“Yetər artıq, Qarabağı Azərbaycana qaytarmağın zamanıdır” - Britaniyalı deputat Rusiyaya qarşı təzyiqlərə çağırır

7-11-2020, 13:14   



Böyük Britaniya parlamentinin hakim Mühafizəkar Partiyasından olan üzvü, parlamentdə Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkman "Azadlıq" radiosuna bildirib ki, Qarabağ münaqişəsinin yekun nizamlanması üçün Rusiyaya beynəlxalq təzyiq artmalıdır. “Reallıq budur ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası və bu ölkə üzərində böyük təsir gücü var. Ona görə də təzyiqin böyük hissəsi Rusiyaya olmalıdır. Bu, Azərbaycan torpaqlarının geri qaytarılmasını asanlaşdırardı. Ermənistana zəmanət verən Rusiyadır. Onlar Ermənistana təzyiq edib deməlidirlər ki, yetər artıq, Qarabağı Azərbaycana qaytarmağın zamanıdır”.
Bob Bləkman bildirir ki, onun öz ölkəsi də daha fəal olmalıdır. O yada salır ki, Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının üzvüdür və Azərbaycanda BP şirkəti və digər vasitələrlə investisiya qoymuş bir ölkə kimi, strateji müttəfiq kimi, o cümlədən Azərbaycana yüzillik dost olaraq, BMT Təhlükəsizlik Şurasına müəyyən təsir etməyə çalışmalıdır. “Bəlkə də Təhlükəsizlik Şurasında elə qüvvələr var ki, onlar Qarabağ münaqişəsinin, bu qanunsuz işğalın davam etməsini istəyirlər. Amma biz buna seyrçi qalmayaq gərək. Biz Təhlükəsizlik Şurasına təzyiq etməliyik. Mən özüm Böyük Britaniya hökumətinə təzyiq edirəm ki, Şurada öz mövqeyini bildirsin - yeni qətnamələrə ehtiyac yoxdur, qətnamələr var - indi onların reallaşmasına nail olmaq lazımdır. Təhlükəsizlik Şurasının üzvləri özləri bu qətnamələrə səs veriblər, heç biri də ona veto qoymayıb. Biz gərək bu sənədlərin icra olunmasında təkid edək”.
Bob Bləkman əlavə edir ki, indiki halda münaqişənin uzanması heç Ermənistanın da xeyrinə deyil: “Edə biləcəyimiz məsələlərdən biri də Təhlükəsizlik Şurasını bu məsələdə tələsdirməkdir. Biz bunu edə bilərik və etməliyik də. Hətta lazım gələrsə, Baş Assambleyanın sülh danışıqlarında dəstəyinə nail olmaq olar. Sülh danışıqlarına nail olmaq çox vacibdir. Ermənistanın bu məsələdə mövqeyi o qədər də ağıllı deyil. Onlar ehtiyac olmadığı halda iztirab çəkirlər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir sülh razılaşması olarsa, bu, Ermənistanın da xeyrinə olar, çünki onunçün investisiya, firavanlıq imkanları açılar”.
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar