Andrey Kolesnikov
“Kommersant”, 02.06.2020
İyulun 1-də Rusiya prezidenti Vladimir Putin özü ilə bərabər, Astana prosesinin (yəni Suriyada tənzimləmənin) qarantı hesab etdiyi İran və Türkiyə prezidentləri ilə videokonfrans iclasında iştirak edib. “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov bu virtual görüşdə hər hansı bir mənanın olub-olmadığını anlamağa çalışıb və bunu başa düşüb.
Səhər Rusiya prezidenti Vladimir Putin Rusiya Konstitusiyasına dəyişiklik edilməsi üçün səs verib. Dəyişikliyə qarşı olanlar da, yəqin ki, əleyhinə.
Əlbəttə, bu tarixi hadisə cari məsələ kimi görünürdü. Prezident gəldi, pasportu bir seçki məntəqəsi üzvünün gözünə “soxdu”, qadın ona aid qeydləri yazdı (sakitcə, axı özünə dair məlumatlar əvvəlcədən yazılmışdı), cəmi bircə dəfə istifadə edilə bilən qələmi Putinə verdi. Sonra Vladimir Vladimiroviç Putini elektron seçki kompleksinə sarı göndərdi, kompleksdən gələn qadın səsi prezidenti salamladı, Putin də başını tərpətdi. Bülletenləri aldıqdan sonra kompleks Vladimir Putinə, fikrimcə, soyuqqanlılıqla: “Təşəkkür edirəm, səs verdiniz”, – dedi. Buna cavab olaraq cənab Putin kompleksə azca baş əydi, təşəkkür etdi və İran və Türkiyə prezidentləri, yəni özündən başqa Astana prosesinin qarantı olan iki nəfərlə üçtərəfli görüş üçün Kremlə getdi.
Əlbəttə, Kremldə bu prezidentlərdən ikisi yox idi (orada çox az və nadir insanlar olur).
İran prezidentinin Tehrandakı masası arxasında boş yer çox idi. Daha doğrusu, onun vəzifədaşları ilə söhbət etdiyi otaq mətbuat konfransı zalına bənzəyirdi, burada təkbaşına oturmuşdu və əsas rolu oynayırdı.
Bəli, elə Türkiyə prezidenti də daha kiçik bir masa arxasında əyləşsə də, hər tərəfdən özündən iki boy hündür olan bayraqlarla əhatələmişdi; təəssürat Vladimir Mayakovskinin “Bayraqlar meşəsi… əllər otu …” şeirindəki kimi idi. Əllər isə görünmürdü, hətta Türkiyə prezidentinin də operatoruna, görünür, kimsə açıq şəkildə “yuxarını çək!” – demişdi. Vladimir Putinin bir gün əvvəl Rjev yaxınlığında əsgər abidəsinin açılışında iştirakı zamanı kameranın duruşu fərqli idi.
Yeri gəlmişkən, İran prezidentinin əlləri də görünmürdü: geniş və ən əsası ağ güllərdən ibarət buketdən demək olar ki, yalnız çənə altını görmək mümkünüdü (doğrudur, sonradan İran video versiyasında masanın kənarlarında bir-iki nəfər görünüb).
Ev sahibi hüququna istinadən ilk məlumat verən cənab Ruhani olub. Danışarkən Vladimir Putin, həmişəki kimi, nitqinin yazıldığı vərəqlərin sırasını durmadan dəyişdirir, bəzən nəyisə qeyd, ya da əlavə edib.
Bu arada, İran prezidentinin çıxışına qulaq asmağa dəyərdi. Əlbəttə, yenə də amerikalıların dərsini verəcəkdi. Və verdi də.
– Mərhəmətli və rəhimli Allahın adı ilə! – İran prezidenti sözə başlayıb. – Rusiya Federasiyasının prezidenti möhtərəm Vladimir Putini və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı, eləcə də onu müşayiət edən nümayəndə heyətlərini salamlayıram. Sizinlə görüşməkdən məmnunam, əziz dostlarım!
Deyəsən, bu çıxış İran prezidenti üçün çox-çox əvvəl yazılmışdı (görüş, həqiqətən, mart ayında keçirilməli idi), əks halda “müşayiət edən nümayəndə heyətləri” haqqında sözlər haradan qaynaqlanır? Harada və kimləri müşayiət edirdilər? Vladimir Putini Kremldə?
Sonra nitq daha səlis və yazılana uyğun səslənib:
– Suriya xalqına təzyiq göstərməklə qanunsuz məqsədlərinə çatmaq üçün Amerika sanksiya siyasətinin davam etdirir. Amerika dövlətinin bu addımı beynəlxalq humanitar qanunun pozulmasıdır və İran İslam Respublikası suveren dövlət əleyhinə istənilən sanksiyaları pisləyir və Suriya xalqına dəstəyini davam etdirəcəyini vurğulayır!
ABŞ-a nifrət, belə görüşlər olmasa belə, İran prezidentinin çıxışlarında mütləq şərtdir.
(Axı öldürülən “Qüds” komandanı Qasim Süleymani iranlı, onu öldürənlər isə amerikalılardır.)
– Amerika rejiminin qanunsuz əməlləri ölkələrin – Suriya xalqının dostlarının iradəsinə nifaq salmayacaq! – Həsən Ruhani inamla davam edib: – Amerika əmin olmalıdır ki, hərbi təzyiq və terror qruplaşmalarının köməyi, habelə iqtisadi sanksiyalar vasitəsilə öz qanunsuz məqsədlərinə çata bilməyəcək.
Amerikalılarla yanaşı, Həsən Ruhaninin duyğularından israillilər da, haqlı olaraq, pay almalı idi, amma görünür, onlara hələ növbə çatmamışdı.
İran prezidenti bildirib: “Bundan əlavə, Amerikanın Suriyanın neft hasil olunan bölgələrində etdiyi qanunsuz hərəkətlər Suriya xalqının sərvətlərinin talan edilməsidir. Amerikalıların işğalçı terrorçu qoşunlarını Suriyadan və bütün bölgədən çıxarmalı olduğunu vurğulayırıq!”
Əslində, İran prezidentinin sadəcə hər gün danışmaq imkanı yoxdur, odur ki, fürsətdən tam istifadə etmək istəyirdi, – qoy yalnız öz xalqı deyil, hamı onu eşitsin.
“Sionist rejimin Suriya Respublikasına davam edən hücumlarını da qeyd etmək və bu hərəkətləri qınamaq lazımdır, – deyən İran prezidenti sonda diqqəti İsrailə yönəldib. – Sionist rejimin hərəkətləri və Colan yüksəkliklərinin işğalı Suriyanın ərazi bütövlüyünü pozur və bütün bölgənin təhlükəsizliyinə təhdiddir. Bunun nəticələri sionist rejimin özünə yönələcək!”
Ev sahibi qismində İran prezidenti Tehranın klinikalarından birində baş verən partlayışla əlaqədar (19 nəfər ölüb, çoxlu yaralı var) başsağlığı vermək üçün Vladimir Putinə söz verib.
Bu arada, Vladimir Putin Suriyadakı problemlərdən, yəni kompüter ekranlarının qarşısında niyə toplaşdıqları barədə danışıb.
– Bugünkü videokonfransın əsas məqsədlərindən biri Suriyada mövcud vəziyyəti birlikdə təhlil etməkdir. Suriya Ərəb Respublikasında uzunmüddətli normallaşmanı təmin etmək üçün bundan sonra nə edilə biləcəyimiz barədə razılığa gəlməliyik. Əvvəla, söhbət beynəlxalq terrorizmlə mübarizənin davam etdirilməsindən gedir. Hələ də mövcud olan terror qruplaşmalarını zərərsizləşdirmək üçün başqa hansı tədbirlərin lazım olduğunu düşünməliyik.
Əslində, Suriyanın problemli bölgələrində hər şey bir-birinə qarışıb, o qədər maraqlar, hərbi və mülki qruplar var (birini o birindən ayırmaq mümkün deyil), odur ki, prezidentlər bu haqda uzun-uzadı danışmalı idi (çünki hamısı, əksər hallarda bir-birinə qarşı çıxan hansısa qrupu dəstəkləyir) və çətin ki, qərar qəbul ediləcəkdi.
Ancaq hamıya aydın olmalı idi ki, üç prezident, bir çoxlarından fərqli olaraq, nəinki epidemiya ilə əlaqədar yaranan daxili problemlərlə, həm də bu məsələlərlə məşğul olur.
Bu, çox güman ki, görüşün əsas məqamı idi.
Bundan əlavə, bu görüşdə daha bir praktik məna var idi. İki həftə əvvəl, bildiyiniz kimi, Amerika “Sezar Qanunu”nu qəbul edib, buna görə də, təkcə suriyalılar və Suriya şirkətlərinə deyil, həm də Suriya hökumətinə birbaşa dəstək verən, dolayı təsirə sahib olan təşkilatlara, firmalara və şəxslərə qarşı iqtisadi sanksiyalar tətbiq edilə bilər. Yəni Rusiya və İrana mütləq.
Astana prosesindəki iştirakçıları çox qıcıqlandıran bu hal, əlbəttə, ətraflı müzakirə olunmalıydı (amma bunu müzakirə etməyə vaxt tapmayıblar, Vladimir Putin həmin sanksiyaları artıq “qeyri-qanuni” adlandırıb, çünki BMT-dən yan keçməklə qəbul edilib və birbaşa Rusiya maraqlarına zərbə vurur.).
Həmçinin, Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd humanitar yardım mexanizmi ilə bağlı sənədin qüvvədə qalması zəruriliyinə dair iclasa hazırlaşır. Rusiya onun müddətini uzatmağı təklif edir və Vladimir Putinin vəzifədaşları BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək bu məsələdən məlumatsızdır.
Türkiyə prezidenti Rəcəb Ərdoğan “Astana formatında Suriya nizamlanmasına dair altıncı görüşdür, – deyə söhbətə qoşulub. – Virtual rejimdə keçirilsə də, sizi görməyə şadam”.
Şübhəsiz, ən müxtəsər çıxış ona məxsus olub.
Türkiyə prezidentinin sözünün bitdiyini başa düşən Həsən Ruhani ətrafına baxıb:
– Media nümayəndələrindən (sanki videokonfransda media nümayəndələri vardı – A.K.) görüşü tərk etməyi xahiş edirəm, çünki söhbət bağlı qapılar arxasında davam edəcək.
Bəli, vəssalam, televizoru söndürdüm.
Tərcümə: Strateq.az