Bakıda müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk edən vətəndaş şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini 8103-ə göndərsə də nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını yazmadığı üçün ona xəbərdarlıq olunub.
Mia.az “Report”a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı şəhəri ərazisində baş verib.
Belə ki, adının çəkilməsini istəməyən Bakı şəhər sakini səhər saatlarında yaşayış yerini tərk etmək üçün 8103-ə SMS göndərib. Təsdiq mesajı gəldikdən sonra isə vətəndaş şəxsi istifadəsində olan avtomobillə yaşadığı yeri tərk edib.
O, bildirib ki, avtomobillə bir qədər hərəkət etdikdən sonra Yol Patrul Xidmətinin (YPX) əməkdaşı tərəfindən ona "Saxla!" əmri verilib:
“YPX əməkdaşına 8103-ə göndərdiyim SMS-in təsdiq mesajını göstərdim. YPX əməkdaşı isə mənə bildirdi ki, əgər yaşayış yerimi avtomobillə tərk edirəmsə bu zaman şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməliyəm. Mən isə bu qaydanı bildmədiyimi, ilk dəfə eşitdiyimi dedim. Bundan sonra YPX əməkdaşı mənə bu dəfə xəbərdalıq etdiyini növbəti dəfə avtomobillə yaşadığım yeri tərk etmək istədiyimdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməli olduğumu bildirdi”.
Qeyd edək ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur: "Sistemlə əlaqəli hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur".
Xatırladaq ki, Bakının küçə və prospektlərində polis postları ləğv edilməsi ilə bağlı ötən gün Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunurdu ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək. Şəxsi avtomobili ilə hərəkət edən vətəndaşların 8103 vasitəsilə SMS icazə alıb-almamasının necə yoxlanılması məsələsi isə açıq olaraq qalır.