“HƏRBİ ƏMƏLİYYATLARIN BƏRPASI QAÇILMAZDIR” – “Moskva Paşinyanı yıxacaq...”

10-10-2020, 15:02   





Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov dünən gecə Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdə əldə olunan razılaşmanı şərh edib.
Xatırladaq ki, Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında 10 saat davam edən müzakirələrin nəticəsi olaraq tərəflər atəşkəsə razılaşıblar. Sənəddə yazılıb:
- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
- Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
- Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Tofiq Zülfüqarov bildirir ki, hələlik bu, humanitar atəşkəsdir. Atəşkəs rejiminin digər parametrlərinin gələcəkdə razılaşdırılması nəzərdə tutulur. Ekspert izah edir ki, bu bənddə qüvvə və vasitələrin yenidən qruplaşmasına qadağanın tətbiq edilməsi, faydasız zonanın rejiminin parametrləri, Ermənistandan ehtiyat qüvvələrin daşınmasına qadağanın tətbiqi nəzərdə tutula bilər. Danışıqlar prosesinin bərpası ehtimalına gəlincə, T.Zülfüqarov deyib ki, razılaşdırılan mətn qəti şəkildə konkret deyil: "Mətndə nizamlama prinsiplərinə sadiqliklə bağlı razılıq var ki, bu da müxtəlif cür şərh oluna bilər".
Keçmiş nazir daha sonra mövcud vəziyyətin siyasi aspektləri barədə fikirlərini bildirib:
- Status-kvo həm hərbi-taktiki, həm də siyasi cəhətdən dəyişdirilib;
- Azərbaycan de-fakto sübut etdi ki, silahlı qüvvələrini təcavüzkara qarşı istifadə etmək iqtidarındadır və “həmsədrlərin inhisarçılığına” alternativ var;
- Rusiya və Türkiyə güc yolu ilə öz müttəfiqlərini müdafiə etmək baxımından eyni siyasi mövqelərə malikdirlər;
- Ermənilərə aydındır ki, Rusiya onların əvəzinə savaşmayacaq və Rusiya cəmiyyəti bu yolu qəbul etmir;
- Rusiya “Paşinyanın Soros rejiminin” cəzalandırılmasında arzuladığı cəza səviyyəsini əldə etməyib.
Nəticələr barədə danışan ekspert bir neçə mühüm məqamı qeyd edib:
- Azərbaycan cəmiyyəti hərbi əməliyyatların dayandırılması ideyasını dəstəkləmir;
- Ölkə rəhbərliyi bu amili inkaretmə yolu ilə getməyəcək, çünki bu, ciddi daxili siyasi böhrana gətirəcək;
- Rusiya hələlik Paşinyana verilən dərslərin real nəticələrini görmür və ona görə hərbi əməliyyatların bərpası təhlükəsini tam aradan qaldırmayacaq;
- Paşinyan “böyük qələbənin” əldə olunmasında özünün rolunu göstərmək üçün reklam kampaniyasına başlayacaq ki, bu da yeni hərbi əməliyyatların başlanmasına təhrik edəcək.
Tofiq Zülfüqarov irəli sürdüyü fikirlərə əsaslanaraq vurğulayır ki, hərbi əməliyyatların yaxın günlərdə, yaxud həftələrdə bərpası qaçılmazdır.
"Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərə verilən meyitlərin sayını açıqlayacaq. Bu, erməni cəmiyyəti üçün şok olacaq. Moskva Paşinyanı yıxacaq", - deyə keçmiş nazir vurğulayıb.
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar