Moskva işğalçının son ümidini də suya saldı; Fransa sözdən uzağa gedə bilmir, ABŞ isə...; Azərbaycanla təkbətək qalmış təcavüzkarın işini bitirib sərhədləri bağlamaq zamanıdır...
İşğalçı Ermənistanın Qarabağ avantürasına görə cavab verəcəyi tarix yaxınlaşır. Daha dünya onu dəngəsər etmiş “əzabkeş xalqın” nağıllarına əvvəlki tək inanmır. Bunu Qərb KİV-də son vaxtlar Azərbaycanla bağlı obyektiv yazıların çoxalması da sübut edir. Ermənilər isə əmin idilər ki, Azərbaycanın “məzlum arsax xalqına qarşı təcavüzü” xristian Qərbdə növbəti “genosid aktı” kimi qəbul ediləcək və Dağlıq Qarabağdakı oyuncaq rejim dərhal “dövlət” kimi tanınacaq.Heç biri olmadı. Çünki texnologiya əsrində erməni total yalanları və vəhşilikləri gözlənildiyndən də sürətli şəkildə faş oldu. Pislik xəbis qonşuların özünə qaldı. Hətta onların 1 nömrəli müttəfiqi Rusiya da erməni havasına getmədi. O dərəcədə ki, Moskva Azərbaycanın işğalçı ölkənin ərazisində yerləşən və dinc yaşayış məntəqələrimizi raket atəşinə tutan operativ-taktiki kompleksləri məhv etməsinə belə, təmkinli yanaşdı. KTMT-dən də səs çıxmadı. Çünki gerçəyi hamı bilirdi. Bu isə Azərbaycanın bu davada haqlı, Ermənistanın haqsız olmasının növbəti etirafı idi.
Bakının antiterror əməliyyatının ilk günlərində ən çox canfəşanlıq edən Fransaya gəlincə, rəsmi Paris də artıq quru sözdən uzağa gedə bilmir. Çünki regional şərtlərlə, vasitəçi-həmsədr dövlət statusu ilə barışmaq zorundadır. Təsadüfi deyil ki, bu arada Fransanın xarici işlər naziri bildirdi ki, ölkəsi həmsədr dövlət kimi münaqişədə tərəf tuta bilməz, bu vasitəçilik anlayışına uyğun olmazdı.
*****
Bütün bunların yekunu isə odur ki, faktiki Azərbaycanla təkbətək qalan işğalçı Ermənistan hazırda hamıya qəzəblidir, şizofrenik şəkildə hamıya minnət qoyur, hamını suçlu və özünə borclu çıxarır, obrazlı desək, hamını qapır. Sanki dünya dövlətləri yalnız erməni katolikosunun xeyir-duası sayəsində formalaşıbmış.Bu da növbəti fakt. Məsələn, Armenianreport.com saytında Qraçya Qalustyan imzası ilə getmiş məqalədə deyilir: “Böyük Britaniya bu hadisələrdə açıq şəkildə Azərbaycan və Türkiyənin tərəfini tutaraq ən alçaq rolu oynayır. Bundan da alçaq bir rolu isə Azərbaycanı silahla təchiz etməklə erməni xalqının yeni ”soyqırımı"nda iştirak edən İsrail oynayır (dırnaqlar bizimdir - red.). Paradoks budur ki, mümkün qədər çox erməni qanı tökmək istəyi ilə sərxoş olan İsrail indi Türkiyə ilə fikir ayrılıqlarına belə göz yummağa hazırdır".
Havalanmış erməni yazarına görə, Fransa da prezident Emmanuel Makronun səylərinə rəğmən, “təcavüzkarları” (Azərbaycan və Türkiyə nəzərdə tutulur) ram edə bilməyib. “Eyni zamanda, Brüsselin niyə susduğu aydın deyil. Türkiyə bəyəm artıq NATO-nu tərk edib? Yoxsa onun təşkilatda öz qanlı tarixində ikinci dəfə erməni ”soyqırımı"nda iştirak etməsinə imkan verən xüsusi bir statusu var?! Təəssüf ki, bütün bu suallara hələ ki cavab yoxdur", - deyə Qalustyan hikkəli şəkildə yazıb.
Rusiyaya isə müəllif məxsusi şəkildə həqarət edib: “Rusiyanın davranışının bircə adı var - qorxaqlıq və xəyanət. Biz yaxşı xatırlayırıq ki, Rusiya Prezidenti Putin erməni-xalqına qarşı Türkiyə-Azərbaycan təcavüzü ilə bağlı özünün yazıq susqunluğuna belə haqq qazandırmışdı ki, ”Hərbi əməliyyatlar Azərbaycan ərazilərində aparılır". Ancaq həmin əməliyyatlar nəticəsində Rusiyanın müttəfiqi olan Ermənistanın vətəndaşlarının öldüyünü o xatırlatmağa lüzum görmədi".
STOP! Bax burda başı ilə deyil, yanı ilə mühakimə yürüdən parabeyin Qalustyandan (Təəssüf ki, erməni kökənli belə başabəla “analitik-akademiklər” N qədərdir) soruşmaq istəyirsən: əcəba, Azərbaycanın qanuni ərazisi sayılan Dağlıq Qarabağda Ermənistan vətəndaşının nə iti azıb ki, ərazimizdə cəhənnəmə vasil olurlar? Rusiya təhlükəsizlik müqaviləsini forpost Ermənistanla imzalayıb, yoxsa bütün dünya ermənilliyi ilə? Yəni Yer kürəsinin harasında olur-olsun, hansı yaramaz işlərlə məşğul olur-olsun, Moskva erməniləri həmişə, hər yerdə qorumaq, müdafiə eləmək öhdəliyimi götürüb əcaba?Başqa yandan, bəs deyirdiniz “bizim məğlubedilməz ordumuz var, təkbaşına da Azərbaycana cavab verərik”. Nə oldu? İndi quyruğunuz qapı arxasında qalan kimi, Azərbaycan Ordusu işğalçı-quldur dəstələrinin dərsini verən kimi ağlaşmaya başladınız, Rusiyaya, Fransaya, ABŞ-a yalvarmağa başladınız?
*****
Klassik erməni həyasızlığı yəni. Bu, həm də onun etirafıdır ki, “arsaxın özünü müdafiə ordusu” adlı üzdəniraq anlayış fiksiyadır, yəni Qarabağda vuruşan elə Ermənistanın işğalçı ordusunun özüdür. Qalustyan xəstə məntiqindən isə belə çıxır ki, Rusiya həmin o işğalçı ordu hansı dövlətin ərazisinə soxulur-soxulsun, orada ona kömək etməyə borcludur, çünki Rusiya Ermənistanın müttəfiqidir.
Zatən, Qarabağda Ermənistan ordusunun vuruşduğuna kim şəkk edirdi ki? Yoxsa ermənilər Kremldə oturanları axmaq, özlərini isə dünyanın ən ağıllı adamları hesab edirlər? Nədən Putin KTMT-nin məsuliyyət zonasında olmayan bir ölkəyə - Azərbaycan ərazisinə girmiş və 27 ildir orada at oynadan erməni qüvvələrinin qeydinə qalmalıdır? Məntiq harda qaldı? Əlbəttə ki, Azərbaycan Ordusu ermənilərin vay-şivəninə, sağdan-soldan üstümüzə hürməsinə məhəl qoymadan işini davam etdirəcək. Çünki Rusiya əlini bir “sorosçu”nun rəhbərlik elədiyi Ermənistanın üzərindən müvəqqəti də olsa götürüb və onun ümidlərini basdırıb. ABŞ və Avropa da əvvəlki tək erməni yalanlarını ciddiyə almır. Bu isə bizim üçün qızıl şansdır ki, təcavüzkarın işini birdəfəlik bitirib ərazi bütövlüyümüzü bərpa edək və ardınca Ermənistanla sərhədləri bağlayaq...
Siyasət şöbəsi,“Yeni Müsavat”