Ukrayna Ortodoks Kilsəsi Putini qardaşını öldürən Qabilə bənzətdi
“Reuters”- agentliyinin xəbərində deyilir ki, Ukrayna Ortodoks Kilsəsinin patriarxı Filaret (Mixaylo Antonoviç Denisenko) Rusiya prezidentini şeytana uyub Ukraynada müharibə törətməkdə suçlayıb. O, bildirib ki, Vladimir Putin bu yoldan dönməsə əbədi lənətlənmişlər sırasına düşəcək.
Agentlik xatırladır ki, 1992-ci ildə o zamana qədər Moskvadan idarə oluna Ukrayna Ortodoks Kilsəsi öz müstəqilliyini elan etdi. Patriarxı Filaret 1995-ci ildən “ Kiyev və bütün Rusiya-Ukrayna patriarxı” titulunun daşıyıcısı kimi Ukrayna Ortodoks Kilsəsinə rəhbərlik edir. Elə o vaxtdan da Ukrayna Ortodoks Kisləsi ilə Rusiya Ortodoks Kilsəsi arasında münasibətlər düşmənçilk həddindədir. Bir qayda olaraq, Ukrayna Ortodoks Kilsəsi Ukraynanın müstəqilliyinin müdafiəçisi kimi çıxış edir. İndi də Ukraynanın şərqində at oynadan separtçıların əleyhinə bəyanatlar verir. Rusiya Ortodoks Kilsəsi isə Vladimir Putinin istənilən addımını tərifləməklə məşğuldur.
Patriarx Filaret islamda da yaxşı bilinən Qabil-Habil qardaşları arasında baş vermiş faciədən söhbət açıb və Putini qardaş qanı tökməkdə suçlayıb.
“Putin özünü Ukrayna xalqının qardaşı adlandırır, əslində isə o bizim xalqla Qabil Habillə davranan kimi davranır. Bizim qardaşlığı qan içində boğur və dünyanı yalanları ilə aldatmaq istəyir”, patriarx Filaret deyib.
Müqəddəs Ata bütün ortodoks xristanları Putin üçün dua etməyə çağırıb. Bildirib ki, o, haqq yoluna dönməsə əbədi lənətlənmişlərdən biri kimi yeri cəhənnəm olacaq. /musavat.com