Görəsən, yol çəkilişində yol verdiyi nöqsana görə məsuliyyətə cəlb edilən varmı?
Bakı şəhərinin əksər yolları əsaslı təmir olunur. Təmir işləri aparılsa da, yollar düzələ-düzələ dağılır.
Yollar yenidən qurulub istifadəyə veriləndən bir müddət sonra çökür və ya hansısa kommunikasiya işləri düzgün aparılmadığından qazılır. Bir neçə gün əvvəl Bakının mərkəzi prospektində böyük dəliyin açılması da belə hallardandır. Yollara külli miqdarda pulun xərclənməsini nəzərə alsaq, bu, vəsaitin havaya sovrulması deməkdir. Görəsən, yol çəkilişində yol verdiyi nöqsana görə məsuliyyətə cəlb edilən varmı?
Mütəxəssislər hesab edirlər ki, avtomobil yollarına ayrılan vəsaitlərin xərclənməsində nəzarət gərəkli səviyyədə olmasa, yeni çəkilmiş yolların az sonra təmirləri davam edəcək, keyfiyyətsiz işlər olacaq.
Yollar kimdən qorunmalıdır ki?
Nəqliyyatçıların Problemlərinə Hüquqi Yardım İctimai Birliyinin rəhbəriMəzahir Rüstəmov Milli.Az-a açıqlamasında bildirdi ki, yolların qorunmaması səbəbindən dağılması ilə bağlı bəhanələr edilir. Ekspertin sözlərinə görə, keyfiyyətli çəkilən yolları qorumağa ehtiyac yoxdur: “Yollar kimdən qorunmalıdır ki? Yollar avtomobillərin hərəkəti üçün çəkilib. Əgər yolu çəkib nəqliyyat vasitələrindən qoruyacağıqsa, daha bunu çəkməyə ehtiyac yoxdur. Bu bəhanələr göstərir ki, yollar standartlara uyğun olmadan keyfiyyətsiz aparılıb. Konkret bir cavab var ki, Azərbaycanda yollar çox keyfiyyətsiz çəkilir”.
Almaniyada Hitler dövründə çəkilmiş yollar hazırda istifadə olunur
Birlik sədri hesab edir ki, yol çəkilişini həyata keçirən tender təşkilatları, Nəqliyyat Nazirliyinin tabeçiliyində olan “Azəryolservis”ə və digər iş aparan təşkilatlar yol çəkilişi üzrə formalaşmayıb: “Tenderdə pul yolun çəkilişinə uyğun miqdarda ayrılır, sadəcə işi aparan təşkilatlar ixtisaslaşmayıb. Bu sahədə ixtisaslaşmış təşkilatları barmaqla saymaq olar. Bizim yerli təşkilatlar bilir ki, neçə ton tutumu olan maşınlar bu yoldan keçə bilər. Buna uyğun yol çəkilməlidir. Dünyada götürülmüş stantdartlar var və buna uyğun iş aparılmalıdır. Almaniyada İkinci Dünya Müharibəsindən əvvəl çəkilən yoların bəzisi hazırda istifadə olunur”.
Yol çəkən şirkətlərin 90 faizi məsuliyətə cəlb olunmalıdır
Ekspert çəkilən yolların hansı müddətə istismarının göstərilməməsini də anormal hal sayır: “Sovet dönəmində yollar planlı şəkildə tikilirdi, neçə il istifadəsi göstərilirdi. Bizdə isə bu göstərilmir. Bir dəfə də hesabat verilmir ki, yol neçə il üçün nəzərdə tutulub. Yollar bu gün tikilir, bir neçə il sonra yenidən əsaslı təmirə dayanır. Hələ eşitməmişəm ki, yol çəkiləndə yol verdiyi nöqsana görə məsuliyyətə cəlb olunan olsun. Yol tikintisi ilə məşğul olan şirkətlər yolların 90 faizini qüsurlu çəkdiyinə görə məsuliyyətə cəlb olunmalıdır. Hətta səhv layihələr verən təşkilatlar belə, məsuliyyətə cəlb olunmayıb. Bu gün buradan tikirlər, sabah başqa yerdən dağıdıb yol çəkirlər və yolu zədələyirlər. Yolların tikinti və təmirində hesabatsızlıq və məsuliyyətsizlik baş alıb gedir”.
“Hər bir təşkilat yol çəkilməmişdən öncə işini görməlidir. Sonra Nəqliyyat Nazirliyi işə başlamalıdır. Bizdə əksinədir, əvvəl Nəqliyyat Nazirliyi başlayır, sonra kommunikasiya xətləri çəkilir. Büdcə vəsaiti də bu minvalla yollara səpələnir, əldə olunan nəticə isə uzun illər boyu qüsursuz istifadə ediləcək yol standartlarına cavab vermir” - deyə Rüstəmov əlavə edib.
"Asfaltda xırda problem olan kimi deyirik ki..."
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-ın "yolların dağıması ilə bağlı hər hansı əməkdaş məsuliyyətə cəlb olunubmu" sualını aqressiya ilə qarşıladı. Bildirdi ki, “Azəryolservis” tərəfindən heç bir yol pis çəkilmir.
Onun sözlərinə görə, əsaslı təmir olunan yolların heç birində problem olmur: “Sadəcə, təmirlərarası müddət anlayışı var. Asfaltın aşınma qatı var. Müəyyən müddətdən bir asfaltda aşınmalar ola bilər. Hər 5-6 ildən bir yolun aşınmış hissəsi qaşınıb asfaltlanmalıdır. Yoxsa yolda asfaltda xırda problem olan kimi deyirik ki, yol dağıldı, yaxşı təmir olunmayıb. Elə deyil, yola qulluq olunmalıdır. Beton yol kimi tanınan Zığ yolu 30 il müddətinə hesablanıb. Bu, o deməkdir ki, həmin yolun çəkilişinə nə qədər vəsait xərclənibsə, həmin yola xərclənmiş vəsaitin otuzda biri qədər pul xərclənməlidir”.
P.Mürsəliyev qeyd etdi ki, Bakıda dağılan yolların əksəriyyəti sovet dövründə çəkilib: “Həmin yollar sovet dövründə köhnə normativlərlə tikilib. Həmin yollar cari təmir olunur. Artıq paytaxtda avtomobillərin hərəkət intensivliyi artıb. Yollar artıq bu şiddətə tab gətirə bilmir. İndi "Azəryolservis" həmin yolları təmir edir. Bizim tərəfimizdən əsaslı təmir olunan yollarda problem olmur. Heç Bülbül prospektində də baş vermiş çökmə bizim günah deyildi. Yolda sızma olmuşdu, 10 metr torpaq yatağı yuyulmuşdu. Bu məsələdə yol təsərrüfatı idarəsinin günahı yox idi. Aidiyyəti qurumlara sual verin ki, avtomobil yolları şəbəkəsinin nə qədər hissəsi yağış suları xətləri ilə təmin olunub?”