İri neft-qaz şirkətləri Bakıya yığışacaq

7-09-2014, 12:04   
İri neft-qaz şirkətləri Bakıya yığışacaqForum iki gün davam edəcək
Noyabrın 5-6-da “Fairmont Baku” mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə həsr olunan “NQNK forumu” keçiriləcək.

“İteca Caspian” şirkətindən bildiriblər ki, sayca ikinci olan forumun təşkilatçıları “Caspian Event Organisers”, “İteca Caspian” və “INBC Consulting” şirkətləridir.

Hazırda NQNK layihəsinin təşəbbüskarları EPC (layihələndirmə-satınalma-tikinti) adlanan ikinci mərhələyə, yeni layihənin bilavasitə həyata keçirilməsi mərhələsinə başlayırlar.

Forum həm dünya, həm də yerli miqyasda aparıcı şirkətlərə rəhbərlər və digər yüksək səviyyəli nümayəndələr səviyyəsində NQNK layihəsinin həyata keçirilməsi zamanı tətbiq etməyə hazır olduqları neft-qaz emalı və neft-kimya sahəsi üzrə təcrübə və texnologiyalarını, eləcə də digər resursları, habelə innovasiyalı həll variantlarını təqdim etmək üçün nadir şərait yaradacaq. Builki forumun məqsədi açar təhvili üzrə tikinti işlərinə, habelə neft-qaz emalı və neft-kimya zavodlarının tikintisi zamanı göstərilən xidmətlərə birbaşa cəlb olunacaq şirkətlərin ünsiyyəti və qarşılıqlı əlaqəsi üçün meydançanın təşkil edilməsidir. Forumda iştirak etmək üçün EPC (layihələndirmə-satınalma-tikinti) və digər işlər üzrə podratçılar, habelə mühəndis şirkətləri, lisenziyalar, neft-qaz emalı və neft-kimya avadanlıqlarının qlobal istehsalçı və təchizatçıları, logistika-tikinti şirkətləri, material və həll variantları üzrə təchizatçılar, texnologiya üzrə məsləhətçilər, maliyyə qurumları, hüququ və maliyyə ekspertləri və ətraf mühit üzrə məsləhətçilər dəvət olunurlar. Həmçinin forumda sponsor, məruzəçi və nümayəndə qismində, eləcə də stendin təşkili və forum kataloqunda reklam yerləşdirmək yolu ilə də iştirak etmək olar.

İki gün davam edəcək forumda “İrimiqyaslı neft-qaz emalı və neft-kimya layihələrinin EPC (layihələndirmə-təchizat-inşaat) mərhələləri”, “Emal üzrə texnoloji nailiyyətlər”, “Neft-qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “Neft-qaz emalı və neft-kimya layihələrinin maliyyə-iqtisadi və hüquqi xüsusiyyətləri”, “NQNK xammalı və məhsulları bazarlarının marketinq və logistika tendensiyaları” və “İrimiqyaslı layihələrdə yerli podratçıları təcrübəsi” mövzularında müzakirələr aparılacaq.

Rəsmi açılışının ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tərəfindən ediləcəyi tədbirdə beynəlxalq şirkətlərin rəhbərlərinin, eyni zamanda, nadir sahə texnologiyalarını, oxşar layihələr üzrə təcrübə və biliklərini təqdim edən müvafiq dövlət qurumlarının yüksək səviyyəli təmsilçilərinin iştirakı gözlənilir.

Bu günədək forumda öz iştirakını təsdiq etmiş şirkətlərin siyahısında “SOCAR Turkey Energy A,Ş”, “Alstom”, “Azmeco”, “Borusan Makina”, “METAG İnşaat”, “Hoerbiger”, “İneos”, “MANRO”, “İtochu”, “Petrofac”, “Total”, “STAR Rafinery A,Ş”, “Tecnimont”, “Yamata İnşaat” və digər şirkətlər vardır.

Forum həm xarici, həm də yerli şirkətlər üçün layihənin inkişafı barədə dəqiq və ətraflı məlumat almaq, bazarın əsas iştirakçılarının təcrübəsi ilə tanış olmaq və NQNK layihəsi üzrə müxtəlif tenderlərdə iştirak edəcək şirkətlərlə birbaşa əməkdaşlığı müzakirə etmək baxımından fürsət olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.