Özünü Qarabağın Zeynəb Xanlarovası sayan Nayruhi Allahverdiyan – Şuşanın icra başçısına da sui-qəsd cəhdi edib...

20-12-2020, 14:32   



O, öz karyerası naminə ilin yarıdan çox hissəsini Bakıda keçirib. Konsertlərinin təşkili, musiqi vallarının buraxılması, AzTV-də çıxış etməsi, qastrollara getməsi, fəxri ad alması üçün saatlarla qəbullarda gözləyib və istədiyinə də nail olub. Bəzi vaxtlarda bu erməni qadınının şirin dili, “gözəlliyi” də onun işinə yarayıb.

“Harada oluramsa mən Azərbaycanı tərənnüm edirəm” deyən Nayruhi Allahverdiyan beləliklə, 1982-ci ildə Azərbaycanın Xalq artisti adını almağa da müvəffəq olub.

Bəli, bu həmin Nayiruhi Allahverdiyandır ki, Qarabağ hadisələri öncəsi “Krunk” cəmiyyəti yaradılanda onun ən fəal üzvlərindən biri olub, “vətənpərvər”liyinə görə Xankəndi şəhərinin Fəxri vətəndaşı titulunu qazanıb.

Nayruhi Allahverdiyan 1941-ci ildə Xankəndi şəhərində anadan olub. Bu şəhərdəki musiqi məktəbini bitirdikdən sonra 1969-cu ildə yeni fəaliyyətə başlayan Xankəndi Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində ali təhsil alıb.

“Qarabağ” Dövlət estrada orkestrinin solisti olan Allahverdiyan incəsənət sahəsindəki karyera pillələrini 1973-cü ildən daha sürətlə qalxıb. Belə ki, Boris Gevorkovun Dağlıq Qarabağ Muxtar vilayətinə birinci katib təyinatından sonra müğənni üçün bütün yaşıl işıqlar yanıb, birinci katibin himayədarlığı sayəsində o, arzularını gerçəkləşdirə bilib.
Алавердян_Карине--.jpg (44 KB)
Mövcud dövrdə Dağlıq Qarabağda özünü Zeynəb Xanlarova səviyyəsində görən Nayruhi Allahverdiyana vilayətdə bütün imtiyaz və güzəştlər verilib. Rəsmi və qeyri-rəsmi tədbirlərdə ona fəxri kürsülərdə yer göstərilib. Kifayət qədər zəngin həyat tərzi sürən Allahverdiyan həm də öz xarakteri, özünü yüksək tutmağı, pafosu, özündən razılığı ilə fərqlənib və bir də sözsüz ki, hiyləgərliyi, mövqeyini tez dəyişməyi ilə.

Elə Qarabağ hadisələri başlananda da Azərbaycanın hesabına məşhurlaşan, zənginləşən Nayruhi Allahverdiyan Azərbaycana qarşı çıxıb, antiazərbaycan təbliğatının öncüllərindən biri olub. Qondarma “Dağlıq Qarabağ respublikası” yaradılanda o, bu “qurum”un dünyada tanınmağı, inkişafı üçün əlindən gələni edəcəyini söz verib.

Çoxsaylı müsahibələrində Allahverdiyan Dağlıq Qarabağla bağlı fikirlərini həyasızcasına aşağıdakı kimi açıqlayıb:
“Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ ermənilərə məxsusdur. Uzun illər bu torpaqların Azərbaycanın tərkibində saxlanılması tarixi ədalətsizlik olub. Amma zaman bu ədalətsizliyi aradan qaldırdı. Biz öz dövlətimizi qurduq. İndi bizim üzərimizə bir vəzifə düşür. Xüsusilə incəsənət nümayəndələri “artsax”ı bütün dünyaya tanıtmalıdır. Mən bütün qastrollarımda bu missiyanı böyük həvəs və şərəflə həyata keçirirəm...”

Qondarma respublikanın bütün siyasi tədbirlərində fəallıq göstərən Allahverdiyan qoşunların təmas xəttində də tez-tez görünüb, erməni hərbçilərinin qarşısında mütəmadi olaraq çıxışlar edib.
Separatçı ermənilərlə əlbir olan N.Allahverdiyan azərbaycanlılara qarşı mübarizədə ən çirkin əməllərə belə əl atıb, sui-qəsdlərin təşkilinə cəhd edib. Hətta o dövrdə, Şuşanın Qaladərəsi kəndində maşınlar yoxlanan zamanı erməni sürücülərinin birinin cibində məktub tapılıb. Həmin məktubda Şuşa rayon icra hakimiyyətinin başçısı Mikayıl Gözəlovun hansı tarixdə, hansı yerdə iclas keçiriləcəyi yazılıb. Bu məktubu məhz Nayruhi Allahverdiyan yazaraq sürücü vasitəsi ilə kiməsə göndərib. Məqsəd Mikayıl Gözəlova sui-qəsd təşkil etmək olub. Cəhd baş tutmayıb.
IMG_1625.jpg (112 KB)

N.Allahverdiyanın çirkin əməlləri, cinayət ehtirası cavabsız qalmayıb. Onun cəzasını tale verib. Müğənninin yetkinlik yaşına çatmayan qızı faciəli şəkildə ölüb. Özü isə erməni döyüşçüləri ilə görüşə gedəndə yolda avtoqəzaya uğrayıb. Bu qəza ilə o, əlil arabasında əyləşməyə məhkum olunub. Səhnələrdə səsindən çox bədənini nümayiş etdirməkdən zövq alan müğənni bir müddət gözdən itib. Sonralar onu səhnəyə arabada çıxarıblar, arabir isə o güclə ayaq üstə dayanaraq “Qarabağ”, “Ermənistan” və s. mahnıları ifa edib, ifa arası “böyük Ermənistan”la bağlı şüarlar səsləndirməyi də unutmayıb.

Mənəvi və fiziki cəhətdən əlil olan Nayruhi Allahverdiyannın səhnələrdə oxuduğu “Qorxmaz erməni döyüşçüsü” mahnısına isə çəkdiyi əziyyətin havaya sovrulduğunun şahidi olduqca adamın erməni müğənniyə yazığı gəlir. Yazıqlar isə heç vaxt qalib olmurlar.

Ən maraqlı məqam isə odur ki, artıq iç üzləri dünyaya bəlli olan bu çarəsizlər və onlardan biri olan haram xislətli N. Allahverdiyan hansı üzlə yenidən Xankəndi şəhərinə dönəcək. Simalarını paltar kimi dəyişən bu yazıqlar Xankəndi şəhərində, öz doğma yurdlarında yaşayacaq azərbaycanlıların gözlərinə hansı üzlə baxacaqlar? N.Allahverdiyan yenidənmi “Azərbaycan qadını” mahnısını oxuyacaq? Yox, bu yolverilməzdir, yaraqlısı Azərbaycan qadınına güllə atan millətin müğənnisinin bu mahnını bir daha oxumağa mənəvi haqqı yoxdur...

İlham Cəmiloğlu, Musavat.com
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.