Nüfuzlu şirkət dörd hərflik sözün güdazına getdi
Azərbaycanda Amerikanın məşhur firmasının içkilərinin satışı qadağan edilir; Bakıdakı iri marketlərin vitrinlərindən “Coca-Cola”, “Fanta”, “Sprite” yığışdırılır, onların əvəzinə “Pepsi” məhsulları satılır; prosesin arxasında “NİDA”-nın olduğu iddia edilir
Paytaxtda fəaliyyət göstərən iri dükanlardan “Coca-Cola” firmasının içkiləri yığışdırılır. Bu barədə musavat.com-a paytaxt sakinləri məlumat veriblər. Bildirilir ki, “Coca-Cola”, “Fanta” və sair içkilər kütləvi şəkildə satışdan çıxarılıb: “Bir neçə marketdə axtardım, tapmadım. Alıcılar sadəcə bildirirlər ki, artıq dükanda bu məhsullar satılmır. Ancaq səbəb göstərmirlər”.
“Coca-Cola” firmasının məhsullarının əsasən iri marketlərdə - “Grand”, “Neptun” kimi ticarət obyektlərində satışına qadağa qoyulduğu deyilir.
Əməkdaşımız paytaxtdakı iri marketlərdən bir neçəsinə baş çəkib və vəziyyətlə maraqlanıb. Əməkdaşımız “Grand” marketlər şəbəkəsinə aid mağazaların vitrinində “Coca-Cola”-nın bir dənə də içkisini tapa bilməyib. Satıcılarla söhbətləşən əməkdaşımız bunun dəqiq səbəbini öyrənə bilməyib. Satıcılar bildiriblər ki, həmin içkilərin satışdan çıxarılması iki gün əvvəldən başlanıb. Həmin içkilərin yerinə isə vitrinlərə “Pepsi” içkiləri düzülüb.
“Bizim Market” mağazalar şəbəkəsində isə “Coca-Cola”-lar satışdan çıxarılmasa da, satıcı deyib ki, bu günə planlaşdırılır. Artıq həmin vitrinə “Pepsi” içkisi düzüləcəyini deyən satıcının sözlərinə görə, bu qərarın səbəbini bilmirlər. “Neptun” mağazalar şəbəkəsində də oxşar vəziyyətdir.
Qeyd edək ki, bir müddət əvvəl bir neçə ölkədə “Coca-Cola”-dan imtina barədə çağırışlar səslənmişdi. İsrailin Fələstində törətdiyi qətliamlara və bombardmanlara ən sərt etiraz edən ölkələrdən biri olan Türkiyədə keçirilən çeşidli etiraz aksiyalarından biri də məhz İsrail məhsullarının boykotu ilə bağlı idi. Nəticədə Türkiyədə bir çox marketlər İsrailə məxsus malları, o cümlədən “Coca-Cola” firmasının içkilərini satmaqdan imtina etmişdilər.
Türkiyədə sıravi vətəndaşlar da “Coca-Cola”, “Fanta”, “Sprite” içkilərini açıq şəkildə boykot ediblər. Hətta boykot kampaniyası bələdiyyələr səviyyəsinə qaldırılıb. Azərbaycanda isə indiyədək “Coca-Cola”-nı açıq boykota rast gəlinməsə də, sosial şəbəkələrdə bu məhsulları boykot çağırışı edilib.
Ancaq bildirilir ki, “Coca-Cola”-nın məhsullarının iri marketlər şəbəkəsindən çıxarılmasının bu kampaniya ilə heç bir əlaqəsi yoxdur. Redaksiyanı bilgiləndirən mənbə iddia edir ki, “Coca-Cola” ilə bağlı baş verənlər siyasi sanksiyadır.
Bu sanksiyanın mahiyyətinə keçməzdən öncə bir xatırlatmaya ehtiyac var.
Bir müddət əvvəl “Coca-Cola” şirkəti Azərbaycanda fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı PR kampaniyası başladıb. Həmin kampaniyanın şərtlərinə görə, firma öz məhsullarının üstünə insan adları, həmçinin müraciət formaları yazır. Bu kampaniya bir neçə aydır ki, davam edir. Kampaniya müştərilərdə maraq və rəğbət oyatmaq üçün aparılan xüsusi bir PR-dır. Amma bu “piar” “Coca-Cola” üçün xiyarı əyri bitirdi. Belə ki, kampaniyanın ən şiddətli dönəmində üstündə “NİDA” sözü yazılmış “Coca-Cola” içkisinin satışa çıxarıldığı haqda mətbuatda xəbər yayıldı. İlk vaxtlar bunun bir zarafat olduğu deyilsə də sonradan məsələ ciddiləşdi. “NİDA”lı “Coca-Cola” məhsullarının gerçək olduğu bilindi. Bu sözhbətlər ortaya çıxan vaxtlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Yeni Müsavat”a açıqlama verdi. O, “Coca-Cola” qabları üstündə adların yazılması ilə bağlı araşdırma apardıqlarını bildirmişdi. F.Talıblı N!DA Vətəndaş Hərəkatının qablar üzərində yazılmasına da münasibət bildirmişdi: “Bu haqda məlumatı mətbuatdan, sosial şəbəkələrdən əldə etmişik.
Ümumiyyətlə bu məsələləri öz səlahiyyətimiz çərçivəsində araşdırmışıq. Qüvvədə olan qanunvericiliyin tələblərinin hansı səviyyədə pozulması ilə bağlı da bəzi araşdırmalarımız olub". F.Talıblı “Yeni Müsavat”a onu da bildirmişdi ki, şirkət öz məhsullarının üzərində “NİDA” sözünün yazılmasını təkzib edib.
Amma necə deyərlər, ox yaydan çıxmışdı. Həmin vaxt bəzi media quruluşları Amerikaya bağlı “Coca-Cola” firmasının Azərbaycanda rəngli inqilabları təbliğ etdiyi haqda ortaya iddia atmışdı. Məlumata görə isə, şirkət istehsal etdiyi məhsulun üzərinə “NİDA” yazmaq qərarını hərəkat üzvləri tərəfindən edilən təklifdən sonra verib.
“NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər isə musavat.com-a açıqlamasında bildirdi ki, içkinin qabının üzərində “NİDA” sözünün yazılması təşkilatın təklifi və qərarı deyildi: “Bilmirəm, bu şirkətdə mexanizm necədir və hansısa sözü hansı şərtlərlə içkinin qabına yazırlar. Ancaq bizim təşkilatda bununla bağlı hər hansı müzakirə və qərar olmayıb. Bəlkə də bu, kiminsə şəxsi təşəbbüsü olub, amma mən bundan xəbərsizəm”.
İyun ayında şirkətin məhsullarının üzərinə “NİDA” sözünü yazması geniş müzakirələrə səbəb olandan sonra şirkət açıqlama verərək baş verənləri təkzib edib. Mətbuata açıqlamasında şirkət bildirib ki, “Coca-Cola” siyasətə heç vaxt qatılmayıb və onlarda bu adda məhsul istehsal edilməyib.
Bundan sonra isə bildirilirdi ki, ölkədə fəaliyyət göstərən bir neçə böyük marketlər şəbəkəsi “Coca-Cola” ilə əməkdaşlığa son qoyub və şirkətə məxsus məhsulları satmaqdan imtina edib. Şirkət isə həmin marketlər şəbəkələri ilə danışıqlara başlamaq məcburiyyətində qalıb. Məlumata görə, danışıqlar üçün şirkətin mərkəzi ofisinin nümayəndəsi də Azərbaycana gəlib.
“Coca-Cola" Azərbaijan" isə baş verənləri “qara piar” adlandıraraq vəziyyətdən çıxmağa çalışıb və bildirilib ki, bu cür xəbərlərin şirkətə rəqib olan digər istehsalçılar tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Hazırda isə görünən odur ki, şirkətin rəsmilərinin ölkədə apardıqları danışıqlar uğursuz olub və sanksiya ilə üzləşiblər.
Mövzunu diqqətdə saxlayacağıq.