“Siyasət həyatımın kiçik bir hissəsidir”Cəmil Həsənlidən ilginc təhlillər

29-08-2014, 10:09   
“Siyasət həyatımın kiçik bir hissəsidir”Cəmil Həsənli: “Ziyalının sayının çox olması mühüm deyil, onun sanbalı mühümdür”

Professor, Milli Şura sədri Cəmil Həsənli ilə müsahibənin növbəti, ikinci hissəsini təqdim edirik.
- Turançılığın və türkçülüyün vətəni Azərbaycandır. Bu ideyaların əsasları, bünövrəsi ölkəmizdə yaranıb. Bunun yaranma səbəbi isə xalqın nicatı üçün ideya axtarışı idi. İdeya axtarışında isə iki yoldan biri olmalı idi. Ya islamçılıq olmalı idi, ya da türkçülük. Məlum oldu ki, islamçılıq millətin xilasını öz üzərinə götürmək, milli yükü çəkmək iqtidarına malik deyil. Ona görə də millətçilik zəminində türkçülük və turançılıq ideyası ortaya çıxdı və bu, Rusiya müsəlmanlarının, dünya türklərinin birliyi baxımından çox mütərəqqi bir ideya idi. Təsəvvür edin ki, Əlimərdan bəy Topçubaşov Krım, Kazan, Hacı Tərxan (Həştərxan) Volqaboyu, Ural, ta Sibirdə Qarğalıya qədər bütün türk ellərini gəzmişdi. Yetirmələri xatırlayır ki, XX əsrin əvvəllərində rus məktəblərində oxuyan müsəlman uşaqlarına din dərsi deyən Axund Yusif Ziya Talibzadə dərsə Quran ayəsinin oxunması ilə başlayıb sonra keçirdi Azərbaycan tarixinə.

Çünki Azərbaycan tarixinin keçilməsi həmin vaxt məktəblərdə qadağan edilmişdi. Məhz Axund Yusif Ziya (O, Abdulla Şaiqin qardaşı idi) kimi şəxslərin fədakarlığı ilə Azərbaycan tarixi müzakirələrində gənclər millətçilik dərsi keçirdilər. Hacı Tərxanda miillətçi dərnəyi əslən Şamaxıdan olan, “Bürhani-Tərəqqi” qəzetinin naşiri Mustafa Lütfi əfəndi İsmayılov (Məhəmməd Hadinin qohumu) yaratmışdı. Nijni Novqorodun Makariya ticarət yarmarkasındakı millətçi dərnəyin də əsasını Bakıdan gedən tacirlər qoymuşdular.

Şimali Qazaxıstanda bu işləri Çingiz xanın vərəsələrindən olan Əli xan Bukeyxanov görürdü. Kazanda, Krımda, Volqaboyunda təəssübkeş bir dairə formalaşmışdı. Sizin dediyiniz türkçülük və turançılıq 100 il bundan əvvəl daha güclü idi, nəinki bu gün. 1908-ci ilin may ayının 2-də Baxçasarayda “Tərcüman” qəzetinin 25 illiyi qeyd ediləndə Krımdan və digər yerlərdən gələn 1000-dən çox qonağın iştirakı ilə keçirilən mərasimdə Baxçasaray imamı iki nəfərin canına, iki nəfərin də ruhuna dualar oxudu. Bunun 4-ü də Azərbaycandan idi. Mərasimində imam dedi: “Yazıları və xalq işlərində hizmətləri ilə məlum Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev əfəndilərin sağlıq və səlamətliyini Xudadan təmənna edirik, yaşasınlar.

Amin!” Həsən bəy Zərdabi və onunla eyni ildə dünyasını dəyişmiş şeyxülislam axund Əbdüssəlam Axundzadənin ruhuna da dualar oxundu. Hanı indi belə adamlar. Dediyiniz o türkçülüyü və türançılığı kim inkişaf etdirəcək. Hökumətin qoltuğuna qısılıb böyük ideyalara iddiaçı olmaq mümkünsüz bir işdir. 100 il əvvəl şeyxülislam və nüfuzlu din xadimləri türk müsəlman yurdlarına səfər edəndə İsmayıl Qaspralı kimi adamların məzarını ziyarət edirdi. Şeyximiz isə Şimalı Qafqaza səfərini Əhməd Qədirovun məzarını ziyarətdən başlayır. 1914-cü illə 2014-cü il arasındakı 100 ildə milli düşüncədə eniş, mənəvi bağlarda itirdiklərimiz təxminən bu qədərdir.

“Azərbaycan tənha müsəlman yurdu idi ki, orda çox nadir bir tarixi proses - ümmətdən millətə keçid prosesi baş verdi. Bu prosesin ideya müəllifi Zərdabi idi. Bunun bəzi konturlarını Mirzə Fətəli vermişdi. Amma ictimai ideyanı və siyasi hədəfləri Zərdabi göstərdi”

Azərbaycanın o vaxtkı halını göz önünə alıb öndə olan ziyalılar məzhəbçiliyə qarşı türkçülüyü, millətçiliyi qoydular. Azərbaycan tənha müsəlman yurdu idi ki, orda çox nadir bir tarixi proses - ümmətdən millətə keçid prosesi baş verdi. Bu prosesin ideya müəllifi Zərdabi idi. Bunun bəzi konturlarını Mirzə Fətəli vermişdi. Amma ictimai ideyanı və siyasi hədəfləri Zərdabi göstərdi. Həmin ərəfədə islam Çar idarə üsulunun bir həlqəsinə çevrilmişdi. O, xalqdan daha çox hakimiyyətə xidmət etməyə meylli idi. Ona görə də millətləşmə zəruri idi. Satirik şer ustadımız Mirzə Ələkbər Sabirin məzhəbçiliklə bağlı maraqlı bir sözü var. Deyirdi ki:

“Daüvvü üxuvvət olur ikən bizə Qur’an,
Əmr eylər ikən birliyə peyğəmbəri-zişan,
Tapmazsan iki müttəfiqi rəyi müsəlman
Qafqazda olan bir neçə milyon arasında!"

Zərdabinin ardıcılları olan istedadlı və mübariz gənclər Əlimərdan bəy, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, az sonra Rəsulzadə bu təhlükəni hiss edib çıxış yolunu millətləşmədə görürlər və bu yolu uğurla getdilər. Biz bəzən ziyalı anlayışını dəyərləndirəndə kəmiyyət məsələsinə diqqət yetiririk. Bu, tamamilə yanlış yanaşmadır. Ziyalının sayının çox olması mühüm deyil, onun sanbalı mühümdür.

- Təəssüf ki, yüzillər hesabına qazanılmış bu dəyər indiki zəmanədə yenidən təhdid altındadır. Yenidən məzhəbçilik, sünni, şiə, vəhhabi, sələfi kimi anlayışlar insanlar arasında aqressiv münasibətlərə, faciələrə yol açır.

- Bu, əslində nadanlığın ayaq açmasıdır. Milli inkişaf proqramının olmaması ölkəmizi gətirib bu həddə çıxardı. Hakimiyyət üçün, onun korrupsiya şəbəkəsi üçün təhlükə törətməyən bütün dini təmayüllər, qruplar Azərbaycanda yuva qurdu. XX əsrin əvvəllərində vətənpərvər gənclər Osmanlı tərəfində vuruşmaq üçün Balkan müharibələrinə gedirdilər, indi isə ərazisi işğal olunmuş, yurdu yağmalanmış bir ölkənin gəncləri döyüşmək üçün Suriyaya gedirlər. Bu, taleyin acı bir ironiyasıdır, milli düşüncədə yaranmış boşluqların təzahür formasıdır. Birinci Cümhuriyyətin bir yaşı tamam olanda Üzeyir bəy deyirdi ki, bu dövlətin yaranması üçün biz dəryalarca qan vermişik. Çağdaş dünyada biz hakim yox, məhkum millət olmuşuq, bizim dövlətimiz milli ideologiya zəminində vücuda gəlib. Bax bir məqamı misal gətirim. 1988-ci illərdə ay-ulduzlu, üç rəngli bayrağımız meydana gətiriləndə millət heç nə soruşmadan o bayrağın altına toplandı. Baxmayaraq ki, o bayraq 70 il təqib olunaraq, qadağan edilmişdi. Hətta görüntüsünü belə yaddaşlardan silməyə çalışmışdılar. Amma o bayrağın rəngləri genetik yaddaşa hopmuşdu, hilalın qoynuna sığınmış 8 guşəli ulduz üç rəngin qovşağında bərq vuranda millət o bayrağın kölgəsinə toplaşdı. Bir sıra xalqlar həmin illərdə özləri üçün milli atributlar yaratmağa başladılar, biz isə onları hazır formada aldıq.

“XX əsrin əvvəllərində vətənpərvər gənclər Osmanlı tərəfində vuruşmaq üçün Balkan müharibələrinə gedirdilər, indi isə ərazisi işğal olunmuş, yurdu yağmalanmış bir ölkənin gəncləri döyüşmək üçün Suriyaya gedirlər. Bu taleyin acı bir ironiyasıdır, milli düşüncədə yaranmış boşluqların təzahür formasıdır”

- Cəmil bəy, keçək siyasi fəaliyyətinizə. Rəhbərlik etdiyiniz Milli Şuranın yaxın aylardakı planları nədir?

