Toplanılan materiallar artıq ən yüksək səviyyədə məruzə olunub
“Azərbaycanın eks-müdafiə naziri, general-polkovnik Səfər Əbiyev hazırda xaricdədir”.
Bu barədə Publika.az-a adının çəkilməsini istəməyən S.Əbiyevin yaxın adamı məlumat verib.
O bildirib ki, S.Əbiyev Bakıya gələn həftə qayıdacaq.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Səfər Əbiyev Müdafiə naziri vəzifəsindən azad olunandan sonra Çexiyada malikanəsində yaşayır. O, nazir postundan gedəndən sonra barəsində yazılanlarla bağlı cəmi bir dəfə mətbuata çıxıb və həmin vaxt "Qafqazinfo"ya açıqlama verərək bildirmişdi ki, ona qarşı bu sifarişlərin haradan verildiyini yaxşı bilir.
Son bir neçə gündə Səfər Əbiyevin Müdafiə naziri olan vaxt bu strukturda işləmiş yüksək vəzifəli şəxslərin fəaliyyəti yoxlanılır, bəziləri vəzifəsindən azad olunur, digərlərinə isə cinayət işi açılıb. Onların arasında istintaqa cəlb olunanlar da var. Elə dünən Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu isə orduda baş verən neqativlərin ən yüksək səviyyəyə gedib çıxdığını göstərir.
Artıq məlumatlar yayılır ki, Səfər Əbiyevin də istintaqa cəlb olunacağı istisna deyil, çünki məlumatlara görə, saxlanılan generalllar bütün qanunsuzluqları sabiq nazir Səfər Əbiyevin rəhbərliyi ilə həyata keçirdiklərini bildiriblər. Onlar bu işləri sadəcə əmr şəklində yerinə yetirdiklərini qeyd ediblər. Toplanılan materiallar artıq ən yüksək səviyyədə məruzə olunub. Eks-nazir könüllü ölkəyə qayıtmasa belə, onun məcburi qaydada Azərbaycana dönüşü təşkil olunacaq və bütün açıq qalan suallara məhz Səfər Əbiyevdən cavab tələb olunacaq.