“ORDUMUZ 10-15 GÜNƏ ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ TƏMİN EDƏCƏK!” – “Regionun taleyi Türkiyəsiz həll edilməyəcək”

19-10-2020, 08:54   


Azərbaycan Ordusunun cəbhədə uğurlu əməliyyatları davam edir. Bununla paralel olaraq prosesə kənar müdaxilələr, kasıb Ermənistanın Azərbaycana qarşı silahlandırılması, vəziyyəti dayandırmaq kimi niyyətlər də görünür.
“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib.
Müsahibəni təqdim edrik:
- Qabil müəllim, oktyabrın 17-də gecə saatlarında düşmən növbəti dəfə Gəncəni bombaladı. Sizcə, ermənilər nədən mülki insanları hədəfə alırlar, məqsəd nədir?
- Əvvəla deyim ki, həmin gecə düşmənə sarsıdıcı zərbələr endirmiş, onun yüzlərlə əsgərini və texnikasını məhv etmişdik. Üstəlik, Füzuli rayonu və bir neçə kəndi işğaldan azad etmişik. Füzuli strateji yerdir. Məncə, bizim bu addımımız düşmən ordusunda ruhi-mənəvi düşkünlüyün yaranmasında, Azərbaycan ordusunun irəliləməsində mühüm rol oynayacaq. Hesab edirəm ki, bu, ordumuzun uğurlu hərbi əməliyyatının nəticəsidir. Eyni zamanda Hadrut azad edilib, faktiki olaraq Ağdərə mühasirəyə düşür. Sərsəng su anbarı faktiki bizim nəzarətə keçir.
Gəncəyə hücum isə ermənilərin cəbhədə heç bir iş görə bilmədiklərinin göstəricisidir. Dronlar, hərbi təyyarələr, tank və digər qoşun birləşmələri ilə birlikdə ordumuz düşmən ordusunu sıradan çıxarır. Onlar da heyflərini almaq üçün Gəncəyə zərbə endiriblər. Ondan əvvəl isə Tərtərdə mülki insanalar və evlər hədəfə alınıb. Dinc əhaliyə qarşı belə barbar hücum heç faşizm dövründə baş verməyib. Yəni bu gün Ermənistandakı ideologiya faşizmdən daha qəddar, amansız və anti-bəşəri xarakter daşıyır. Məhz bu səbəbdən də cəbhədə uduzan düşmən qisas məqsədilə Gəncəyə raket zərbəsi endirib. Nəzərə almaq lazımdır ki, Ermənistanın başında duran Paşinyan ruhu göstəriciləri yerində olmayan şizofrenik adamdır və Gəncəyə atəş əmrini də o verib. Gəncəyə birinci raket zərbəsi zamanı digər raketləri Azərbaycan ordusu ləğv etmişdi. Amma qısa müddət ərzində Ermənistana “Skad” tipli raketlərin yeni partiyasını göndəriblər...
Qeyd edim ki, bu tip raketlər “Soyuq müharibə” dövründə SSRİ ilə Avropa arasında yerləşdirilmişdi və SSRİ bunun böyük dağıdıcı gücü olduğunu qürurla danışırdı. İndi bu raketlərin böyük hissəsi köhnəlib və pulsuz erməni istiqamətinə göndərirlər. Artıq hava məkanında onu nə Gürcüstan, nə də digər ölkələr durdura bilir. Bu silahlar təyyarə ilə birbaşa Ermənistana daşınır. Rusiya bu raket sistemini istehsaldan çıxarmağa çalışır. Bu raketləri döyüş qabiliyyətinə “yararsız” adı altında Ermənistana göndərir və düşmən də bu silahla mülki insanları vurur. Bu hərbi cinayətdir. Xatırladım ki, müharibənin aparılmasına dair beynəlxalq konvensiyalar var. Məsələn, Cenevrə Konvensiyası. 1949-cu ildə qəbul edilən bu konvensiyada açıq yazılır ki, müharibə aparan ölkə başqa ölkənin ərazisinə daxil olduqda belə mülki əhaliyə zərər verməməli, dinc əhali ilə özünün əhalisi kimi davranmalıdır. Amma Ermənistan sadə gəncəlilərin üzərinə “Skad” raketi göndərir. Bu, qisas olmaqla yanaşı həm də hərbi cinayətdir.

- Oktyabrın 19-da Fransa, Rusiya və ABŞ-ın təklifi ilə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ konfliktini müzakirə edəcək. Bu müzakirələrdən hansı qərarlar çıxa bilər?
- Təhlükəsizlik Şurası artıq dişsiz orqana çevrilib. Bu qurum normal təşkilat olsaydı dünyanın 5 ölkəsinin əlində yesir qalmazdı. Bu qurum Azərbaycanın ərazilərinin işğalına dair 4 qətnamə çıxarıb, amma onun icrası ilə bağlı 25 ildə bir dəfə də maraqlanmayıb. Bu dəfəki müzakirələr zamanı da, ola bilsin tərəflərə atəşkəs müraciəti etsin. Başqa qərar verə bilməz. Fransa və Rusiya orada nə qədər cəhd göstərsə də, Azərbaycanın əleyhinə qətnamə çıxarıla bilməz. Əks halda bu biabırçılıq olar. Çünki Ermənistan işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnamə qəbul edilib. Azərbaycan öz ərazisində döyüşməklə əslində BMT Təhlükəsizlik Şurasının qəbul edib yerinə yetirə bilmədiyi qətnamələrin icrası ilə məşğuldur. Mülki əhaliyə də qətiyyən ziyan vurmur. Bu halda bizə qarşı hansı qətnamə qəbul edə bilərlər? Əgər, belə bir qərar olarsa, bu daha çox xristian həmrəyliyinin nümunəsi olacaq. Hər halda bizə qarşı qətnamə çıxarılmasını ehtimal etmirəm. Amma çıxarılsa belə vəziyyət dəyişməyəcək. Ermənistan az qala 30 ildir ki, 4 qətnaməni yerinə yetirmir. Bir qətnaməni də biz saya salmasaq, dünya dağılmayacaq... 
- Bütün hallarda hərbi əməliyyatlar, döyüşlər davam edir. Vəziyyəti necə qiymətləndirirsiniz, gözləntiniz nədir?
- Hesab edirəm ki, Rusiyanın proseslərə müdaxiləsi olmasa, Azərbaycan 10-15 günə ərazi bütövlüyünü təmin edəcək. Amma Rusiya Xəzərdə məhdud miqdarda olsa da, hərbi təlim keçirir. Bu, psixoloji şantaj xarakteri daşıyır. Bu, arzu edilən məsələ deyil. Bu, həm də o dövrdə baş verir ki, Avropa Birliyi və ABŞ Rusiyaya qarşı təsirli sanksiyalar tətbiq edir. Bu sanksiyalar fonunda özünü təmkinli aparmaq, çevrəsini özündən küsdürməmək əvəzinə aqressiv reaksiyalara əslində ehtiyac yoxdur. Üstəlik, Kəlbəcərlə Ermənistan sərhədində vurulan raket komplekslərini araşdırmaq üçün xüsusi heyətin İrəvana göndərilməsi narahatlıq yaradır. Həm də əsgəri müşahidəçi adı altında Ermənistana müəyyən əsgər qrupu göndərilir, bu zaman hava məkanı nəzərə alınmır. Gürcüstanın rəyini soruşmadan Rusiyadan Ermənistana uçuşlar həyata keçirilir. Məncə, bu qorxulu tendensiyadır.
Bir neçə gün əvvəl Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub. Deyilənlərə görə, danışıq zamanı Rusiyanın təmkinli davranması cəhdləri edilib. Amma Rusiya tərəfi konstruktiv danışıqlar aparmağa meylli olmayıb və bunun müqabilində Ərdoğan da “əgər üçüncü tərəf prosesə müdaxilə etsə, bizi qarşısında görəcək” kəlməsini işlətməyə məcbur olub. Əslində, danışıqlar olmasa belə, aydındır ki, Rusiya prosesə qarışan kimi Türkiyə də regionda özünü büruzə verəcək. Elə geosiyasi və geostrateji mənzərə formalaşıb ki, Türkiyə sanki ilahinin əmri ilə Cənubi Qafqazda sabitləşdirici rol oynamağa başlayıb. Rusiya, ona bu missiyasını yerinə yetirməyə imkan verməməyə çalışır. Türkiyə buna nail olsa regionda rolu artacaq, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində masa arxasında əyləşəcək və regionun taleyi Türkiyəsiz həll edilməyəcək. Məncə, belə geosiyasi mənzərə yaranıb. 

- Rusiyanın hərbi əməliyyatları dayandırmaq üçün resursu varmı?
- Rusiyanın “prosesləri dayandırmaq üçün resursu yoxdur” demək çətindir. Amma proseslərə müdaxilə etsə, bu o qədər açıq və beynəlxalq hüquq normalarının pozulması olardı ki, nəticəsi də Moskva üçün ağır vəziyyət yaradar. Əgər dünya yalnız bir Navalnıya görə Rusiyaya sanksiya tətbiq edirsə, belə birtərəfli müdaxilə və beynəlxaq qanun pozuntusuna görə bu ölkəyə qarşı daha sarsıdıcı sanksiyalar işə düşər. Bu mənada indi Rusiyanın kobud hərəkətləri bumeranq kimi onun üzərinə qayıda bilər. Üstəlik, açıq döyüş şəraiti yaranarsa, Rusiya Liviya və Suriyada Türkiyədən aldığı dərslərin burada 3-4 qat artığını ala bilər. Bu da Rusiyanın imici üçün rüsvayçı olan mənzərəyə gətirib çıxara bilər.
- ABŞ Dövlət katibi Mayk Pomeponun Dağlıq Qarabağ konflikti ilə bağlı son bəyanatını necə izah etmək olar?
- Mənə elə gəlir ki, Pompeonun dedikləri daha çox Rusiyaya açıq mesajdır. Pompeo nə deyir-desin, ABŞ-ın strateji maraqları tələb edir ki, bu bölgədən Rusiya çıxarılsın. Və Rusiya ilə Türkiyənin qarşı-qarşıya gəlməsi ABŞ-ın ürəyindən ola bilər. Onsuz da, neçə vaxtdır ki, Vaşinqtonla Ankara arasında münasibətləri gərginləşdirən Türkiyə-Rusiya əməkdaşlığıdır. Xüsusilə, bu iki ölkənin Suriyada birgə hərəkəti. Odur ki, Pompeonun dediklərində məntiqi əlaqə və ardıcıllıq var. ABŞ bu bölgədə Moskva ilə Ankaranın üz-üzə gəlməsini ürəkdən arzu edir.
- Ermənistan tərəfinin 2 gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket atması hansı hərbi-siyasi məqsədə xidmət edir?
- Nəzərə alın ki, biz barbar bir millətdən danışırıq. Onlar Tərtərdə məzarlıqda dəfn mərasimi zamanı mülki insanlara atəç açırsa, deməli onlar üçün müqəddəs heç nə yoxdur. Bəli, Ordubada raket atmaqla həm də Azərbaycanı təxribata çəkir, çalışırlar ki, bizim də raketimiz Ermənistan ərazisinə uçsun. Bu onlara ona görə lazımdır ki, Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatını prosesə qoşsunlar.
Yeri gəlmişkən qeyd edim ki, KTMT rəhbəri Zatulin anti-terror əməliyyatımız başlayandan iki bəyanat verib. Birinci bəyanatda xalqımızın tolerant olduğunu, hərəkətləri yüksək səviyyədə apardığını, hadisələrin Azərbaycan ərazilərində baş verdiyini qeyd etdi. Bundan bir neçə gün sonra bəyan etdi ki, KTMT hadisələri izləyir və müttəfiqlərinə xətər toxunsa, bu, müzakirəyə çıxarıla bilər. Bəlkə də, onun birinci bəyanatı Putinin xoşuna gəlməmişdi. Göründüyü kimi, hər şey Putinin əlindədir. Əslində, cənab Putinin mövqeyində də dəyişiklik hiss olunur. O, hələlik bəyanat verməsə də, dəniz təlimləri, Şimali Qafqazda olan orduya həyəcan əmrinin verilməsi təhdid xarakterlidir. Əlbəttə, XXI əsrdə müstəqil dövlətə müdaxilə etmək elə də asan deyil. Amma şantajlarından da qalmırlar. Atəşkəs rejimini ortaya atmaqla hadisələri bir qədər ləngidə biliblər və bundan da istifadə edərək Ermənistana silahlar göndəriblər. Hər halda Rusiyanın proseslərə müdaxilə istəyi hiss edilir. Məncə, bu istək olaraq qalacaq. Çünki Rusiya Liviya və Suriyada Türkiyənin gücünü görüb. 
- Əməliyyatlar davam edir. Gözləntiləriniz nədir?
- Ordu cəbhənin şimal və cənub istiqamətlərində irəliləyib. Ohanyan xətti deyilən möhkəmləndirilən istehkamları dağıdaraq irəliləyə bilib. Məhz bunun nəticəsində Füzuli əldə edilib. Eləcədə Hadrut əldə edilib. Sərsəng su anbarı da faktiki bizim nəzarətimizdərir. Yəni kifayət qədər uğurlu əməliyyatlar var. Kəlbəcərə hərəkət üçün yaxşı imkanlar var. Məndə olan məlumata görə, bu imkandan istifadə edilir. Kəlbəcərdəki düşmən dron və aviasiyanın hədəfindədir. Zəngilan istiqamətində də əməliyyatlar həyata keçirilir. Bu uğurlar böyük əmək və şücaət hesabına əldə edilir.
Müşahidəm odur ki, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan əldə edildikdən sonra Laçın dəhlizinə nəzarət bizə keçəcək. Həmçinin Şuşa əldə olunduqdan sonra Azərbaycan danışıqlar masasında oturmağa hazır olacaq. Amma danışıq masasının formatını da Azərbaycan müəyyən edəcək. Məncə, bu halda Bakı Türkiyə-Azərbaycan, Rusiya-Ermənistan formatına üstünlük verə bilər. Minsk Qrupu gündəmdə olsa da, qəbul edilməyəcək. Eyni zamanda “Madrid prinsipləri”, “Kazan razılaşması”, “Baza prinsipləri” kimi həll paketlər gündəmdən faktiki çıxıb.
Vaqif NƏSİBOV
“AzPolitika.info”

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar