AMEA-nın prezidentinin nəvəsinə karantində toy etməsinə dövlət sərt üzünü göstərdi; “boz kardinal”ın qələmi birdəfəlik qırıldı; onun məclisində iştirak edən Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi; Mehdiyevin də Akademiya rəhbərliyindən uzaqlaşdırılacağı gözlənilir
Prezident Administrasiyasının eks rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsi ciddi rezonans doğurdu. Bu toyun əsas təşkilatçı, eləcə də iştirakçılarının cəzalandırılması cəmiyyətin ürəyincə oldu. Belə ki, Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu və kürəkəninin qudası Rövşən Mustafayev 15 sutka həbslə cəzalanadırıldılar.
Daha sonra toyda iştirak edən və siyasi yanlışlarla dolu tost deyən BDU-nun sabiq rektoru Abel Məhərrəmov, habelə digər məclis iştirakçıları - sabiq nazir Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, xanımı Aysel Adıgözəlzadə, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov və həyat yoldaşı, ombudsman Səbinə Əliyeva da cərimələndilər. Daha sonra Siyavuş Novruzov sensasion açıqlama ilə çıxış etdi. O bildirdi ki, Mehdiyev onu aldadıb, nəvəsinə toy məclisi keçirmək üçün prezidentdən icazə aldığını deyib...
Ancaq daha əvvəl o, başqa cür açıqlama vermişdi. Bildirmişdi ki, Mehdiyev toya çağırıb, getməmək kişilikdən olmazdı. Daha sonra isə o, qəribə - üzrü günahından betər bir açıqlama ilə çıxış etdi. Özünü xilas etmək üçün vəziyyəti bilərəkdən, yaxud bilməyərəkdən o qədər mürəkkəbləşdirdi ki, burada şantaj elementlərindən danışmaq olardı...
Nəhayət, avqustun 24-də gözlənilən baş verdi: Siyavuş Novruzov YAP-da tutduğu vəzifədən istefa verdi.Onun həyat yoldaşının bu hadisədən sonra ombudsman vəzifəsində qalmasının da doğru olmadığı bildirilir. O baxımdan ki, insan hüquqları üzrə müvəkkilin bütün dünyada bəlaya çevrilən koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində elan olunan karantini pozması böyük biabırçılıqdır və bu cür davranışdan sonra şəxs həmin vəzifədə qalmasa yaxşıdır...
Bu arada Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılmasına hazırlıq getdiyi də bildirilir. İstisna edilmir ki, Ramiz Mehdiyev Siyavuş Novruzovun yolunu gedərək vəzifəsindən özü istefa versin.Belə görünür ki, iqtidar Mehdiyev səhifəsini tamamən və rəsmən qapadır. PA rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra da onun proseslərə təsir imkanının qaldığı, hakimiyyətə qarşı bəzi sabotajçı hərəkətlərə yol verməsi, təxribatlara qol qoyması və s. iddialar vardı. Toyda Abel Məhərrəmovun məlum tostu - Mehdiyevi inkişafın, ölkədə gedən pozitiv proseslərin müəllifi elan etməsi bir daha göstərdi ki, revanşçılar akademiki özlərinin lideri, ağsaqqalı sayıblar və sayırlar...
Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə məmurlara xəbərdarlıq edib və “Heç kimin keçmişdəki və indiki xidməti, titulu, vəzifəsi nəzərə alınmayacaq. Kim qanunları pozarsa, dərhal cəzalandırılacaq. Dözülməz hallara qarşı mübarizə davam edəcək” bəyanatından sonra məlum davranışı sərgiləyənlərin qətiyyən bağışlanmayacağı dəqiqdir...
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, hüquqi dövlət quruculuğunun öz şərtləri, öz prinsipləri var: “Əgər biz həqiqətən də Azərbaycanın ədalətin hər addımda təcəssüm etdiyi bir dövlət olaraq möhkəmlənməsini arzulayırıqsa, o zaman qanunların tətbiqində xidmət, titul, ictimai-siyasi status və digər bu kimi amilləri arxa plana keçirməliyik. Azərbaycan Prezidentinin hər bir vətəndaşa ünvanlanmış mesajının əsasında da məhz bu prinsiplər dayanır. Azərbaycanda dövlət idarəçilik sistemi də, elə cəmiyyətimizin özü də sürətlə dəyişir, zamanın inkişaf dinamikasına uyğunlaşır: Toplumun və dövlətin rəqabətə davamlılığının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması üçün addımlar atılır. Bütün bunlar isə illərlə cəmiyyəti səngərlərə parçalamaqla, qütbləşməni dərinləşdirməklə öz mövqelərini, əllərində olan inzibati və iqtisadi təsir rıçaqlarını qoruyub saxlamağa çalışanların fəaliyyət və əhatə dairəsini məhdudlaşdırır, maraqlarına toxunur. İllərlə saxta, yalan məlumatlarla, süni siyasi səhnələr quraşdırmaqla, daxildəki və xaricdəki nüfuz müvəkkilləri vasitəsilə statuslarını qoruyub saxlamağa çalışan sabiq və ola bilsin ki, hələ də vəzifədə olan bəzi məmurlar yeni vəziyyətlə barışa bilmirlər. Çünki intellektin, çevik zəkanın önə keçdiyi proseslərdə kötüklərə yer yoxdur. Bu adamlar siyasi intriqalarla, süni konfliktlər yaratmaqla, dövlətin və cəmiyyətin inkişafının qarşısını almaqla illər boyu öz statuslarını qoruyub saxlamaq üçün ”mücadilə aparıblar".
Ətraflarında mif yaradıblar. Guya onlar dövlətin sütunları, nə bilim nələridir. Əslində isə inkişafın qarşısını alan kötükdən başqa bir şey deyillər. İnkişaf, islahat prosesi obyektiv rəqabət mühitinin formalaşmasna zəmin yaradır. Bu prosesdə önə çıxmaq üçün iti və çevik zəka, yaradıcı təfəkkür olmalıdır. Ramiz Mehdiyev və onun kimilər Azərbaycanın çoxsaylı istedadlı, yaradıcı insanlarının ömrünü yeyiblər, insanların dövlətə olan sevgisini dağıdıcı qəzəbə çevirmək istəyiblər. Son 16-17 il ərzində dəfələrlə, ən müxtəlif səpkili yazılarımda bu barədə söz açmışam. Azərbaycanda insanların milli ruhunun, dövlət sevgisinin deqradasiyaya uğramasına, dövlətçi, milli düşüncənin ön plana keçməsinə ən böyük maneə Ramiz Mehdiyevin və onunla eyni düşüncəni paylaşanların ideoloji zəhəri, bəsit, ucuz şou-biznes texnologiyaları olub. Bu adamlar artıq tarixin arxivində öz layiqli yerlərini almalıdırlar".
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ramiz Mehdiyev erası başa çatır: “O uzun illər hər işlə məşğul olub, Rusiyaya işləyib, daxildə çaxnaşmalar yaradıb, islahatlara mane olub, özü kimi adamlarını da harada gəldi yerləşdirib. O, gərək hakimiyyətdən çoxdan uzaqlaşdırılardı. Ancaq görünür, Moskvadakı himayədarları o qədər güclü olublar ki, Ramiz Mehdiyevin uzun illər ərzində toxunulmazlığını təmin ediblər. Ramiz Mehdiyevin Rusiyaya vurğunluğu sirr deyil. O, illər boyu rəsmi qəzetlərdə yayınladığı palaz-palaz yazılarında işğalçı Ermənistanın sahibi Rusiyanı ağız dolusu Azərbaycanın strateji müttəfiqi adlandırırdı, Moskvada və Bakıda rusiyalı rəsmilərlə görüşlərdən xüsusi həzz alırdı. Ramiz Mehdiyev o vaxt da, indi də Türkiyəni strateji müttəfiq hesab etmir, çünki xozeyinlər Moskvadadır. Tək Ramiz Mehdiyevi siyasətdən uzaqlaşdırmaq azdır, onun illər boyu formalaşdırdığı komandasının üzvlərini də bircə-bircə müəyyənləşdirib qanunverici və icraedici orqanlardan təmizləmək lazımdır. Rüşvət alan və korrupsiyaya bulaşan icra başçıları, o cümlədən ”Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır" deyən deputatlar Ramiz Mehdiyevin kadrlarıdır. Parlamentdə kimlərin deputat seçilməsində də Ramiz Mehdiyevin rolu böyük idi. Bu mənada Ramiz Mehdiyev bir növü Fətullah Gülənə bənzəyir. Fətullah Gülən də illər boyu Türkiyədə hakimiyyətin müxtəlif qollarında adamlarını yerləşdirdi və bir gün gəldi ki, çevriliş etməyə qərar verdilər. Ramiz Mehdiyev də illərdir yerləşdirdiyi kadrlar vasitəsilə ömür boyu Azərbaycanı idarə edəcəyini düşünürdü. Ancaq Gülənin kadrlarından fərqli olaraq Ramiz Mehdiyevin kadrları tam etibarsız çıxdı, ilk andaca keçmiş patronlarından imtina etdilər, onu satdılar. Bu həm Ramiz Mehdiyevin, həm də onun illər boyu hakimiyyətdə yerləşdirdiyi kadrların faciəsidir. Bircəciyi bu ağır gündə Ramiz Mehdiyevi müdafiə etmədi, batan gəmini tələsik tərk etdi. Bu, gələcəkdə Ramiz Mehdiyev, Əli Həsənov kimi olmaq istəyənlərə də ciddi dərs olmalıdır. Sadə insanlar haqlı olaraq soruşurlar ki, Ramiz Mehdiyev hansı yollarla Novxanıda bahalı bağ evləri alıb və ya Əli Həsənovun həyat yoldaşının, oğlunun böyük biznesləri necə yaranıb? Bəllidir ki, hər ikisi hakimiyyətdəki imkanlarından istifadə edərək özləri və ailələri varlanıblar. Ona görə də onların əldə etdikləri varidatların mənbəyi də müəyyənləşdirilməlidir. Belələri anlamalıdırlar ki, hakimiyyət və vəzifə müvəqqətidir, xalqın malının talanması, korrupsiya yolu ilə siyasi sistem formalaşdırmanın sonu yoxdur, gec və ya tez bu cür piramida dağılacaq".
Politoloqun sözlərinə görə, Ramiz Mehdiyev nümayişkaranə şəkildə toy keçirməklə mesaj vermək istəyirdi ki, o sadə vətəndaşdan və qanunlardan üstündür və kimsə ona heç nə deyə bilməz.
Ancaq fakt göz qabağındadır, ciddi şəkildə cəzalandırıldı...Politoloq şübhə etmir ki, Moskva Ramiz Mehdiyevin yerinə Azərbaycanda “5-ci kolon”un rəhbərliyinə kimisə axtarır: “Həmin axtarışa mane olmaq və Rusiyanın ”5-ci kolon"una həlledici zərbə vurmaq lazımdır. “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır” deyən deputatların da parlamentdə yüksək vəzifə tutmalarını əngəlləmək lazımdır".
Bəs, müxalifət R.Mehdiyevin toy məsələsi haqda nə düşünür? Cəzaları yetərli sayırmı? Onun belə davranışını iqtidara güc nümayişi sayırlarmı? Mehdiyevçi revanşistlərin əzələ nümayişi kimi qiymətləndirirlərmi?AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, həmin toy məclisində iştirak edən və karantin qaydalarını pozan şəxslərin əksəriyyəti uzun illər ərzində ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli postlarda təmsil olunublar və bəziləri bu gün də vəzifə başındadırlar, bu adamların hər biri etdikləri əmələ müvafiq olaraq daha sərt şəkildə cəzalandırılmalıdırlar: “Ona görə sərt cəzalandırılmalıdırlar deyirəm ki, fikir verdinizsə, ciddi ictimai qınağa tuş gələn bu şəxslərdən heç biri böyük rezonans doğuran olaya görə ictimaiyyətdən üzr istəməyi belə özlərinə rəva bilmədilər.
Halbuki, dövlətinə və millətinə hörmət edən hər kəs etdiyi yanlışlığa görə ilk növbədə ictimaiyyətdən üzr diləməliydi. Bu, bütün sivil dünyada qəbul olunmuş davranış qaydasıdır. İctimai-siyasi tutumu olan şəxslər, ələlxüsus da dövlət görəvində olanlar qanunlara sıravi vətəndaşlardan daha artıq dərəcədə riayət etməli, nümunəvi davranışları ilə fərqlənməlidirlər.
Amma uzun illər ərzində Azərbaycan dövlətinə və dövlətçiliyinə ciddi zərbə vurmuş Ramiz Mehdiyev kimisinin yaxın çevrəsində qərarlaşan və həmin zehniyyətdə olan bu adamlardan belə mövqe gözləmək yəqin ki, sadəlövhlük olardı. Çünki bu adamlar illər uzunu özlərini qanunlardan yüksəkdə tutub, ölkənin sadə vətəndaşlarına yuxarıdan aşağıya baxıblar. Korrupsiya və rüşvət piramidasının zirvəsində dayanan “boz kardinal” adlandırdıqları bosslarının sayəsində etdikləri cinayətlərə görə cəzasızlıq mühitində yaşamaq üstünlüyünə yiyələniblər. Bunlar üçün dövlət maraqları, milli maraqlar lazımsız söz yığınından başqa məna kəsb etməyib. Bu cənablar yüzlərlə ləyaqətli insanı incitməkdən, dövlətdən narazı, ölkədən didərgin salmaqdan da çəkinməyiblər. Uzun illər ərzində ölkənin siyasi mühitindəki gərginlik də Mehdiyev zehniyyətinin məhsulu olub. Bu gün həmin adamlara dövlətin gücünü və qanunların aliliyini “başa salan” hakimiyyət onu da nəzərə almalıdır ki, hakimiyyətin hər üç qolunda, icra, qanunvericilik və məhkəmə strukturlarında illər uzunu Ramiz Mehdiyevə dövlət kimi baxan, Azərbaycana deyil, Mehdiyevə və öz şəxsi maraqlarına xidmət edən, Abel Məhərrəmovun təbirincə desək, “xırda” adamlar az deyil. İlk növbədə bu adamlardan qurtulmaq və onları zərərsizləşdirmək lazımdır. Bunlar marığa yatmış vəhşi pişiklər kimi məqam gözləyirlər. Fürsət düşən kimi revanş götürməyə və dövlətə arxadan zərbə vurmağa hazırdırlar, təki öz maraqları təmin olunsun".
AMİP sədri hesab edir ki, təhlükəsizlik orqanları həmin çevrəyə daxil olan adamları müəyyən etməli, ölkədən çıxışlarına qadağa qoymalı, gərəkirsə cəmiyyətdən təcrid etməlidirlər. Olayın əsas səbəbkarı olaraq dövlətə və onun qanunlarına meydan oxumaq niyyətində olan Ramiz Mehdiyevin isə Elmlər Akademiyası kimi nüfuzlu quruma rəhbərlik etməyə heç bir mənəvi hüququ yoxdur.
Ağ Partiyanın sədri Tural Abbaslı isə dedi ki, bu məsələni sadəcə olaraq karantin qaydalarının pozulmasına səbəb olan bir toy məclisi kimi qəbul etmək yanlış olardı: “Çünki bu hansısa qaydaların pozulması deyildi, hazırkı iqtidara və onun yürütdüyü xəttə açıq-aşkar meydan oxumaq idi: ”Zatən bunu köhnələr heç gizlətmirdilər də. İstər Mehdiyevin özü, istər onun kürəkəni, istərsə də orada iştirak edən qonaqların davranışları, müsahibələri onların nə qədər arxayın olduqlarının sübutu idi. Mən hələ iqtidarın bu hadisəyə reaksiyasından saatlar öncə öz mövqeyimi sosial hesabımdan açıq şəkildə ortaya qoymuşdum. Və bunun bir üsyan cəhdi, saraydaxili çəkişmənin təzahürü olduğunu, eyni zamanda da bunun mütləq cavablandırılmalı olduğunu qeyd etmişdim. Əks təqdirdə insanların nə dövlətəb nə də qanunlara etimadlarının qalmayacağını bildirmişdim. Düşünürəm ki, iqtidarın deyil, dövlətin avtoritetini bu üsyankar harınlara göstərmək və qəbul etdirmək lazımdır. O toyun təşkilatçılarının və iştirakçılarının hamısı birmənalı şəkildə cəzalanrırılmalıdır. O üsyan məclisində olan bir adam belə, dövlət idarəçiliyində qalmamalıdır. Kimliyinə və bu günə qədər olan xidmətlərinə baxmayaraq. Bu əslində köhnələrin yenilərlə savaşıdır. İslahatlarla onun əleyhdarlarının mübarizəsidir. Biz AĞ Partiya olaraq hər zaman islahatların, yeniliyin, demokratiyanın və azadlıqların yanında olacağıq. Təki bu dəyişiklikləri etməyə siyasi iradə olsun".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, kifayət qədər ehtiyatlı və qorxaq adam olan Ramiz Mehdiyevin qoca vaxtında bu cür nümayişkaranə surətdə güc göstərməyə çalışmasının arxasında çox gizli mətləblər durur: “Adam açıq-aşkar özünü Azərbaycanın ”FETÖ"sü və “5-ci kolon”un rəisi timsalında təqdim edir və buynuz göstərir. Hamının həssaslıqla hadisələrin gedişini gözlədiyi bir məqamda Ramiz Mehdiyevin “buynuz”u qırıldı, kürəkəni və kürəkənin qudası qandallanaraq məhkəməyə gətirildilər, 15 sutkalıq inzibati həbsə məhkum edildilər. YAP Siyavuş Novruzova töhmət verdi, partiya rəhbərliyindən uzaqlaşdırıldı. Abel Məhərrəmov, Ombusman, toy mərasimində iştirak edən digər vəzifəlilər də cazalandırıldılar. Ramiz Mehdiyev ətrafında yaradılmış “boz kardinal” mifi bircə anda darmadağın oldu. Açıq-aşkar hakimiyyətə qarşı çıxdığı duelin elə birinci raundunda ciddi zərbə aldı və ona olan güvəncin sabun köpüyü kimi dağıldığını göstərdi. Məlum oldu ki, onu “iri” göstərən sadəcə daşıdığı Administrasiya rəhbərliyi görəvi imiş. Ölkənin demokratik qüvvələri də illərlə demokratikləşməyə, inkişafa, barışa, milli düşüncəyə mane olan, düşmənçilik edən Ramiz Mehdiyevin indiyədək törətdiyi əməllər barədə hüquqi prosedurların görülməsi üçün təşəbbüsdə bulunmalı, hüquq-mühafizə orqanları deyilənlərdən nəticə çıxarıb əməli tədbir görməlidir. Bu həm də xərçəng kimi hər yana yayılmış «5-ci kolon» təmsilçilərini də əhatə etməli və onlara dərs olmalıdır".
Etibar SEYİDAĞA,“Yeni Müsavat”