QARANLIQDAN GÜN içığına çıxardı.