Eynulla Fətullayevdən Ziya və Elton Məmmədovlar barədə açıqlamalar

24-04-2014, 18:34   
Eynulla Fətullayevdən Ziya və Elton Məmmədovlar barədə açıqlamalar
Baş redaktor “üzərimizə düşən işi görürük”, dedi; E. Fətullayev: “Düşünmürəm ki, o insanların kiməsə qarşı nə isə eləməyə cürətləri çatar”...

Jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevin sahibi olduğu saytlara kiber hücumlar edilir. Bunun da nəticəsində rusdilli haqqın.az və Azərbaycan türkcəsində yayılan virtualaz.org saytları normal fəaliyyət göstərə bilmirlər. Mətbuat və siyasət dəhlizlərində belə şayiələr gəzir ki, Fətullayevin media orqanlarını “vurduran” nəqliyyat naziri Ziya Məmmədova bağlı adamlardır. İnsanların bu cür düşünməsi üçün arqumentlər də var - E. Fətullayev son günlər Məmmədovlar klanına aid bir neçə gəncin lüks həyat tərzinə və Bakıda mövcud qanunları pozmaqla, sürətli (saatda 240 km) avtomobil yarışları keçirmələrinə dair videolar, fotolar və digər ifşa xarakterli materiallar yayıb. Nəticədə Məmmədovlar klanı ictimai rəydə və xəbər məkanında 1 saylı müzakirə mövzusuna çevriliblər. Nazir Ziya Məmmədovun bir neçə il ərzində çalışdığı layihə - gənc Məmmədovları küçə və barlaradan, meşşan, qlamur həyatdan siyasi məkanlara transfer etdirmək – faktiki olaraq, puç olmaqdadır. Doğrudur, ortalıqda nazirin oğlu Anar Məmmədova dair heç bir video-görüntü, sənəd-sübut yoxdur.

Lakin “əsərin qəhrəmanları” onun doğma qardaşı oğullarıdır. Bu faktlar Ziya Məmmədovu da, onun deputat qardaşı Elton Məmmədovu da, vaxtilə əmisi uşaqları kimi həyat tərzi keçirməklə gündəmə gəlmiş, indi isə yalnız siyasi fəaliyyətlə məşğul olan Anar Məmmədovu da ciddi şəkildə zədələyir. Bu səbəbdən də Azərbaycan mediasının bəlli imkanlarından yuxarı olan bir performans göstərən ifşaçı media quruluşlarına qəzəblə hücum etdirmək tamamilə məntiqli görünür. Hər kəs düşünür - başqalarının nəyinə lazımdır ki, E. Fətullayevin saytlarını dağıtdırsın? Axı, hər hansı bir saytı çökdürmək, ona kiber hücum sifariş etmək çox bahalı işdir. Hədəfdəki saytların müdafiə sisteminin səviyyəsindən asılı olaraq, sutkası 1000 - 5000 dollar ödəmə tələb edir. Bu qədər məsrəfə kimin girə biləcəyi sualı ortaya çıxanda, təbii ki, hər kəs ilk növbədə Ziya Məmmədovun adını çəkir.

Eynulla Fətullayevsə məsələyə gözlənilməyən təmkinlə yanaşır. O, müsavat.com-un müxbirinə deyib: “Bizim əlimizdə konkret sübut yoxdur ki, bizim saytlara qarşı bu kiber hücumu kim təşkil edir. Yalnız ehtimallar irəli sürmək, fərziyyələr səsləndirmək olar. Amma deyə bilərəm ki, bizim texniki şöbə bir gündür bu işlə məşğuldur. Yəni bir gündən artıqdır fasiləsiz olaraq, həm haqqın.az, həm virtualaz.org saytları şiddətli kiber hücuma məruz qalırlar. Bu cür hücumlar isə çox böyük vəsait tələb edən qeyri-qanuni əməliyyatdır. Bu əməliyyatı kimin təşkil etdiyini sübut eləmək də çox çətindir. Ona görə mən birmənalı şəkildə kimisə ittiham eləyə bilmərəm”.

Eynulla Fətullayev müvafiq sualımıza cavab olaraq bildirib ki, kimləri qıcıqlandıraraq, öz üzərinə çəkdiyinin fərqindədir: “Mən hesab edirəm ki, biz jurnalistlər, kütləvi informasiya vasitələri ictimai nəzarəti həyata keçirməliyik. Biz Azərbaycan vətəndaşlarından kimliyindən asılı olmayaraq, qanuna riayət etmələrini tələb eləməliyik. Dövlət məmurları, onların övladları, onlara yaxın şəxslər qanunları pozursa, çox təhlükəli vəziyyət yaranır. Qanunlara məhəl qoyulmaması ənənəsi formalaşır ki, bu da ölkənin zərərinədir. Biz jurnalist olaraq üzərimizə düşən funksiyanı yerinə yetiririk, heç kəsə qarşı mübarizə aparmırıq, heç kəsə qarşı kampaniya aparmırıq. Biz faktları yazırıq, təqdim edirik və suallarımızı veririk. Jurnalistin işi budur. Bütün bu məlumatlar sosial şəbəkələrdən götürülüb. Və aydın görünür ki, bu insanlar qanunları pozurlar. Biz isə yazırıq ki, qanunları pozmaq olmaz. Biz Nazim İbrahimovun da oğlundan yazdıq, nazir müavini Vaqif Əliyevin oğlunu göstərdik və digər bir sıra məmurların da yaxınlarının qanunsuz davranışları barədə faktlara əsaslanan materiallar vermişik”.

E.Fətullayev hesab edir ki, medianın bu cür qanunsuzluqları ortaya çıxarıb ictimailəşdirməsinin nəticələri artıq var: “Qudurğan həyat tərzi sürən insanlar əvvəllər bahalı maşınlarını, saatlarını nümayiş etdirirdilər. İndi onların hamısı sosial şəbəkələrdəki səhifələrini qapadıblar. Biz sadəcə hesab edirik ki, kimliyindən, kimin yaxını olmağından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bərabərdir, hamı qanun qarşısında bərabər olmalıdır və hamı düz yaşamalıdır. Ona görə Ziya Məmmədova və ya başqa hansısa məmura qarşı kampaniya, mübarizə aparılmasından söhbət gedə bilməz. İkincisi, biz Ziya Məmmədovdan və ya onun qardaşından nə yazmışıq ki?! Heç bir kampaniyadan, mübarizədən söhbət getmir”.

“Yaranmış vəziyyətdə özünüzə qarşı təhlükə görürsünüzmü?” sualını isə E.Fətullayev belə cavablandırdı: “Özümə qarşı nə təhlükə ola bilər ki?! Mən hesab edirəm ki, Azərbaycanda hüquq-mühafizə orqanları çox peşəkarlıqla işləyir. Eyni zamanda əməliyyat-axtarış vəziyyəti nəzarət altındadır. İkincisi, düşünmürəm ki, o insanların cürəti çatar kiməsə qarşı nə isə eləməyə. Çünki qanunu pozan, qeyri-qanuni hərəkətlərə yol verən insanlar ifşa olunanda daxilən özləri həyəcanlı vəziyyətdə olurlar”(musavat.com).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.