“Düşünürəm ki, atəşin dayandırılması üçün Azərbaycana ciddi təzyiq göstəriləcək. Ola bilsin ki, Lavrovun 5+2 prinsipi əsasında tənzimləmə planından kənara çıxmamaq tələb olunsun. Yəni 5 rayonu azad edin və dayanın. Qalan məsələlər danışıqlar yolu ilə həll olunsun. Bu isə bizi qətiyyən qane etmir”.“AzPolitika” xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili
Qüdrət Həsənquliyev Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtona gözlənilən səfərindən gözləntiləri haqda suala cavab verərkən deyib.
Partiya sədri hesab edir ki, minimum məqsədlərə çatanadək hər cür təzyiqə hazır olmalıyıq.
“Prezident də söylədi ki, Şusa işğaldan azad olunmasa, bu, problemin yarımçıq həlli olardı. Bundan başqa, Qarabağın zirvəsi və qüruru olan Kəlbəcəri, o cümlədən soyqırım qurbanlarının narahat ruhunu sakitləşdirmək və şad etmək üçün Xocalını döyüşlə azad etməliyik. Strateji əhəmiyyəti ilə yanaşı, bu bizim borcumuz və bir millət olaraq şərəf məsələmizdir. Beləliklə, 5 rayondan əlavə Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa və bu müharibənin başqa dövlətlərin də qatılmasıyla daha geniş miqyas almasına yol aça bilərsə, atəşin dayandırılmasına razılaşıb digər məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, bu mənim minimum etməli olduqlarımıza dair mövqeyimdir və əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək”.ABŞ-ın, Azərbaycan hücumlarını dayandırmayacağı təqdirdə sanksiya tətbiq etməsi ehtimalına gəlincə, Q.Həsənquliyev hesab edir ki, bu bizi ciddi narahat etməməlidir.
“Böyük dövlətlərin dünyanın nizamını pozması və istədikləri vaxt beynəlxalq hüquqa tüpürmələri adi haldır. Onlar bir dəfə işğalçıya kömək məqsədilə 1992-ci ildə bunu ediblər. Torpaqlarımızın azadlığı üçün öncə qeyd etdiyim minimal məqsədlərə çatmayana qədər hər cür təzyiqlərə və çətinliklərə hazır olmalıyıq, çünki biz işğala qarşı və milli qürurumuz üçün vuruşuruq”.“AzPolitika”