- Azərbaycanda planla, proqnozla işləmək bir az çətindir. Çünki stabil proses, rahat, azad mühit yoxdur ki, nəyisə planlayıb ona uyğun işləyəsən. Məsələn, biz nəzərdə tutmamışdıq ki, QHT sektorundan bu qədər adam tutulacaq. İndi sən bunu hansı plana salmalısan? Bilirsiniz, Milli Şura ictimai əsaslarla fəaliyyət göstərən bir təşkilatdır. Bir il ərzində maraqlı yol keçib, yarandığı gündən hökumətin hədəfində olub. Bu gün də onu dağıtmaq üçün bütün vasitələrdən istifadə edirlər. Ayrı-ayrı üzvləri çəkindirməyə çalışırlar, süni həbslər, sifarişli istintaq, ədalətsiz məhkəmə hökmləri Milli Şuranı qarabaqara izləyir. Bax, Milli Şura belə bir ekstremal şəraitdə işləyir.


“Hökumətin qoltuğuna qısılıb böyük ideyalara iddiaçı olmaq mümkünsüz bir işdir. Əlimərdan bəy türk müsəlman yurdlarına səfər edəndə İsmayıl Qaspralı kimi adamların məzarını ziyarət edirdi. Şeyximiz isə Şimalı Qafqaza səfərini Əhməd Qədirovun məzarını ziyaərətdən başlayır”

Bu gün Azərbaycanda avtoritar bir idarə üsulu var. Hakimiyyət öz tənqidçilərini, ona biət etməyənləri qanunsuz üsullarla sıradan çıxarır, qorxudur, həbsə alır, İlqar Nəsibovun gününə salır. Bir başa, ünvanla İlham Əliyev rejimini tənqid edən çox az adam qalıb. Kimi onun ətrafını tənqid etməklə özünə bəraət qazandırır, kimisi vicdanının artıq xırıldayan səsini içində boğur, kimisi siyasi məhbus dalğasında müxalifət yapıncısını yenidən çiyninə atmaq istəyir, əvvəlki konstruktivlər uşaq konstruktoru kimi sökülüb abırsız vəziyyətə düşdüyündən, kimisi də onları əvəzləməyin “abırlı” yollarını axtarır. 9 oktyabrda bəlirlənmiş siyasi müstəvinin təftiş edilməsi məhz bu istiqamətdə gedir.

- O şəxsləri qınayırsınız? (Araya sakitlik düşür və cavab verir...)

- Yox, mən heç kəsi qınamıram, hər kəs öz taleyini yaşayır. Əslində xalq o qədər həssasdır ki, bütün baş verənləri izahsız da hiss edir. Hakimiyyət iddia edir ki, müxalifət getməlidir, yeni müxalifət yaranmalıdır. Çünki bizdə hakimiyyətin iştahası o qədər böyükdür ki, hakimiyyəti tutmaq bəs etmir, hakimiyyət olub öz müxalifətini də özü müəyyən etmək istəyir. İdarə olunan cəmiyyət yaratmaq iddiasına düşmək məhz bu zərurətdən yaranır. Ancaq hakimiyyətlərin çox imtiyazları olsa da, onların öz müxalifətlərini müəyyən etmək imtiyazı yoxdur. Əl müxalifətinin necə müzir bir vəziyyətə düşdüyünü xalq açıq-aydın gördü və onlar da təğyiri - libas oldular.

““Bizdə hakimiyyətin iştahası o qədər böyükdür ki, müxalifətini də özü müəyyən etmək istəyir”

- Hakimiyyət hüquq müdafiəçilərinin bir hissəsini həbs etdi, digərləri də neytrallaşmış vəziyyətdə qalıblar... Ölkədən gizlicə gedənlər də var. Yəni bu önəmli sektor darmadağın edilib. Bu itkinin yerini nə ilə doldurmaq olar?

- Əslində qeyri-hökumət sektorunun o dairəsi həbs olundu ki, onlar hakimiyyət tərəfindən idarə olunmurdular. İlham Əliyev Strasburqda çıxış edərkən demişdi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Amma birdən elə adamlar meydana çıxdı ki, onlar bir siyahı razılaşdırdılar və məlum oldu ki, həmin siyahıda 97 siyasi məhbus var. Kimdi bu adamlar? Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Emin Hüseynov və həmin siyahıya imza atan başqaları.

Deyirsiniz ki, meydan boş qaldı. Bununla razı deyiləm. Həbs olunan adamlar həbsdə belə, öz təmiz adı və nüfuzları ilə hakimiyyətə qulluq edən QHT nümayəndələrindən daha güclüdürlər. Leyla xanımın həbsdən yazdığı məktubları yəqin ki, oxuyursunuz. Bu xanım öz iradəsi və yetkinlik səviyyəsi, intellektual potensialı, vəziyyəti dəyərləndirmək qabiliyyəti ilə bütün cəmiyyətə nümunə verdi. Bir anlığa fikirləşək: İntiqam Əliyev niyə həbs olundu?

- Niyə?
Davamı var...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.