ANS telekanalı idman komplekslərinin tikintisindəki korrupsiya faktları ilə bağlı reportaj hazırlayıb.
“Qafqazinfo” həmin reportajı təqdim edir:
Hesablama Palatasının Gənclər və İdman Nazirliyində aşkar etdiyi nöqsanlarla bağlı mətbuatda açıqlanan hesabatı da cinayət məsuliyyətindən xəbər verirdi. Baxmayaraq ki, sonradan Palata hesabatındakı aşkar edilən nöqsanları sonradan təkzib etməsi 5-6 nəfərin tənbeh və xəbərdalıq alması ilə nəticələndi. Bizi mövzuya yenidən qayıtmağa vadar edən tək bu fərq deyil.
Hesablama Palatasının “ach.qov.az” saytını az qala qovub tutdum, desəm, mübaliğə etmərəm. Saytın adı ingiliscə olduğundan belə deyirəm, amma saytda palatanın 2013-cü il fəailyyəti haqqında hesabatını bir ömür boyu qovsan da tuta bilməyəcəksən. Çünki Hesablama Palatasının rəsmi saytında yerləşdirilən ən son hesabat 2011-ci ilin 15 aprelinə aiddir, yəni, düz üç il əvvələ. Onda Hesablama Palatasının ötən ilki fəaliyyəti haqında hesabatını özümüz tapmalı olduq.
Hesabatda audit tədbiri zamanı normativ hüquqi aktların tələblərinə əməl edilməməsi nəticəsində yol verilən nöqsanlara düz iki vərəq yer verilib. Burda Gənclər və İdman Nazirliyi tərəfindən aparatın saxlanmasından tutmuş ta müxtəlif tədbirlərdə iştirakçılara hədiyyələrin verilməsinə qədər proqnoz rəqəmlərin şişirdildiyi, beynəlxalq idman yarşlarına cəlb edilmiş mütəxəssislərə normadan bir neçə dəfə artıq əmək haqqı ödənildiyi, xatirə prizləri əvəzinə nağd ödənişlər aparıldığı, yemək və yaşayış xərcinə görə artıq büdcə vəsaiti sərf edildiyi və çoxlu sayda faktlardan danışılır.
Maraqlıdır, nazirliyin fəaliyyətində korrupsyia hallarına yol verilidiyini etiraf edən də Hesablama Palatasıdır, sonradan təkzib verən də. Hərçənd, burda təkzibdən yox, cinayət məsuliyyətindən danışmaq lazımdır ki, biz bunu görmürük.
Baxmayraq ki, ortada çox ciddi rəqəmlərdən söhbət gedir. Tutaq ki, biz Gənclər və İdman Nazirliyini əsəbiləşdirməmək və ya qıcıqlandırmamaq məqsədilə bütün bu halları korrupsiya ehtimalının hər hansı fraqmenti adlandırmayaq, sadəcə maliyyə pozuntusu adlandıraq. Hətta belədirsə, belə kimsə cavab verməlidir axı. Cavab verənlər də olub, cəmi 5 nəfər barədə intizam tənbehi tətbiq edilib, 2 şöbə müdirinə, bir sektor müdirinə töhmət verilib, iki şöbə müdirinə isə xəbərdarlıq edilib, vəssəlam şüttamam.
“Unikal.orq” qəzetinin yazdığı rəqəmlərin yanında heç nədir. Qəzet olimpiya idman komplekslərinin tikintisi zamanı nazirliyin ciddi korrupsiya faktlarına yol verdiyini konkret rəqəmlər arasındakı kəskin fərqlərlə göstərib. Bu rəqəmlərə baxanda kompleks inşa edənlərin iştahlarının il-ildən necə artdığını görməmək olmur.
Məsələn, Sabirabaddakı OİK-ə 837 min, Ağdamdakına 3,6 milyon, Biləsuvar və Kürdəmirdəkilərə 9,2 milyon AZN xərcləndiyi halda, İsmayıllıda 11,5 milyon, Tovuzda, Göyçayda, Qəbələdə 12 milyon, Sumqayıtda OİK-in tikintisinə isə 16 milyon AZN vəsait xərclənib. Bəli, dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsaitlər arasındakı bu qədər fərq təkcə maraq doğurmur, həm də bir məntiqi izah tələb edir. Xüsusilə bu faktın timsalında.
Sabirabadın Qalaqayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında çox cüzi fərq olmasına baxmayaraq xərclənən vəsait arasında 12 dəfə fərq var.
Tutaq ki, bu məlumatlar öz təsdiqini tapır və lap elə biz həmin məlumatları korrupsyia elementi adlandırmasaq belə bu nəyi dəyişir. Azad Rəhimov isə ötən gün bu mövzuda ANS-in sualına belə bir cavab verdi.
Gənclər və İdman naziri Azad Rəhimov: “O tikən şirkət özü-özündən pul oğurlayır? Biz gecə-gündüz komplekslərdə çalışırıq ki, artıq pullar xərclənməsin. Ən balaca məsələyə qədər, gedirik ki, kompleksdə böyük bir xolldur. Mən sual verirəm ki, o xoll kimə lazımdır, o böyüklükdə? Konsert keçirəcəksiz gecə-gündüz? Əgər o korrupsiyadırsa, biz onunla məşğuluq gecə-gündüz”.
İkibaşlı bəyanatdır, nazirin ANS-i məhkəməyə vermək barədə anonsu isə bir çox məsələlərə işıq salınmasına kömək edərdi. Ən azı belə bir məhkəmə baş tutsa, yəqin ki, sadaladıqlarımız qaranlıq məsələlərə aydınlıq gələr və nazirlik də özünün şəffaf çalışdığını sübut etməklə vicdanı rahatlıq tapar. Amma biz işıqdan danışırıq ha, nurdan yox, ona görə də qarışdırmayın.
[media=http://www.youtube.com/watch?v=wubGPJPz-G0]