Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturu dağıdılıb.
Müdafiə Nazirliyinin məlumatına görə, düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
Musavat.com xəbər verir ki, Tonaşen ermənilərin son günlərdə itirdiyi ən strateji nöqtələrdən biridir. Çünki Tonaşendən Şuşa, Xocavənd və Ağdərə istiqamətində hərbi mövqelərini silah-sursatla təmin edə, müdafiə xətti yarada bilirdilər.
Hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında Tonaşenin ermənilər üçün nə dərəcə önəmli olması haqda danışıb.
“Tonaşen ermənilər üçün ən önəmli strateji nöqtələrdən biri idi. Son günlərdə isə itirdikləri ən önəmli nöqtədir. Tonaşendən ora yaxın yerləşən bütün hərbi hissələrə silah-sursat paylanılırdı. Oranın məhv edilməsi düşmənin həmin istiqamətdə olan dağatıcı alaylarını zəiflədib. Həmin istiqamətlərdə faktiki olaraq hərəkətləri məhdudlaşdırılıb”,-
deyə Ü.Cəfərov qeyd edib.Hərbi ekspertin sözlərinə görə, ermənilərin tək ümidləri cənub istiqamətindən gələn yoldur:
“Amma özləri də etiraf etdilər ki, həmin istiqamətdə gələn qapıları- Laçın koridorunu bağlayıblar. Bunun nəticəsi olaraq həmin istiqamətdə olan mövqelərdən əlləri üzülüb.
Tonaşenin vurulması ilə həmçinin düşmən Xocavənd və Ağdərə istiqamətlərində də çox zəiflədil. Nəticə etibarilə həmin nöqtələrdə 2-3 gün müqavimət göstərə bilərlər. Bəlkə də daha az. Artıq o istiqamətdə olan bütün kommunikasiyalar Azərbaycan ordusunun nəzarətindədir. Buna görə də hərəkətsiz qalıblar. Bundan başqa Tonaşen istiqaməti Şuşa üçün də böyük əhəmiyyət kəsb edirdi. Həmin istiqamətdən də Şuşaya dəstək ola bilirdilər. 48 saat ərzində kapitulyasiya olmasa Azərbaycan ordusu orada nə qalıbsa, hamısını tamamilə məhv edəcək”.
Ü.Cəfərov sosial şəbəkələrdə paylaşılan “şad xəbərlər”lə bağlı da danışıb:“Yaxın 3 gündə bir çox məsələlər öz həllini tapacaq. Düzdür, bəziləri 9 noyabr- Bayraq gününə görə, şad xəbərlərin olacağını deyirlər. Amma bunlar fərqli məsələlərdir. Taleyin qismətidir ki, hadisələr üst-üstə düşür. Azərbaycan ordusu artıq yekun mərhələyə keçib. Hamı nəzərə almalıdır ki, bu, müharibədir. Bəzi məqamlar var ki, nəzərə alınmalıdır. Ordumuz tam olaraq işləri yekunlaşdırmaq üzrədir. İndi də bütün proses nəzarətimizdədir. Şuşa, Xankəndi, ardınca da Laçın gəlir. Tonaşen bir çox məsələlərdə son nöqtəni qoydu”.
İlkin MuradovMusavat.com