Dağlıq Qarabağ münaqişəsi: 8 suala cavabda

8-10-2020, 11:35   



Qarabağ, Azərbaycan, ErmənistanDAĞLIQ QARABAĞ BÖLGƏSININ AZƏRBAYCANLI ICMASI
Sentyabrın 27-dən Azərbaycan və Ermənistan arasında ağır döyüşlər başlayıb. Atəşkəsin imzalandığı 1993-cü ildən bəri ilk dəfədir ki, hər iki ölkə arasında döyüşlər 10 gündən çoxdur ki, davam edir.
BBC müasir Qarabağ münaqişəsinin təxminən 30 illik tarixinə və onun ətrafında baş verənlərə nəzər salıb.


Münaqişə necə başlayıb? Ermənistan və Azərbaycan niyə qarşı-qarşıya gəlib?

Müasir qarşıdurmanın tarixi 1980-ci illərdən, o vaxt SSRİ-nin baş katibi olmuş Mixail Qorbaçovun yenidənqurması və SSRİ-də yaşayan xalqlar arasında milli identifikasiya ideyalarının artan populyarlığı ilə başlayır.
Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in bir hissəsi idi, lakin orada, əsasən ermənilər yaşayırdı. 1980-ci illərin sonlarında ermənilər SSRİ rəhbərliyinə müraciət edərək, onları Ermənistan SSR-in yurisdiksiyasına keçirilmələrini xahiş etdilər.
Yerli ermənilərin Ermənistana birləşmək hərəkatı Azərbaycanda emosiyaların coşmasına səbəb oldu. İki icmanın nümayəndələri arasındakı toqquşmalar tezliklə Ermənistan SSR-də yaşayan azərbaycanlıların ordan çıxmasına səbəb oldu, bunun ardınca isə 1988-ci ilin fevralında Azərbaycanın Sumqayıt şəhərində erməni poqromları baş verdi.
SSRİ hökuməti məsələni güc yolu ilə həll etməyə çalışdı, ancaq Ermənistan və Azərbaycanda milli hərəkat təmsilçilərinin həbsi yalnız onların əhali arasındakı dəstəyini və iki respublika arasındakı düşmənçiliyi artırdı. 1990-cı ilin yanvarında Bakının erməni əhalisinə hücum oldu və yanvarın 20-də Sovet ordu birləşmələri Azərbaycanın paytaxtına girdi, yüzlərlə dinc sakin öldürüldü, yaralandı və ya itkin düşdü.


1991-ci ildə Sovet İttifaqının dağılması ilə Qarabağ uğrunda mübarizə yeni bir mərhələyə qədəm qoydu: tərəflər SSRİ ordusunun qoyub getdiyi silahlardan istifadə etmək imkanını əldə etdi.
Xüsusilə şiddətli döyüşlər 1992-1993-cü illərə təsadüf edib: hər iki tərəf böyük itkilər verib. Bu müddət ərzində münaqişənin müəyyən epizodlarına müharibə cinayətləri kimi qiymət verilir.
Xüsusilə, bu, 1992-ci ilin fevralında mühasirəyə alınan, Azərbaycanın Xocalı şəhərindən olan mülki əhalinin erməni qüvvələri tərəfindən kütləvi öldürülməsilə bağlıdır: Azərbaycanın rəsmi məlumatlarına görə, o zaman 600-dən çox qoca, qadın və uşaq ölüb.


Beynəlxalq ictimaiyyətin mövqeyi nə idi?

Qarabağdakı münaqişə BMT-də dəfələrlə müzakirə edilib. 1993-94-cü illərdə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dörd qətnamə qəbul edib, amma onların heç biri yerinə yetirilməyib.
Tərəfləri danışıqlar masasına gətirmək cəhdləri fərqli səviyyələrdə edilib. Ancaq hər dəfə Ermənistanda və ya Azərbaycanda liderlər dəyişəndə danışıqlara yenidən başlamaq lazım gəlib. Danışıqlar Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu tərəfindən aparılıb: bu qurum 1992-ci ilin martında Minskdə keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) konfransında yaradılıb.
1994-cü ilin mayında vasitəçilər Qarabağda atəşkəsə nail ola bildilər. Həmin dövrdə muxtar vilayətin ərazisi və ona bitişik yeddi rayon erməni qüvvələrinin nəzarəti altında idi.
O vaxtdan bəri davam edən görüşlər və danışıqlar heç bir nəticəyə gətirib çıxarmayıb. Tərəflər 2001-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın Key West şəhərində təşkil olunan görüşdə sülh sazişini imzalamağa çox yaxın olublar. Ancaq son anda müqavilənin imzalanması baş tutmayıb.

"Dağlıq Qarabağ Respublikası" nə vəziyyətdədir?

Erməni icması 1991-ci ildə münaqişəyə səbəb olmuş ərazidə "Dağlıq Qarabağ Respublikası" ("DQR" - ermənilər, eləcə də "Artsax" deyir) elan edib, amma bu ərazi dövlət kimi tanınmayıb. Rəsmi Bakı bu ərazilərin işğal edildiyini bəyan edib. Rəsmi Yerevan "DQR"-in müstəqilliyini rəsmən tanımır, lakin özünü onun təhlükəsizliyinin qarantı adlandırır, "respublika"nın büdcəsi və ordusu isə Ermənistanla sıx bağlıdır.
"DQR" mütəmadi olaraq seçkilər keçirir, lakin onların nəticələrini dünyada heç bir dövlət tanımır. Tanınmamış "respublika"nın sakinləri Ermənistan pasportlarından istifadə edirlər. Bura telefon zəngləri Ermənistan kodu ilə edilir.

Son vaxtlara qədər atəşkəs necə təmin olunurdu?

Təmas xəttində davamlı olaraq təxribat qruplarının, pilotsuz təyyarələrin iştirakı ilə lokal döyüşlər baş verib, atışmalar olub.
Ən ciddi toqquşma 2016-cı ilin aprelində baş verib, hər iki tərəfdən onlarla əsgərin ölümü ilə nəticələnib. Dörd gün davam etmiş döyüşlər iki ölkənin baş qərargahlarının nümayəndələri Moskvada atəşkəs barədə razılığa gəldikdən sonra dayanıb.
2020-ci ilin iyul ayında Qarabağda deyil, Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhəddə toqquşmalar baş verib. Rusiya baş nazirinin Yerəvana və Bakıya getdiyi 2016-cı il eskalasiyasından fərqli olaraq, iyul toqquşmaları iki tərəfi bir araya gətirmək üçün böyük beynəlxalq səylərin göstərilməsinə səbəb olmadı.

Türkiyənin Qarabağ münaqişəsi ilə nə əlaqəsi var?

Ermənistan üçün Türkiyə ilə münasibətlər ən ağrılı tarixi məsələlərdən biri olaraq qalır. 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyası Şərqi Anadoludakı erməni partizan hərəkatına qarşı genişmiqyaslı əməliyyat keçirirdi.
Nəticədə bölgənin demək olar ki, bir çox erməni didərgin düşdü, yüz minlərlə (erməni mənbələrinə görə, 1,5 milyon) insan öldü. 1915-ci il hadisələri dünyanın bəzi ölkələrinin parlamentləri tərəfindən soyqırım kimi tanınıb.
Türkiyə tarixi hadisələrə bu cür qiymətin verilməsi ilə razılaşmır.
Türkiyə və Azərbaycan xalqlarını yaxın tarixi və mədəni əlaqələr birləşdirir, onlar eyni linqvistik qrupdan olan dillərdə danışırlar. Siyasi nöqteyi nəzərdən, Türkiyə hər zaman Azərbaycanı dəstəkləyib - xüsusilə SSRİ-nin dağılmasından sonra.
Türkiyə Ermənistanla sərhədləri bağlayıb, iki ölkə arasındakı diplomatik münasibətlər kəsilib. 2008-2009-cu illərdə iki ölkənin liderləri münasibətləri normallaşdırmağa çalışdılar, lakin rəsmi Bakı kəskin şəkildə buna qarşı çıxdı, Ermənistanda kütləvi etiraz aksiyaları baş verdi və nəticədə yaxınlaşma alınmadı.
Lakin bütün münaqişə dövrü ərzində Türkiyə ilk dəfədir ki, Azərbaycana bu qədər fəal şəkildə dəstək verir.

Bəs İran?

İran kifayət qədər praqmatik mövqe tutur. Bu, bölgədə Ermənistanı dəstəkləyən yeganə (Rusiyadan sonra) ölkədir. İranda - əsasən ölkənin şimalında, Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında çox sayda etnik azərbaycanlı yaşayır. İran hakimiyyəti onların arasında separatçı münasibətlərin yarana biləcəyi ehtimalından narahatdır.
Ermənistan Qarabağ münaqişəsi nəticəsində Azərbaycan və Türkiyə tərəfindən bloklanıb, Gürcüstan ərazisindən nəqliyyat əlaqəsi isə kifayət qədər məhduddur. İran sərhədi Ermənistan üçün müharibə dövründə iqtisadiyyatının dəstəklənməsi üçün vacib bir amilə çevrilib.

Rusiyanın mövqeyi nədir?

Rusiyanı Ermənistan və Azərbaycanla çoxəsrlik bir tarix bağlayır, amma indi hər şey daha qəlizdir. Məsələ burasındadır ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və vasitəçi olaraq hər iki tərəfi də dinləməlidir. Rusiya Ermənistana və Azərbaycana milyardlarla dollarlıq silah satır.
Rusiya şirkətləri Ermənistanda böyük iqtisadi aktivlərə sahibdir. Ermənistan ərazisində böyük bir Rusiya hərbi bazası var. Çox sayda Ermənistan vətəndaşı Rusiyada işləyib pul qazanır. Bir çox Azərbaycan vətəndaşı da Rusiyada işləyir. Rusiya biznesi Azərbaycanın neft sənayesinə sərmayə qoyub.
Ölkənin özündə rus mənşəli vətəndaşlar kifayət qədər çoxdur. Bu səbəbdən güman olunduğu kimi, Rusiya birmənalı mövqe tutmur və nə Bakıya, nə də Yerevana birmənalı dəstək göstərmir.

Münaqişə niyə məhz indi yeni intensivliklə alovlanıb?

Qafqaz üzrə mütəxəssislər buna bir çox faktorun təsir göstərdiyini düşünürlər.
Bunlardan bəzilərinə nəzər salaq.
Azərbaycanın bu gün Ermənistan üzərində hərbi üstünlüyü mövcuddur və o qərara gəlib ki, nə qədər ki, belə bir üstünlük var, münaqişə bölgəsində vəziyyəti dəyişmək üçün ondan istifadə olunsun və Ermənistanla danışıqlar apararkən 1994-cü ildə müharibədə uduzan tərəf kimi zəif mövqedən deyil, daha güclü mövqedən çıxış edə bilsin. Azərbaycan bəyan edib ki, erməni qüvvələri işğal etdiyi torpaqlardan çıxana qədər döyüşləri dayandırmayacaq.
Ankaranın Suriya və Liviyadakı münaqişələrə uğurlu müdaxiləsindən sonra bölgədəki təsiri kəskin şəkildə artan Türkiyənin birbaşa dəstəyi Azərbaycan rəhbərliyinə uğur qazanmağın mümkünlüyünə inamını arıtıb.
Dünyanın aparıcı fövqəldövlətləri koronavirus böhranı ilə məşğuldurlar.
ABŞ-da, hər şeyə əlavə olaraq, siyasi rəhbərliyin əsas diqqəti prezident seçkiləri məsələsinə yönəlib.
Dünya iqtisadiyyatı uzun bir böhrana doğru hərəkət edir və Azərbaycan büdcəsi üçün əsas pul mənbəyi olan neft qiymətləri indiki səviyyədə qalması çətin görünür.
Bu isə o deməkdir ki, gələcəkdə ölkənin hərbi potensialını gücləndirmək üçün maliyyə imkanları məhdud ola bilər.
Nəhayət bir çox ekspertlər Qarabağın dağlıq ərazi olduğuna diqqəti çəkir.
Burada qış düşəndən sonra hərbi texnikanı hərəkət etdirmək daha çətin olacaq və buna görə də, nə qədər ki, yolları qar örtməyib, əməliyyatları keçirib başa çatdırmaq lazımdır.

BBC
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar