Həsən Ruhani: “Gəncləri inandırmaqdan başqa bir yolumuz yoxdur”
İranda hicab qadağası və internet filtirləmələrinə qarşı çıxan İran prezidenti Həsən Ruhani növbəti dəfə məcburi qadağalara qarşı olduğunu bəyan edib. İran prezidentinin rəsmi saytının məlumatına görə, Məşhəd şəhərində yerli fəallarla görüşdə etdiyi çıxışında Ruhani biri sıra məsələlərə, o cümlədən dini qadağalar, korrupsiyaya qarşı mübarizə məsələlərinə toxunub. “İctimai dəyərlər və baş örtüyünün əsgər və polis vasitəsilə təmin oluna bilmədiyini bu günə qədər təcrübədən keçirdik. Bu sahədə əsgər və polisin yerinə alimlərimiz, ziyalılarımız və universitet müəllimləri olmalıdır. Biz necə bir təbliğat və təşviqat metodundan istifadə edirik, əsgər və polisləmi? Bu işin başqa bir yolu yoxdurmu?”, – deyə İran prezidenti bildirib.
İran prezidenti qeyd edib ki, elə şeylər var ki, onları zorla etmək olmaz. İslamın yaxşılığa dəvət, pislikdən çəkindirmək (“əmr bil məruf və nəhy ənil munkər”) prinsipinə əsasən ictimai əxlaqi qaydalar ilk növbədə təbliğ yolu ilə xalqa çatdırılmalıdır. Yalnız bundan sonra qadağa və qanunların tətbiq oluna biləcəyini qeyd edən H. Ruhani : “Allaha and olsun ki, bu gün yaşadığımız dünyada gəncləri inandırmaqdan başqa bir yolumuz yoxdur. Zorla olmur. Onu bağlatmaqla, bunu qadağan etməklə bir nəticə əldə etmək mümkün deyil. Divar çəkmək və filtrləməklə işin həll olunacağına zənn edirsiniz. Siz filtr tətbiq edirsiniz, onlar isə filtr qırma proqramı düzəldirlər. Bu problemlər qadağalarla həll olunmaz, əgər həll olunsaydı, bu günə qədər həllini tapardı”, – deyə bildirib.
Bundan başqa korrupsiyaya qarşı mübarizəyə toxunan Həsən Ruhani bildirib ki, korrupsiyaya qarşı mübarizə və ölkənin inkişafı ilə bağlı fəaliyyətində heç bir şəxs və qurumdan qorxmadan fəaliyyətini davam etdirəcək. Ruhani bildirib ki, “dövlət korrupsiyaya qarşı mübarizədə texnologiyanın bütün imkanlarından istifadə etməlidir”.
Kənan Rövşənoğlu