“BİR HƏFTƏYƏ DÜŞMƏNİN MÜQAVİMƏTİ TAM QIRILACAQ!” – “Qubadlıya çıxıb, Meqrini dağıtmağa hazır olduğumuzu göstərməliyik”

8-10-2020, 14:16   




Azərbaycan Ordusunun işğal edilən ərazilərimizdə təcavüzkar erməni ordusuna qarşı əməliyyatları davam edir. Artıq bir şəhər və onlarla kənd düşməndən tam təmizlənib, ordumuz hər gün irəliləyir. Bununla paralel olaraq diplomatik meydanda da “döyüşlər” davam edir. 
“AzPolitika.info” Milli Məclisin deputatı, sabiq dövlət müşaviri Rasim Musabəyovla bu mövzuları müzakirə edib.
Müsahibəni təqdim edirik:

- Rasim müəllin, Azərbaycan Ordusu 10 gündən artıqdır torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlar aparır. Qarabağ probleminin ilk günündən bu işlə məşğul olan mütəxəssis kimi vəziyyəti necə görürsünüz, aparılan hərbi əməliyyatları necə xarakterizə etmək olar?
- Mən hərbçi deyiləm, amma dediyiniz kimi bu məsələ ilə uzun illərdir maraqlanıram. Ermənilər son 25 ildə orada möhkəm müdafiə xətləri çəkiblər. Söhbət 4-5 xətdən gedir. Ordumuzun əsas vəzifəsi onların qurduğu müdafiə xəttini dağıtmaqdır. Mənə elə gəlir ki, Ordumuz bu işlə uğurla məşğuldur. Həm şimal, həm də cənub istiqamətində bu xətlər yarılıb. Ən vacib məsələ budur.

İkincisi, dağlıq və mürəkkəb relyefdə sənin vəzifən təkcə kəndlər, rayonlar azad etmək deyil. Kəndlər, rayonlar azad etmək təbliğat üçün vacibdir. Hərbi-strateji baxımından dağlıq ərazilərdə yüksəkliyi ələ keçirmək daha vacibdir. Ordumuz da bununla məşğuldur. Biz nəzərə almalıyıq ki, əraziyə nəzarət yüksəklikləri ələ keçirməkdən asılıdır. Orada əsas yüksəklikdə ermənilərin müdafiə xətdidir. Azərbaycan Ordusu onu dağıtmaqla məşğuldur. Hesab edirəm ki, Ordumuz bu işi uğurla həyata keçirir. Hər halda müharibə itkisiz olmur. Amma düşmənin itkiləri daha çoxdur. Halbuki hücum əməliyyatı həyata keçirən tərəfin itkiləri dəfələrlə çox olur. Bizim hərbi komandanlıq əsgərləri bu baxımdan qoruyur. Hazırda əməliyyatlar davam edir. Uzun çəkən hərbi münaqişədə təbii ki, Azərbaycanın üstünlüyü özünü açıq büruzə verəcək. Ona görə ki, Azərbaycan Ordusu sayca, mobilizasiya potensialına, əlavə texnika, sursat və yanacaqla təmin olunması ilə bağlı imkanları baxımında ermənilərlə müqayisədə dəfələrlə güclüdür. Düşünürəm ki, ermənilər zarımağa başlayıb, ancaq bir azdan zarımaqdan özlərinin qulaqları batacaq. Hər halda mən Bakıdan cəbhədəki vəziyyəti belə görürəm.
- Bəs diplomtik sahədə nə baş verir?
- Dilomatik sahədə bizə müharibə aparmaq üçün məqbul vəziyyət Türkiyənin bizimlə açıq formada çiyin-çiyinə durmasıdır. Eyni zamanda Rusiyanı 10 gündür ki, neytral saxlaya bilmişik. İndi döyüş təkcə Qarabağda getmir, biz ermənilərin təxribatlarına uymayaraq, yəni Ermənistan ərazisinə “əl gəzdirmədən” buna nail olmuşuq. Bu, öz-özlüyündə müsbət hadisədir. Baxmayaraq ki, Ermənistanın havadarları, qərb mətbuatında Azərbaycan müharibənin “günahkarı” kimi qələmə verilir. Çağırışlar var ki, atəşkəsi bərpa edin və danışıqlar formatına qayıdın. Ancaq Azərbaycana qarşı sərt bəyanatlar və bilavasitə sanksiya çağırışları yoxdur. Bu da əslində göstərir ki, beynəlxalq hüquq və ədalət Azəbaycanın tərəfindədir. İkincisi, Azərbaycan düzgün xətt tutaraq belə məqamları neytrallaşdıra bilib. Bizim üçün müsbət diplomatik vəziyyət ondan ibarətdir ki, bizə öz torpaqlarımızdan düşməni çıxarmağa heç kəs maneə yaratmır. Hələlik diplomatiyamız bunu bacarıb.
Mən başqa bir məqamı qeyd etmək istərdim. İnformasiya mübadiləmiz biz istədiyimiz səviyyədə deyil. Ermənilər adətən informasiya mübadiləsində bizi birə yüz qabaqlayırdılar, indi düşünürəm ki, bu üstünlük ola bilsin ki, erməni tərəfindədir, ancaq vəziyyət heç də əvvəlki kimi deyil. Azərbaycanın da səsi eşidilir, mövqeyimizə dəstək verənlər var. Baxmayaraq, bir çoxları qəlbən ermənilərə tərəfdir, burada lobbi, maliyyə, xristian həmrəyliyi rol oynayır. Adətən daha zəif tərəfə dəstək vermək istəyirlər, “Paşinyan demokratdır” bəhanəsi ilə ermənilərə dəstək var. Amma hər bir halda Azərbaycan, o cümlədən informasiya meydanını ermənilərə verməyib. Biz bu istiqamətdə öz sözümüzü çatdırmaq imkanındayıq. Bir çoxları Azərbaycanda rusdilli mənbələrə baxırlar. Orada da rus mətbuatı yoxdur, demək olar ki, erməni mətbuatıdır. Amma buna baxmayaraq sorğular keçirilib və Rusiya əhalisinin təxminən 60 faizi hesab edir ki, bu müharibənin Rusiyaya aidiyyəti yoxdur və ora qarışmaq da lazım deyil.
- Maraqlı sorğudur, bu haqda geniş məlumatınız varmı?

- Ehtimal edirəm ki, Rusiya rəhbərliyinin bu məsələdə kənarda durmağının bir səbəbi də odur ki, əksər vətəndaşlar deyir ki, bu münaqişə bizlik deyil. Ermənilər gəlib Rusiyada restoran saxlayırlar, rusların özlərini işlədirlər. Bunun qarşılığında rus əsgəri gedib erməni naminə ölsün? Rusiyada böyük əksəriyyət hesab edir ki, buna ehtiyac yoxdur, buyursunlar özləri gedib döyüşsünlər, əgər dedikləri kimi bura onların vətənidirsə.
İkincisi də Rusiyanın nə marağı var burada? Sorğunun nəticələrinə gəldikdə, sizə deyim ki, 60 faiz civarında əhali düşünür ki, Qarabağ problemi Rusiyalıq məsələ deyil. 16 faiz ermənilərin, 8 faiz isə Azərbaycanın tərəfini saxlayır. Qalanların isə mövqeyi yoxdur. Bu reallıq onu göstərir ki, baxmayaraq ermənilər Rusiya və digər yerlərdə canfəşanlıq edirlər, amma onlar istəklərinə nail ola bilməyib. Baxın, Fransa prezidenti orada ermənilərin maraqları üçün az qala özünü cırır, amma müsbət odur ki, əli heç nəyə çatmır. Nə Avropa Birliyini, nə ABŞ-ı, nə Almaniyanı, nə də Böyük Britaniyanı ermənipərəst mövqeyə sürükləyə bilməyib. Belə olduğu halda hesab edirəm ki, həm diplomatik kanallar, həm də informasiya xətti ilə kifayət qədər uğurlu iş görürük. Baxmayaraq ki, şərait heç də bizim üçün o dərəcədə məqbul deyil.
- Rusiya Prezidenti Vladimir Putin müharibənin onuncu günündə, nəhayət, açıqlama verdi, Qarabağda gedən hərbi əməliyyatları faciə adlandırdı, eyni zamanda xatırlatdı ki, əməliyyatlar Azərbaycan ərazilərində gedir. Bunu necə qiymətləndirirsiniz?
- Putin açıq dedi ki, hərbi əməliyyatlar Qarabağda gedir və bizim ora qarışmaq hüququmuz yoxdur.
- Yəni bitərəf qalmaqda davam edəcəklər?
- Bu, üzdə olan münasibətdir, amma düşünürəm ki, altdan çalışırlar ki, ermənilərə ehtiyat hissələri, silah ötürsünlər. İstisna etmirəm ki, onlar muzdlu döyüşçüləri də göndərə bilərlər. Amma bunlar da bir ovuc adam ola bilər. Nizami ordunun qarşısında nə qələt edəcəklər? Yəni bunları daha çox erməniyə ürək-dirək vermək üçün edirlər. Reallıqda isə Ermənistanda vəziyyət çox qarışıqdır. Düşünürəm ki, bizim daha bir həftə imkanımız olsa ki hücumlarımızı davam etdirək, onların müdafiəsini tam qıracağıq.
- Ermənilər Gəncəni, Mingəçevir SES-i, Tərtəri vurur. Həmçinin Bakı-Tbilisi-Ceyhan kəmərinin Yevlax hissəsini vurmağa cəhd ediblər. Sizcə, bu faktlar qərb dünyasının rəyinə təsir edə bilərmi?
- Bəli, atdıqları raket kəmərin yanında düşüb, xoş haldır ki, neft kəmərinə bir şey olmayıb. Mingəçevir də hədəfə götürülüb, amma düşmən istəyinə nail ola bilməyib. Ermənilərin bu addımları bir tərəfdən onların isterikasının nümayişidir, digər tərəfdən çalışırlar ki, biz əks-zərbəni Ermənistana vuraq və beləcə Ermənistana Rusiyanın dəstəyini təmin etsinlər. Məqsəd budur.
Qərbə gəldikdə, hər bir halda Britaniya və ABŞ ermənilərə dəstək vermir. Sözsüz ki, ümumi şəkildə deyirlər ki, dayandırmaq lazımdır, ancaq erməni oradan heç bir dəstək almır. Ermənilərin daha çox üstünlük verdiyi Putin və Makrondur.

- İranın Azərbaycanın başladığı hərbi əməliyyatlardan sonra sanki dəyişkən və stabil olmayan mövqeyinin şahidi oluruq. İranın bu məsələdə qəti mövqeyi nədən ibarətdir?
- Sizinlə razıyam ki, mövqeyi dəyişilir. Altdan ermənilərə köməklik edir. İndi mənim düşüncəmə görə, bu mövqe dəyişilib. Birinci növbədə orada yaşayan azərbaycanlıların narazılığı var və bununla istər-istəməz hesablaşmalı olurlar. Digər tərəfdən, hamı çalışır ki, qalib gələnin yanında olsun.
İran da arzu etmir ki, sabah biz qalib çıxdığımız halda pərt qalsın. Ona görə də rəsmi mövqe dəyişilir. Nəhayət, İran tərəf baxır, düşünür ki, sabah bu sərhəddə ABŞ, Fransa və ya Rusiyanın əsgərlərinin BMT və ya KTMT-nin bayrağı altında gəlməsindənsə, elə Azərbaycanın öz sərhəddini müdafiə etməsi yaxşıdır. Yəni regiona heç bir xarici qüvvənin gəlməməsi İran üçün daha məqbul variantdır. Ona görə düşünürəm ki, İran öz mövqeyində ermənipərəstliyi göstərməyəcək.
- Qarabağda gedən hərbi əməliyyatlarla bağlı Rusiyanın mövqeyini çox ehtiyatla şərh etdiniz. Sizcə, Rusiya hansı ana qədər neytrallığını qoruyub saxlaya biləcək?
- Onlar gözləyirlər ki, hər iki tərəf gücünü itirsin və onlar da oyuna daxil olsunlar. Bu zaman erməni də onlardan xahiş etsin, biz də razılıq verək və onlar da gəlib burada dədəlik etsinlər. Amma regionda təkbaşına dədəlik daha olmayacaq. Ona görə ki, artıq burada Türkiyə mövcuddur. Məncə, Rusiya anlayır ki, bu məsələdə Türkiyə ilə ilkin söhbətləşmə və razılaşmanı həyata keçirməlidir.
- Rasim müəllim, Sizcə, hərbi yolla problemi kökündən həll etmək mümkün olacaqmı?
- Biz oranı “şumlamağa” davam etsək, əksər erməni əhalisi çıxıb gedəcək, tək-tük erməni qala bilər. Bu da o deməkdir ki, bizə yanaşma sərt ola bilər. Hələlik biz demirik ki, məqsədimiz oradakı erməniləri vurub çıxarmaqdır. Bizim indiki məqsədimiz işğal olunan ərazilərdən onları çıxarmaqdır. Biz onu bacarsaq, yəni yuxarıdan Kəlbəcərə, aşağıdan Laçına çıxa bilsək onları qovmağa da ehtiyac yoxdur. Onlar elə girov kimi əlimizdə qalacaqlar.
Əsas Kəlbəcərə çıxmaqdır. Kəlbəcərə çıxmalıyıq, aşağı hissədə də Qubadlıya. Eləcədə Zəngilanı götürməklə Meqrinin yanında mövqe tutmalıyıq. Onlar anlasınlar ki, belə davam edərsə, biz oranı dağıdıb Naxçıvanla Azərbaycanı birləşdirə bilərik.
- Paşinyan öncə deyir güzəştlərə hazırdır, sonra elan edir ki, “Qarabağ Ermənistandır”. Məqsədi nədir?
- Paşinyan qələt edir, bu adam sanki başını itirib. Məsələni söz deyənlər həll edə bilməyəcək. Məsələləri indi döyüş meydanlarında olan 10 minlərlə zabit və əsgərimiz həll edir, biz sadəcə fikrimizi deyir, vəziyyəti qiymətləndiririk. Bir sözlə, indi danışanlar deyil, düşmənlə üz-üzə duran ordumuz məsələni həll edir.
Vaqif NƏSİBOV
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar