"MOSKVA RAZILAŞMASI AZƏRBAYCANIN MARAQLARINA ZİDDİR!" - "Müharibə bitməmiş əsirlər dəyişdirilməz"

10-10-2020, 22:43   




"Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb"
Politoloq Elxan Şahinoğlu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən gecə Moskvada 10 saatlıq müzakirələrdən sonra imzaladığı razılaşmanı şərh edib.
Xatırladaq ki, imza atılan birgə bəyanat 4 bənddən ibarətdir:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Elxan Şahinoğlu deyir ki, birinci bənd istisna olmaqla digər 3 bəndin yerinə yetirilməsi mümkün deyil və indiki şərtlər altında bizim maraqlara ziddir.

Politoloq bildirib ki, birinci bəndin özündə dəəsirlərin dəəyişdirilməsiylə bağlı fikir qüsurludur: "Biz hərbçilərimizə atəş açan erməni hərbçiləri azad edək ki, onlar geri qayıdıb yenidən bizə atəş açsınlar, şəhərlərimizi bombalasınlar? Əsirlərin dəyişdirilməsi ümumi məsələ həll olunduqdan, yəni müharibə bitdikdən sonra mümkündür. Bu bütün müharibələr üçün keçərlidir. Müharibələr bitməmiş əsirlər dəyişdirilməz".
E. Şahinoğlunun sözlərinə görə, bəyanatda Azərbaycanın işğal altındakı 7 rayonundan söhbət açılmır: "Bu yoxdursa, bəyanatın digər 3 bəndi bizim üçün keçərli deyil. Prezident İlham Əliyevin dediyi kimi Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməyənə qədər danışıqlar mümkün deyil. Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb. Digər tərəfdən biz danışıqlarda regional dövlət kimi mütləq Türkiyənin iştirakını istəyiriksə, bəyanatda “danışıqlar formatının dəyişilməzliyini” bəndini qəbul edə bilmərik. Məgər ermənipərəst Fransanın vasitəçiliyini rədd etmədikmi?"
Politoloq vurğulayıb ki, bu bir bəyanatdır, hüququ qüvvəsi yoxdur, kimsə bizi bu bəndləri yerinə yetirməyə məcbur edə bilməz. Ona görə irəli getmək lazımdır.
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar